Bahar təravətli Novruz havası Stockholmda.

İsveç soyuq və yarıqaranlıq ölkə olsa da burda hər zaman isti münasibətlərə və burda yaşayan qeyri isveçli millətlərin öz adətlərinin təqdimatına çox böyük ehtiyac var. Bəzən biz Avropada yaşayan həmvətənlərimiz gileylənirik ki, xalqımızın qeyd olunmalı günlərini, bayramlarını birlikdə keçirə bilmirik. Nə qədər federasiyaların, dərnəklərin sayı çox olsa da biz digər etnik millətlər kimi özümüzün adət ənənələrini nəinki isveçlilərə hətta öz soydaşlarımıza belə layiqincə təqdim edə bilmirik. Amma dünənki "Novruz-Od bayramı" əyləncəli kütləvi tədbiri bir daha sübut elədi ki, xeyir bizim insanlarımız bir yerə toplaşmağı, əylənməyi və hətta öz mədəniyyətimizi digərlərinə təqdim etmək bacarığı başqalarından qatqat üstündür. Mən dəfələrlə bunu qeyd eləmişəm ki, əsas bundan qorxmamaq daha kütləvi tədbirlər keçirmək lazımdır. Bunu da qara qalın hərflərlə qeyd etmək istəyirəm ki, bizi nə siyasi avantyuralar nə şəxsi özündən müştəbeh hisslər birləşdirə bilər. Bizim birləşəcəyimiz yalnız bir dəyər var o da mədəniyyət!!!  Burda böyük Hüseyn Cavidin aşağıdakı misraları yada düşür:

"Türk ordusu daim basaraq ölkələr almış
ən sonda siyasətdə basılmış da bunalmış
İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət..."

Mən digər bir məsələni də qeyd etmək istəyirəm. İki gün öncə Amerikanın səsi radiosuna kütləvi tədbirlərin birlikdə keçirilməsi ilə bağlı verdiyim müsahibədə aparıcı mənə belə bir sual verdi: "Güney Azərbaycandan olan soydaşlarımızla qüzeylilər yəni Azərbaycan Respublikasından olan həmvətənlərimiz kütləvi tədbirlərdə və ya hansısa bir toplantılarda bir arada ola bilirlərmi. Cavabım belə oldu. Əlbəttə bizimçün bu heç zaman problem olmayıb. Səviyyəsiz adamlar bu ayrıseçkiliyə rəvac verirlər. Bu Novruz tədbirinin təşkilatçısı, yeni yaranmış SAF dərnəyi və onun da başçısı Sevda xanım Dadaşova əslən qüzey Azərbaycandan olan soydaşımızdır.  Amma dünənki tədbirdə Güney Azərbaycandan olanlar Qüzeylilərdən daha çox idilər. Tədbirdə həm isveçlilər, həm  türkiyəlilər , həm İrak türkmənləri həm də rus, ukraynalı, belarus, yəhudi xalqlarının nümayəndələri iştirak edirdilər. Novruz dostluq və həmrəylik təravət bayramıdır.
Dünənki tədbirdə biz bir daha bunun şahidi olduq. Təşkilatçılara minnətdarlıqla

İsveç Stockholmdan Rahim Sadıqbəyli

 

 

 

10:56