Bakıda FED-in qərarını narahatlıqla gözləyirlər- Bahalaşma daha da güclənəcək

 

Vahid Əhmədov: “İqtisadiyyat Nazirliyinin xüsusi departamenti bu işlə ciddi məşğul olmalıdır”

Əkrəm Həsənov: “Ola bilər ki, Mərkəzi Bank buna imkan verməsin”

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracaq.FES-in rəhbəri Canet Yellen çıxışında bildirib ki, çox güman martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq.Hazırda valyuta bazarında nisbətən sabitlik var. Adətən, bayramqabağı bir çox ərzaq məhsullarında bahalaşma olsa da, sonradan əhali ya bu qiymətlə razılaşır, ya da ki, qiymətlər stabilləşir.Görünən odur ki, mart ayında bu ənənə əksinə olacaq.FES-in uçot dərəcəsini artırması, üstəgəl, bayram bahalaşması vəziyyətin daha da ağırlaşmasına səbəb olacaq.

Gedən bütün proseslər fonunda martda iqtisadi fəallıq necə olacaq?

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, uçot dərəcəsi artırılsa, digər ölkə valyutalarında olduğu kimi, Azərbaycan milli valyutasına da təsir edər: “Amma çox güclü təsir gözləmirəm. Çünki hazırda Azərbaycan manatının müəyyən qədər stabil saxlanılması, maliyyə bazarında olan pul qıtlığı ilə əlaqədardır. Çünki ötən ayla müqayisə edəndə görürük ki, faktiki olaraq dövriyyədə manat kəskin azalıb.Bu, müəyyən qədər həm inflyasiyanın qarşısını alır, həm də manatın məzənnəsinə təsir etmir.Amma iqtisadi aktivlik bu cəhətdən çox ciddi azalır və gələcəkdə də problemlər yaradır”.

Qiymət artımına gəlincə, deputat artıq artımının olduğunu vurğulayıb: “Novruz bayramı ərəfəsində həmişə ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Xüsusən də bu artım özünü ət və ət məhsullarının qiymətlərində göstərir.Bayramqabağı qiymətlər həmişə yüksək olur, sonra düşmür. İqtisadiyyat Nazirliyinin xüsusi departamenti bu işlə ciddi məşğul olmalıdır ki, subyektiv qiymətlər olmasın.Yaxın vaxtlarda manatın məzənnəsinin ciddi artımını gözləmirəm. Amma müəyyən müddətdən sonra bu proses baş verə bilər”.

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, Azərbaycanda, adətən, mart ayında xərclər artır: “Nisbətən gəlirli olan insanlar ölkədən xaricə gedir. Buna görə də xarici valyutaya tələbat artır.Digər tərəfdən Novruz bayramının qeyd edilməsilə əlaqədar bir sıra ərzaq məhsullarının qiyməti artır.Obyektiv meyarlara görə, dollara tələbat artmalıdır.Həmçinin uçot dərəcəsinin artması, bütün dünyada dolların dəyərinin bir qayda olaraq artmasına aparır.Amma bilirik ki, Azərbaycanda dolların məzənnəsi heç vaxt bazar iqtisadiyyatı prinsiplərinə uyğun müəyyənləşdirilmir.Dolların bahalaşması ehtimalı çox yüksək olsa da, istisna deyil ki, Mərkəzi Bank buna mart ayında imkan verməsin.Çünki biz onu da görürük ki, Mərkəzi Bank pul kütləsini kəskin azaldıb.Yəni, dövriyyədə milli valyuta çatışmır.Hətta dövlət orqanları var ki, aylarla əməkdaşlarına əməkhaqqı vermir. Bunun da səbəbi odur ki, ölkədə pul çatışmır.Buna görə ehtimal yüksək olsa da, istisna etmirəm ki, bu, mart ayında baş verməyə də bilər.Amma hər bir halda hamı bilməlidir ki, mart ayı ərzində 1 dollar 2 manatı keçəcək.Ola bilər ki, buna martda imkan verməsinlər, amma bu ehtimal böyükdür”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:46