Azərbaycanlı ABŞ-da mühacirlərlə bağlı təklif irəli sürüb – FOTO

Həmvətənimiz, İstanbul Texniki Universitetinin iqtisadiyyat fakültəsinin məzunu, Nyu-York Dövlət Universitetinin 21 yaşlı tələbəsi Ayan Ağazadə 2017-ci ilin 13-14 mart tarixlərində Kapitoliyada demokrat-senatorlar və konqresmen-respublikaçılar ilə görüşüb. Görüş zamanı A.Ağazadə mühacir və xarici tələbələrə dair öz təkliflərini irəli sürüb. 

Azərbaycan gəncliyinin parlaq nümayəndəsi Ayan Ağazadə görüşün təfərrüatlarını Oxu.Az-a danışıb.  

A.Ağazadə qeyd edib ki, bu sahədə artıq təcrübəyə sahib idi, belə ki, keçən il “Rivertides” təşkilatının dəstəyi ilə BMT-nin dünya qadınlarının hüquqlarının qorunmasına həsr edilən konfransında iştirak edib. 

Bu il Ağazadə Nyu-York ştatının xarici tələbələrini təmsil edirdi. 

Onun sözlərinə görə, tədbir Beynəlxalq Təhsil Xadimlərinin Assosiasiyası (NAFSA) tərəfindən təşkil edilmişdi.  

“Mən bu qəbildən ola tədbirlərin fəal iştirakçısı olduğum üçün təhsil aldığım – Nyu-York Dövlət Universitetinin (State University of New York) xarici tələbələrini təmsil etmək üçün dəvət etdilər.
Tədbir xarici tələbələrin və mühacirlərin beynəlxalq təhsili ilə bağlı problemlərə həsr olunmuşdu və iki gün davam etdi. Birinci gün bizə problemlərin müzakirəsi və yeni qanunların tələbələrə təsirinə, yardım üçün Konqres nümayəndələrinə müraciətə dair müəyyən imkanlar nümayiş etdirildi. Bu il müzakirə üçün üç mövzu qəbul edilmişdi. Onlardan biri senator Pol Saymonun xaricdə təhsil proqramına dair qanun idi”, - Ayan qeyd edib. 

Tədbir zamanı Nyu-York Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbə senator Şumerin və senator Cilli Brandın nümayəndələri ilə görüşüb.  

Görüş zamanı xarici tələbələrin Amerikada təhsil alması, bu təhsilin amerikalılar üçün faydası və mühacirlərin verdiyi faydalar müzakirə edilib. 

“İxtisasım üzrə xarici tələbələrin və mühacirlərin yalnız sosial deyil, eləcə də iqtisadi nöqteyi-nəzərdən faydasını müzakirə etdim”. 

Ağazadə demokrat-senatorların nümayəndələri ilə görüş zamanı altı ölkənin (ilkin olaraq siyahıda 7 ölkə idi, daha sonra İraq siyahıdan çıxarıldı) vətəndaşlarının ABŞ-a girişini qadağan edən qanuna toxunub. O, mühacirlərə və tələbələrə toxunan məsələlərə dair təkliflərini irəli sürüb:

 “Amerikada ən çox müzakirə edilən mövzulardan biri altı ölkənin vətəndaşlarına ABŞ-a girişini qadağan edən qanun ilə əlaqədardır. Dinində və etnik mənsubiyyətindən asılı olmayaraq insan azadlığının simvolu olan ölkə insan haqlarına xələl gətirən qanun tətbiq edib. Amerikada təhsil alan tələbələrin yeni qanuna görə, ailələrinin yanına qayıda bilməməsi faktı yolverilməzdir. Valideynlər girişi qadağan edilən ölkənin vətəndaşı olduğu üçün övladlarının məzunolma mərasimində iştirak edə bilməyəcəklər”.

Həmvətənimiz görüş zamanı qeyd edib ki, bu qanunun tətbiqindən sonra digər ölkələrdən olan tələbələr öz qərarlarını dəyişərək təhsil almaq üçün təhsili başa vurduqdan sonra daha çox imkan və üstünlüklər təqdim edən Kanada və Avstraliya kimi başqa ölkələrə gedə bilərlər.

“Tarixi mühacirlər tərəfindən yaradılan, mühacirlərin nailiyyətləri ilə şöhrət tapan ölkə bütün dəyər və görüşlərinə zidd olan qanun qəbul edir. Yalnız 2016-cı ildə Nobel mükafatının altı qalibi mühacirlər idi. Nobel mükafatının qaliblərinin 40 faizi mühacirlərdir. 

Bu faktları təqdim edərək, mən həmçinin iki ölkədə (Türkiyə və Amerika) tələbə həyatımdan, təhsil sistemindəki fərqdən, qazandıqlarımdan danışdım. Çıxışım amerikalı tələbələr üçün xaricdə təhsil proqramına, tələbələrin dünya görüşünün və kreativ təfəkkürünün inkişafına vasitəçi olan xarici təhsilə toxunurdu. Bu insan kapitalına qoyulan sərmayədir, axi tələbələr ölkənin gələcəyidir”.

“Demokrat-senatorların nümayəndələri ilə görüşdən sonra mən məsləhətçilərim ilə respublikaçı-konqresmen Con Faso ilə görüşdüm. Görüşümüzdən sonra şəkil çəkdirdik və Kapitoliyada özəl ekskursiyaya dəvət aldıq”, - A.Ağazadə qeyd edib. 

Qeyd edək ki, Ayan uşaqlıqdan rəssamlıq, gimnastika ilə məşğul olub, dörd ilə yaxın yerli kanallarda uşaq verilişlərinin aparıcısı olub. O, Azərbaycanın kapoeyra üzrə yığmasının üzvüdür, İstanbulda taekvondo üzrə qara kəmər alıb, bir neçə türk serialında çəkilib.  

OXU.az

20:30