Bağdad sanksiyaları aradan qaldırsa, Barzani referendumun nəticələrini dondura bilər

 

İraqın Kürdüstan regional vilayətinin başçısı Məsud Barzani federal hakimiyyətin regionun üzərindən sanksiyaları götürəcəyi təqdirdə kürd muxtariyyətinin müstəqilliyi barədə referendumun nəticələrini dondurmağa hazırdır.

Bu barədə İraqın vitse-prezidenti Üsamə ən-Nuceyfi kürdlərin lideri ilə danışıqların nəticələrinə əsasən bildirib. Oktyabrın 8-də Kürdüstan muxtariyyətinin lideri İraqın vitse-prezidentləri ilə danışıqlar aparıb. Siyasətçilər böhran vəziyyətindən çıxış yollarını, əsasən də Ərbil və Bağdad arasında yaranan fikir ayrılığının mərhələli həlli variantını müzakirə ediblər. Yol xəritəsinin bəndlərinin biri İraq hökuməti tərəfindən plebistə cavab olaraq tətbiq edilən sanksiyaların təcili aradan qaldırılmasıdır.

Bir qədər əvvəl Barzani vitse-prezident Alauinin təklifinə cavab olaraq referendumun nəticəsinə əsasən müstəqil dövlət qurmaq cəhdlərini iki il təxirə salmağa hazır olduğunu bildirmişdi. İraq siyasətçisinin fikrincə, bu müddət ərzində kürd muxtariyyəti ilə Bağdad arasında yaranan fikir ayrılıqları tənzimlənməlidir. İraqın baş nazirinin nümayəndəsi Saad əl-Hadisi isə öz növbəsində vitse-prezidentin təşəbbüsünün Bağdadın mövqeyini əks etdirmədiyini deyib.

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik barədə referendum keçirilib. İraq hökuməti referendumu qanunsuz sayıb və səsvermənin nəticələrinə dair regional hökumətlə danışıqlar aparmayacaqlarını bildirib. Eyni zamanda, qonşu ölkələr – Türkiyə, İran, həmçinin ABŞ və BMT referendumun əleyhinə çıxıb.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:23