Bakı-Sumqayıt yolundakı qəzada həlak olan tələbələrin dəfnpulu da verilmir

 

Keçmiş deputat Nazim Bəydəmirli: “Dəfnpulları” mənimsənir”

Deputat Musa Quliyev: “Qanun nəzərdə tutmur”

Hüquqşünas Namizəd Səfərov: “O itkiyə görə 1 milyon manat versələr də, azdır”

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada dünyasını dəyişən Lalə Nəsibzadənin atası Yaşar Ələsgərov Hurriyyet.org-a belə bir müraciət göndərib. Müraciəti olduğu kimi təqdim edirik: “Mən Ələsgərov Yaşar Nəsib oğlu. Ali təhsilli mühəndis. II qrup (səhhətimlə bağlı) əlil. Hazırda hərbi qulluqda olan əsgər atası.

 9 mart 2017 tarixində Bakı-Sumqayıt yolunda mikroavtobusda qəzaya uğrayan, 11 mart 2017 tarixində dünyasını dəyişən Nəsibzadə Lalənin atası...

Sosial təminat şöbəsinin rəsmisi dedi: Çox gələn olub, amma indiyədək dəfnpulu alan olmayıb

Eşitdim ki, dünyasını dəyişən hər bir Azərbaycan vətəndaşına (onun yaxınlarına) dövlət tərəfindən "dəfn pulu" deyilən bir müavinət ödənilir. Bu məqsədlə Nərimanov Rayon Bələdiyyəsinə müraciət etdim. Oradan məni Nərimanov Rayon Sosial Təminat Şöbəsinə yönəltdilər. Sosial Təminat Şöbəsində isə mənə dedilər ki, "dəfn pulu" işləyən və təqaüddə olan şəxslər üçün ödənilir. Üz tutdum Nərimanov Rayon İcra Hakimiyyətinə. Orada qapıda durub gələn şəxsləri aidiyyatı olan nümayəndələrin qəbuluna yönəldən şəxsə müraciət edib, fikrimi bildirdim və bu işlə əlaqədar kimə müraciət edə biləcəyimi ondan soruşdum. Həmin şəxs mənə bildirdi ki, belə bir qanun yoxdur. Qeyd etdi ki, mən 11 ildir burada işləyirəm. Belə məsələ üçün indiyə qədər çox gəlib-gedən adamlar görmüşəm. Ancaq heç biri bu ödənişi ala bilməyib. Mənim tərəddüdümü görən həmin şəxs "deyəsən, mənə inanmırsız" deyib, hansısa bir şöbə rəisinə daxili telefon vasitəsi ilə zəng etdi. Şöbə rəisi də onun dediklərini təsdiq edib, mənə xüsusu ərizə ilə icra başçısından yardım istəməyimi təklif etdi.....

 

Mən isə “belə bir ərizə yazmaram” deyib oradan uzaqlaşdım.

İndi mən bilmək istəyirəm. Doğrudan qanunlarımızda belə bir şey varmı? Doğrudan da dövlətimiz öz vətəndaşlarına belə münasibətdədirmi? Məgər təqaüdə çıxmadan dünyasını dəyişən insan övladı dəfn olunmurmu? Mənim bir övladım vətənin keşiyindədir, digər övladım elm yolunda gedərkən həyatını itirib. Elm yolunda həyatını itirənlər də ŞƏHİD sayılır. Dövlətimiz öz ŞƏHİDlərinə beləmi münasibət göstərir?

Mən yardım istəmirəm, qanunlardan tələb edirəm

Məni düzgün başa düşmənizi xahiş edirəm. Mən hansısa bir şəxsdən yardım-filan istəmirəm. Sadəcə, qanun tələb edirəm. Əgər həqiqətən bu deyilənlər tam qanuna uyğundursa, qanunda belə boşluq varsa, o zaman biz bu millət vəkillərini nə üçün seçmişik?!”

Əndrabadi əsasnamə: Yalnız pensiyaya çıxanlar və sosial sığortası olanlar ölə bilər?

 

Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nümrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işsizlərə işəgötürənlərin vəsaiti hesabına ödənilən müavinətin hesablanması haqqında Əsasnamə”yə görə, dəfn pulu yalnız pensiyaya çıxmış və sosial sığortası olan şəxslərin ailələrinə ödənilir.

