Azərbaycanlı karikaturaçılar Avropa Karikatura müsabiqəsində

Belçikanın Kryöshautem şəhərində Avropa Karikatura Mərkəzi tərəfindən XXI Avropa Karikatura müsabiqəsi keçiriləcək. Builki müsabiqənin mövzusu “The Soul” (“Qəlb”) adlanır. Avropa Karikatura Mərkəzinin saytına istinadla xəbər verilir ki, müsabiqəyə tanınmış azərbaycanlı karikaturaçı rəssamlar Seyran Cəfərli, Bayram Qasımxanlı, Soltan Soltanlı və Vəfa Allahyarova əsərlərini təqdim ediblər. Ümumiyyətlə, müsabiqədə 81 ölkədən 778 rəssamın 2159 karikaturası yer alıb. Müsabiqə haqqında ətraflı məlumatı https://www.ecc-kruishoutem.be/en/competition-2017.html#Rules  linkindən öyrənmək olar. Münsiflər heyətinin iclası yanvarın 27-də, mükafatlandırma mərasimi aprelin 8-də keçiriləcək.

Qeyd edək ki, son illərdə Avropada peşəkar rəssamlığın bu sahəsinə xeyli dərəcədə maraq artmışdır. Avropada karikatura üzrə keçirilən beynəlxalq festivallarda ən çox ödül sahibi olmuş rəssam isə, ötən yüzilin 70-80-ci illərində əslən Güney Azərbaycandan olan karikaturaçı rəssam Mustafa Ramazani olmuşdur. O, İtaliyada keçirilən uluslararası karikatura festivalının 11 il dalbadal qalibi olmuşdur.

Xudaferin.eu
 

 

12:39