Bakı-Gəncə-Bakı reysi niyə bağlandı?

Akif Nəsirli: “Tələbat yoxdursa, aeroport tikmək kimə lazımdır”

Azərbaycan üçün regionlarda aeroportlar əhəmiyyətli ola bilərmi? Təbii ki, ilk baxışdan bu çox cəlbedici görünür. Lakin ərazi və əhali sayı, o cümlədən, sosial-iqtisadi durum vətəndaşlarımızı bir regiondan digərinə gedərkən ölkədaxili təyyarə reyslərinin baha qiyməti səbəbindən maraqsız gəlir və sonucda bu da cəlbedici reysləri və aeroportları istifadəsiz qoyur. Belə ki, qiymətlər baha olduğundan əhali ölkədaxili uçuşlardan imtina edir və bu da aeroportların istifadəsiz qalmasına səbəb olur. Nəticədə rentabellik aşağı düşür. İndiki kimi böhran vəziyyətində hökumət məcburiyyət qarşısında ölkədaxili təyyarə reyslərini ləğv edir. Ona görə də “Strateji Yol Xəritəsi” də yenidən regionlarda yeni aeroportların tikilməsi ekspertlər tərəfindən də birmənalı qəbul edilməyir. Bununla bağlı “Cümhuriyət” qəzetinin ötən saylarında da dərc olunan yazıda bir sıra məqamlara toxunulub.  Yazıda qeyd olunan əsas məsələ isə hal-hazırda bəzi regionlarda olan aeroportların işlək vəziyyətdə olmamasıdır. Qeyd edək ki, aeroportların inşası üçün milyonlarla vəsait ayrılır. Təkcə Lənkəranda inşa olunan aeroport üçün dövlət büdcəsindən 56 milyon dollar vəsait ayrılmışdı. Ancaq həmin hava limanında (bəzi xarici reyslər istisna olunmaqla) bu gün demək olar ki, heç bir daxili uçuş həyata keçirilmir. O cümlədən, Zaqatala aeroportunda vəziyyət eynidir. Regionlara olan aeroportların hamısından (Naxçıvan istisnadır) Bakıya və ya digər regionlarımıza uçuşlar ləğv olunub. Bu günlərdə isə Bakı-Gəncə- Bakı aviareysləri üzrə uçuşlar ləğv edilib. Səbəb isə kommersiya ilə bağlı uçuşların səmərəli olmamasıdır.  Daxili uçuşların rentabelli olmaması yeni hava limanlarının tikilməsi ideyasını da kölgədə qoyur. Azərbaycan kiçik  ölkədir və avtomobillə istənilən yerə getmək mümkündür. Digər tərəfdən də uçuş qiymətləri həddindən artıq yüksəkdir və sərnişinlər də buna maraq göstərmir.
İqtisadçı-ekspert Akif Nəsirli deyir ki, Azərbaycanda büdcədə nəzərdə tutulan dövlət xərclərində heç vaxt səmərəlilik nəzərə alınmır. Bunun da əsas səbəbi ondan ibarətdir ki, layihələri icra edən qurumların, məmurların marağı tamamilə fərqlidir: “Dövlətin ayırdığı pulları xərcləyənlərin marağı layihənin icrasının uğurlu olması deyil. Layihələrin icrasında əsasən korporativ, şəxsi maraqlar önə çıxır. Bu il də nəzərdə tutulan layihələrin səmərəliyi parlamentdə müzakirə olunmadı. Parlamentə təqdim olunur ki, investisya xərcləri bu qədər olacaq, deputatlar da ona səs verir. Amma əslində belə olmalı deyil. Dövlət İnvestisya Fondunun vəsaitləri hansı layihələrə xərclənəcəksə onlar bir-bir müzakirə olunmalıdı. Millət vəkilləri həmin layihələri saf-çürük etməlidir. Qərarlar isə ictimai müzakirələrdən sonra verilməlidir. Deputat ictimaiyyətdən məlumat almalıdır ki, hansı ərazilərdə hansı layihənin icrasına ehtiyac var və həmin layihəni də hökumətə təqdim etməlidir. Amma çox təəssüf ki, deputatlar bu gün büdcə müzakirələrində yalnız rəqəmlərə səs verirlər. Hər zaman büdcə vəsaitlərinin 50 faizi dövlət layihələrinin icrasına ayrılır. Ancaq bu gün görürük ki, icra olunan layihələrin böyük bir hissəsi səmərəsizdir. Bu isə o deməkdir ki, büdcə vəsaitləri lazımsız layihələrə yatırılaraq dağıdılıb”.

“Layihələr səmərə verməyəcəksə...”

Ekspert qeyd edir ki, regionlarda aeroportların tikilməsi layihəsi büdcə vəsaitlərinin yenidən izafi xərcinə və digər qaranlıq məqamlara hesablanıb. A.Nəsirlinin sözlərinə görə, əgər hər hansı bir layihə səmərə verməyəcəksə, normalda həmin layihələr reallaşmamalıdır: “Strateji Yol Xəritəsi uzun müddətə hesablanmış bir layihədir. Azərbaycan hökumətində təmsil olunan bəzi məmurlar düşünürlər ki, nə zamansa neftin qiyməti yenə də qalxacaq, büdcə genişlənəcək və o, zaman bu cür “aeroportlar” tikməklə dövlət büdcəsindən öz şəxsi büdcələrinə vəsait cəlb edə biləcəklər. Bu gün təklif olunan layihələrin heç bir marketinq tədqiqatı aparılmır. Bazar iqtisadiyyatına keçmişiksə, layihələr həyata keçiririksə, marketinq tətqiqatı aparılmalıdır. Bu layihənin icrasına tələbat varmı və gəlir gətirəcəkmi? Layihə gəlir gətirmirsə, reallaşmamalıdır. Səmərəli olmayan çox layihələr icra oluna bilər, hansı ki, onun sosial gücü daha çoxdur. Amma gedib aeroport tikmək absurd fikirdir. Regionlarda Bakıya təyyarə ilə gəlmək imkanı olan nə qədər adam var? Heç buna tələbatı olan da yoxdur. Hansı təcili iş arxasınca gələcəklər ki, ona görə regionlarda aeroport tiksinlər. Bu layihələrin yeganə məqsədi dövlət büdcəsindən əlavə vəsait əldə etməkdir. Burada başqa bir məna axtarmaq yersizdir. Regionlarda tikilən aeroportlardan rentabelli yalnız Gəncə və Naxçıvan hava limanlarıdır. Gəncə aeroportu isə xarici uçuşlar həyata keçirdiyi üçün işləyir”.

Vilayət Muxtar
Cebhe.info

15:41