Nazim Bəydəmirli: “Bütün dünyada da, Azərbaycanda da dəfnpulu var”

Keçmiş deputat saat biznesindən yazdı – “Gömrükdə 1 saat 3.90 manata qeyd olunursa...” Keçmiş millət vəkili Nazim Bəydəmirli isə bildirir ki, yuxarıda adıçəkilən əsasnamə qüvvədən düşüb. Bütün dövlətlərdə dəfnpulu var və Azərbaycanda da bu istisna deyil: “Bütün dünyada bu praktika var, Azərbaycanda da bu praktika “Yaşayış minimumu haqqında” qanunla tənzimlənir. Qanuna dəfnpulu ilə bağlı əlavə maddə salınıb. Dəfnpulu birbaşa dövlət büdcəsindən ayrılan vəsaitdir, bildiyim qədər yaşayış minimumunun 3 misli qədərdir. Əgər Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin bunu ödəmək imkanı yoxdursa, yerli bələdiyyələr tərəfindən ödənməlidir”.

Qeyd edək ki, 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

 

Bu pullar mənimsənir...

 

Nazim Bəydəmirlinin sözlərinə görə, əslində dünyasını dəyişən şəxslərin qohumları müraciət etmədiklərinə görə, bu vəsait mənimsənir: “Müraciət eləyənlər olmur, bu pullar ayrılır və mənimsənir. İqtisadi vəziyyət pisləşdikcə belə müraciətlər ola bilsin ki, daha da artar”. Onun fikrincə, yerli bələdiyyələrə müraciət edən vətəndaşların müraciətlərinə baxılmırsa, vətəndaş Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş üzrə müvafiq sektoruna müraciət eləməlidir: “Vətəndaşın müraciətinə yerli bələdiyyənin imtina eləməsi qanun pozuntusudur”.

 

Qanunun aciz qaldığı məsələyə deputat “yardım əli”ni uzada bilərmi?

Millət vəkili Musa Quliyevin bildirdiyinə görə, müvafiq qanunvericilikdə rəsmi qaydada “dəfnpulu” deyilən bir ödəmə nəzərdə tutulmayıb: “Ümumiyyətlə, rəsmi qaydada “dəfnpulu” yoxdur. Qanunda belə bir məsələ nəzərdə tutulmayıb. Kimin sahibi yoxdursa, kim imkansızdırsa, onu rəsmi qaydada müvafiq icra hakimiyyəti orqanı, polis aparıb dəfn eləyir, amma 3, 7, 40 yas mərasimi qanunla necə tənzimlənə bilər? Ümumiyyətlə isə, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin yerli şöbələri yalnız pensiyaçılar dünyasını dəyişdikdə belə bir ödəniş eləyir”.

Qanunun aciz qaldığı məsələyə deputat öz yardım əlini uzada biləcəyini də vurğuladı. Dedi ki, rəsmi qaydada dəstək ola bilməsə də, zəng eləyib maraqlanar: “Əslində onlara Sumqayıt Dövlət Universiteti dəstək göstərməliydi. İcra hakimiyyəti, bələdiyyə dəstək göstərə bilərdi. Belə bir faciə baş verib, bir insan olaraq xahiş eləyə bilərəm, ata bələdiyyəyə bir də müraciət eləsin, güman edirəm, kömək göstərilər”.

“Məzar yerləri və məzarlıqlar haqqında” təsdiqlənməmiş qərar

Qeyd edək ki, Dilni Qurumlarla İş Üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsi təqdim edib. Həmin layihədə dəfn xərclərinin dəfn üçün müavinətdən artıq olmaması təklif olunub. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə Hurriyyet.org-a bildirdi ki, belə bir qərar hələ rəsmi təsdiqini tapmayıb.
 

O valideynlərin itkisinə 1 milyon manat ödənsə də, azdır

 

Hüquqşünas Namizəd Səfərov məsələyə vətəndaş mövqeyindən yanaşdı: “Dövlət o qədər imkansızlaşıb ki, o dünyadan, bu dünyadan nəyə imkanımız çatırsa, vəsait toplayıb, pul yığıb boşalmış büdcəsini bərkitməliyik. Gərək o ata heç kasıblamış dövlətə müraciət eləməyəydi. Əslində isə o valideynlərə dövlət bu itkinin qarşılığında 1 milyon manat dəyərində pul ödəsə də, azdır”.

Sevil
Hurriyyet.org

 

06:09