Bakıda cüdo və paracüdo üzrə Qran-Pri keçiriləcək

Bakıda 13-14 may tarixində paracüdo üzrə Qran Pri yarışı keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, artıq Milli Paralimpiya Komitəsi bu yöndə iclas keçirib, yarışın loqosu da təsdiqlənib. Bu, “Ruhun Zəfəri” şüarıdır.

Yarışın on nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov seçilib.

Bu turnirdə iştirak etmək üçün ilkin olaraq 43 ölkə müraciət edib. İdmançıların ölkəmizə gəlişinin 9-10 may tarixlərinə nəzərdə tutulub. 10-12 may tarixlərində görmə qabiliyyəti zəif olan paracüdoçular tibbi təsnifatdan keçəcəklər. Yarış Heydər Əliyev adına İdman və Konsert Kompleksində baş tutacaq.

Oğlanlar yeddi, qız idmançılar isə altı kateqoriya çəki dərəcəsi üzrə mübarizə aparacaqlar. Azərbaycanın hər çəkidə iki idmançı ilə mübarizə aparması planlaşdırılır. Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov bu barədə saytımıza açıqlamasında bunları bildirib: 

“Bu yarışın əhəmiyyəti ondan ibarətdir ki, 2020-ci ildə keçiriləcək Tokio Paralimpiya Oyunlarına lisenziya xalı veriləcək. Bu yarışlara hazırlıqlar artıq start götürüb. Yarış ərəfəsində müxtəlif mədəni-kütləvi tədbirlər keçiriləcək. Ora bütün əlilliyi olan insanlar cəlb olunacaq. Bu tədbirlərin icrasında əlilliyi olan insanların özləri iştirak edəcək. Əlilliyi olan insanların əl işlərindən otellərdə və idman arenasında sərgilər keçiriləcək, satış yarmarkaları təşkil olunacaq.

Bu yarış IBSA (Beynəlxalq Görmə Qabiliyyəti Qüsurlu İdmanlar Federasiyası) və Beynəlxalq Cüdo Federasiyası ilə birgə keçirildiyindən, Milli Paralimpiya Komitəsi bu yarışı Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edəcək. Bu yarışdan əvvəl cüdo üzrə Qran Pri yarışı baş tutacaq. Həmin yarış 10-12 may tarixlərində keçiriləcək.

Cüdo üzrə Qran Pri başa çatdıqdan sonra biz Azərbaycan Cüdo Federasiyasının təcrübəsindən, avadanlıqlarından və mütəxəssislərindən istifadə edəcəyik. Son on ildə paraidman növləri üzrə heç bir yarış keçirilməyib. Ona görə də ictimaiyyətdən xahiş edirik ki, maksimum olaraq İlham Zəkiyev və onun komanda yoldaşlarını doğma arenamızda dəstəkləyək və onların uğurlarına birgə sevinək”.

Oxu.Az

14:49