Bakıda məşhur bazar sahibinin müəmmalı ölümü: Mərhum iş adamını Ziya Məmmədovla nə bağlayırdı?

“Əcəlinin öz əliylə olacağını ağlıma belə gətirmirdim. Son vaxtlar özünə qapanırdı. Tək-tənha qalmağa üstünlük verirdi. Danışıb-gülsə də sıxıntı çəkdiyi bəlli idi. Hər zamanki halı deyildi. Amma hər bir ailədə olan sıxıntılar olduğundan bu səbəbdən darıxır deyə düşünürdüm. Ağlıma sığmır etdiyi...”
 

Bu sözləri iki gün əvvəl yaşadığı evdə özünü asan iş adamı Qulu Quliyevin həyat yoldaşı Cebhe.info-ya deyir. Nə baş verdiyini anlaya bilmir. Gah susur, gah da dilə gəlir... Amma dəhşətli olayı həzm edə bilmir. İçin-için ağlayır. Sakitləşə və təsəlli tapmağa gücü də qalmayib. Cavabsız qalan beynini yormaqdan təngə gəlir, düşünür, nəticəyə vara bilmir. Yuxudaymış kimi bir qədər sakitləşir, sonra canından bir parça qopduğunun fərqinə varıb ağlamağa davam edir. Qəhər onu boğur, səsi çıxmır və nəfəs almağa çətinlik çəkir...

Söhbət iki gün əvvəl yaşadığı evdə intihar edən Hövsan qəsəbə sakini, 1962-ci il təvəllüdlü Quliyev Qulu Mirzə oğlundan gedir. Məlumata görə, səhərə yaxın həyətindəki yardımçı tikilidə həyatına son qoyub. Səssizlikdən istifadə edib, yaxınları şirin yuxudaykən özünü asıb. Kimlərəsə ata, kimlərəsə baba, kiməsə qardaş, kiməsə isə həyat yoldaşı idi. Allahın əcəlindən imtina etdi, özü öz qatilinə çevrildi. Amma niyə? Bəlli deyil...

Qulu Quliyev qəsəbədə xeyirxah, hər kəsə əl tutan, illərdir ki, sakitcə öz biznes fəaliyyəti ilə məşğul olan bir insan kimi tanınıb. İki oğlu, bir qızı var. Övladlarının hamısı ailə həyatı qurub, nəvə sahibidir.
Qəsəbənin ilk ticarət obyektini o qurub, genişləndirib. “Şüşəli bazar” adı ilə məşhurlaşan obyektin sahibi olmaqla yanaşı, həm də dolandırdığı xeyli işçiləri var idi. Kifayət qədər hörməti, hər kəslə rahat ünsiyyəti olub. Amma son ilər ticarət fəaliyyətində bir qədər gərginliklərlə üzləşib. Deyilənlərə görə fəaliyyətində əldə etdiyi uğurlarına kölgə salanlar iş adamının irəli getməsinə mane olublar. Biznesinin kiçildiyini görən iş adamı yavaş-yavaş müflisləşməyə başlayıb.
Əvvəlcə bir hissəsini, bir neçə ay əvvəl isə bazarı bütünlüklə satıb. Əlində olan son gəlir mənbəyi əlindən çıxıb. Vaxtilə biznes sahəsində əli “pulla oynayan”iş adamı müflisləşdiyini həzm edə bilməyib. Bu səbəbdən də canına qıyıb. Hər halda bunlar qəsəbə içində eşitdiklərimizdir. Digər versiyalara görə kiməsə 170 min manat borcu olub. Borcu ödəməkdə çətinlik çəkdiyindən özünə qəsd edib. Amma yaxınlarının dediyinə görə son vaxtlar obyektini satdığı üçün pul korluğu çəkirmiş. Birdən-birə bu duruma gələn iş adamı heç vaxt maddi çətinlik görmədiyi üçün sıxıntı çəkib. Buna baxmayaraq, borcunu tamamilə ödəyə bilib. Heç kimə borclu qalmayıb. O zaman hansı səbəbdən intihar etdiyi sual doğurur...

Üç mərasimidir. Yas məclisinə xeyli adam gəlib. Yaşadığı küçə maşın və insan izdihamına bürünüb. Sanki bütün Bakı onun yasına gəlib. Hər kəsin beynində “görən niyə intihar etdi” sualı var. Əlbəttə ki, bizi də bu səbəb maraqlandırır. Bəlli yaşda, ağılda olan və insanlığı ilə qəsəbədə ad qazanan bu şəxsin öz canına niyə qıydığı hər kəsi təccübləndirib. Onun bu cür həyatdan gedəcəyini ağlımıza belə gətirmirdik. Həyat yoldaşının dediyinə görə son günlər xəstə kimi gəzirmiş. Özündə deyilmiş, tez-tez özünə qapanırmış: “Səhər tezdən oyanıb hamama girib, yuyunub çıxıb. Mən də oyaq idim. Dedi ki, get yat, mənim yuxum yoxdu...
Səhər açılmamışdı hələ gedib yatdım. Oyanandan sonra iş-işdən keçmişdi. Ölməli insan deyildi. Niyə belə etdi?”

İş adamının özünə qəsd etməsinin səbəbi hələlik rəsmən açıqlanmayıb. Amma mərhum iş adamının ticarət obyektinin sabiq nazir Ziya Məmmədovun biznes şəbəkəsi ilə bağlılığı üzə çıxıb. İş adamının biznesinin sabiq nazirin tərəfdarları və yaxınları tərəfindən çökdürüldüyü ehtimal olunur.

Alçina Amilqızı
Cebhe.info

 

11:39