Azərbaycanlı rəssam İspaniyada keçirilən müsabiqədə ikinci olub

İspaniyanın paytaxtı Madriddə 6-cı Beynəlxalq Yumor Müsabiqəsi başa çatıb. Müsabiqənin final mərhələsinə 77 əsər vəsiqə qazanıb. Həmyerlimiz, bir çox beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı, rəssam Soltan Soltanlı sözügedən yarışmada 2-ci yeri tutub. Bu barədə rəssam özü məlumat verib. O deyib: “Yarışmada ötən ilin yayında işlədiyim “Kalva ətrafında döyüş” əsərim ikinci yerə layiq görülüb. Bu əsəri əvvəlcə yağlı boya ilə kətan üzərində yaratmışdım (60x90 sm). Sonradan əsərin qrafik variantını kağızda işlədim və fotosunu müsabiqəyə göndərdim. Sözügedən əsəri keçən ilin aprel döyüşlərindən sonra çəkmişəm. Əsərdə səngəri ənənəvi biçimdə yox, hər əsgərin ayrıca qəbri kimi təsvir etmişəm. Yəni hər əsgər səngəri öz məzarı kimi qazaraq döyüşə atılıb, yağıya qarşı öz səngər-məzarından döyüşür”.

Qeyd edək ki, adıçəkilən müsabiqədə birinci yeri Monteneqrodan, üçüncü yeri isə Tailanddan olan rəssamlar qazanıblar. Müsabiqənin final mərhələsinə keçən 77 əsərdən ibarət sərgi yanvarın 17-dən fevralın 26-dək nümayiş etdiriləcək.

Xudaferin.eu

12:33