Azərbycanı Quzey Koredən ayıran 18 ölkə - Mətbuat azadlığı sahəsində birabırçı göstərici

 

Mehman Əliyev: “Azərbaycan layiq olduğu yerdədir”

“Sərhədsiz reportyorlar” (Reporters Without Borders) beynəlxalq təşkilatının dünən açıqladığı hesabatda Azərbycan mətbuat azadılığı reytinqində 180 ölkə arasında 162-ci yerdədir. Hesabatda Azərbaycan hakimiyyətinin televiziyaları və çap mətbuatını tam nəzarətdə saxladığı, internetə müdaxilə etdiyi, jurnalistlərin həbs və təqib olunduğu qeyd edilir. Qonşu ölkələrdən Gürcüstan reytinq siyahısında 64-cü, Ermənistan 79-cu, Rusiya 148-ci, Türkiyə 155-ci, İran 165-ci yerdədir. ABŞ-ın 43-cü olduğu siyahıda ilk yerləri Norveç, İsveç və Finlyandiya tutur. Siyahının sonunda isə Suriya (177), Türkmənistan (178), Eritreya (179) və Şimali Koreya (180) dövlətləridir.
 

“Azərbaycanda söz, mətbuat azadlığı sıfır dərəcəsindədir”

 

“Sərhədsiz reportyorlar” təşkilatının siyahsına münasibət bildirən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib ki, əslində, Azərbaycan layiq olduğu yerdədir: “Azərbaycanda demək olar ki, söz, mətbuat azadlığı sıfır dərəcəsindədir. Ölkədə demək olar ki, azad media institutu qalmayıb. Bunun üçün nə iqtisadi, nə də hüquqi şərait var”.

“Bütün telekanallar televiziya haqqında qanunu çox pis pozurlar”

M.Əliyev qeyd etdi ki, Gürcüstanda azad media və inkişaf var: “Bizdə yoxdur, axı. Bizdə müstəqil telekanal var? Heç olmasa ictimai televiziya öz funksiyasını yerinə yetirirmi? Hamısı qanunazidd əməllərlə məşğuldur. Bütün telekanallar televiziya haqqında qanunu çox pis pozurlar, yəni plüralizm, obyektivlik, balans yoxdur. Bu artıq ciddi qanun pozuntusudur. Saytları, qəzetləri götürsək, eyni vəziyyətdədir. Bizim KİV azad deyil. “Azadlıq” saytı, “Meydan” TV-nin bağlanması ilə bağlı məhkəmə gedir. Bunlar hamısı onun göstəriciləridir. Hakimiyyətin media ilə davranşı bu formadadır. Ya pul verirəm sən mənə işlə, mənim dediklərimlə otur-dur, ya da səni məhv edirəm, dağıdıram, qadağan edirəm - Azərbaycanda media ilə dövlət arasında münasibətlər bundan ibarətdir. Başqa bir münasibət yoxdur”.

 

“Azərbaycanda müstəqil media orqanı saxlamaq mümkün deyil”

M.Əliyev sual etdi ki, sizin qəzet – “Hürriyyət” müstəqildirmi: “Mən deyərəm ki, yox, ola bilməz. Çünki Azərbaycanda müstəqil media orqanı saxlamaq mümkün deyil. İlk növbədə, iqtisadi cəhətdən hər şeyi əlimizdən alıblar”.

Şamo Emin
Hurriyyet.org

 

07:04