Bakı Musiqi Akademiyasında bir sıra elmi nəşrlərin təqdimatı olub

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) akademiyanın nəzdində olan orta ixtisas musiqi məktəb-studiyasının yeni çap olunmuş nəşrlərinin təqdimatı keçirilib.

Yeni nəşrlər məktəb-studiyanın rəhbəri, professor Tərlan Seyidov başda olmaqla yaradıcı kollektiv tərəfindən ərsəyə gətirilib. Vurğulanıb ki, sərgilənən kitablar sırasında məktəb-studiyanın indiyədək çap etdiyi 29 kitabı (dərslik, dərs vəsaiti və metodik tövsiyələr) yer alıb.
Məktəb-studiyanın müəllimi Elmira Mustafayeva bildirib ki, İ.S.Baxın 2 cildlik “Yaxşı temperasiya edilmiş klavir”ində xüsusi qeydləri və terminləri tərcümə və redaktə olunub. Eyni zamanda, bu vəsaitə Y.Milşteynin klavirə aid şərhləri də tərcümə olunaraq daxil edilib. Bundan başqa, keçən əsrin ortalarında Bakı Musiqi Akademiyasında İvetta Plyamm və Yevgeniya Perevertaylonun hələ Ü.Hacıbəylinin sağlığı dövründə onun razılığı ilə “Koroğlu” operasından uvertüranın 2 royal üçün işlənmiş əlyazması professor Tərlan Seyidov tərəfindən yenidən bərpa olunaraq çap edilib. Bununla yanaşı, məktəb-studiyanın kollektivi S.Hacıbəyovun əlyazmalar əsasında 90-cı illərdə səhnələşdirdiyi “İsgəndər və Çoban” uşaq operasını da klavir şəklində redaktə edərək nəşr etdirib. Həmçinin keçən illərdə Qara Qarayev və Cahangir Qarayevin bir neçə əsəri bərpa edilərək çap olunub.

Qeyd edək ki, Cahangir Qarayevin əlyazması əsasında “12 Kamerton” adlı məcmuəsi ilk dəfə işıq üzü görüb. Bununla yanaşı, nəşrlər içində Tərlan Seyidovun fundamental elmi əsəri olan “XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı” adlı monoqrafiyası da yer alıb.

Göründüyü kimi, bütün bunlar sadə bir elmi iş deyil, böyük bir tədqiqat universitetinin miqyasında görülə biləcək işlər sırasındadır. Təqdimatı keçirilən nəşrlərin elmi redaktorları professorlar Fərhad Bədəlbəyli və Tərlan Seyidovdur. Sonra məktəb-studiyanın müəllim və şagirdləri yeni nəşr olunan əsərlərdən seçmə musiqi nümunələrini dinləyicilərə təqdim ediblər. Kitablardan bir neçə nüsxə məktəbin kollektivi tərəfindən Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunub.

Xudaferin.eu

09:13