Azəriqazdan xalqı “qazlama”: köhnə borc qərarı ölkəni silkələdi

Azəriqazdan xalqı “qazlama”: köhnə borc qərarı ölkəni silkələdi“Azəriqaz” İstehsalat Birliyi xalqa kələk gəlməyə hazırlaşır. Əhaliyə satılan qazın tarifinin bahalaşması az deyilmiş kimi, indi də köhnə borcların yeni qiymətlə alınacağına qərar verilib. Camaatı etiraza sürükləyən və gərginliyi artıran “Azəriqaz” borcu olan abunəçilərin vəziyyətini fikirləşmir. İB direktoru Əkbər Hacıyev növbəti dəfə qanunsuzluğa imza ataraq köhnə borcları da təzə tariflə almaq eşqinə düşüb. Xalqı “qazlamaq” olan bu addım birbaşa prezidentin daxili siyasətinə və ölkənin düşdüyü iqtisadi çətinliyinə daban-dabana ziddir. Prezident maaşların yenə də artırılması barədə tapşırıqlar verir, bu yandan isə xalqa qarşı soyğunçuluq edilir. Köhnə borcların camaatın canından ikiqat çıxarılması, qanunsuzluğa gedilməsi əhalinin cibinə girməkdir.

“Bir neçə illik borcu olan abunəçilərdən istifadə etdikləri qazın qiymətini yeni tariflə alınması tamamiylə qeyri-qanuni hesab olunur.” Bunu deputat Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, yeni qanun yanvar ayının 1-dən qüvvəyə minib: “Köhnə illərdə olan borclar 2017-ci il yanvar ayının 1-nə kimi olan qanun üzrə ödənməlidir. Yanvarın 1-dən sonra isə tariflər yeni qanun üzrə aparılmalıdır.”
Vahid Əhmədov belə hallarla qarşılaşan abunəçilərin məhkəməyə müraciət etməsini tövsiyyə edib. Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər “sürprizlə” qarşılaşıblar. Belə ki, borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən «Azqazservis»-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sosial gərginliyi artırır. Bu qərar minlərlə abunəçinin ayağa qalxması ilə nəticələnə bilər. İnsanların sosial durumunu nəzərə almayan Əkbər Hacıyevin tamahkarlığı qanunları tapdalayıb keçir. Heç bir əndazəyə sığışmayan bu addımla xalqı prezidentin üstünə qaldırıb, dövlətdən narazı salan bu məmurlara göründüyü kimi, V.Əhmədov və başqa deputatlar da etiraz edir. Əkbər Hacıyevin ən yaxın qohumlarından biri metal biznesi ilə məşğul olur. Onun maliyyələşməsinə isə baş direktor baxır. İşə qəbul zamanı Birliyin baş direktoru Əkbər Hacıyevin qohum-əqrəbasına, dostlarına, dostlarının dostlarına yaşıl işıq yandırılıb. Ştat cədvəlləri şişirdilib. Istehsalat Birliyinin aparatındakı işçilərin sayı bir neçə dəfə artırılıb. Bu məsələlərin araşdırılmasına zərurət var. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib:
“Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar”.
Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla "Azəriqaz”-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib: “Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər”.

Politika.Az

16:54