Azərbaycanın ən sirli məkanı: Burada mənasını bilmədiyimiz minlərlə şifrə qorunur

 

Biri vardı, biri yoxdu, mədəniyyət beşiyi, gözəl Şuşada Telli adlı bir toxucu yaşayırdı. Telli bütün hisslərini, gizli duyğularını öz ilmələrində yaşadardı. Toxucu Tellinin gözünün ağı-qarası iki oğlu vardı. Günlərin bir günü ananın başının üstünü qara buludlar alır. Hər iki oğlunu faciəvi şəkildə qara torpağa qurban verir. Bundan sonra hər saatını qəm-qüssə içərisində günlərini ilmə kimi çəkərək keçirir. Həkimlər həyat yoldaşı Məşədi Hüseynə deyirlər ki, xanımın sağalıb, yenidən həyata dönməsi üçün övlad doğmalıdır. 50 yaşlı Tellinin ana olmaq imkanı var idimi?! Hətta uşağı olsaydı belə sağ qalacağına heç kəs zəmanət vermirdi.
 

Qədim əyyamlarda qarı nənələr deyərdilər ki, toxucular sehirli gücə sahib olurlar. Onlar öz barmaqları ilə adı ipə can verirlər. Bəlkə də Telli xanımın bu möcüzəsi ona yardım edir. Nur üzlü oğlu dünyaya gəlir, adını da Lətif qoyur. Telli hər gününü, saatını Lətifə həsr edir, onu bir an belə gözündən qoymur. Xalça toxuyanda da Lətifi şal ilə öz kürəyinə bağlayardı. Xalçaların sirli-sehirli, rəngarəng dünyası balaca Lətifin xəyal dünyasını formalaşdırır. Beləcə 5 yaşlı Lətif artıq xalça eskizləri çəkməyə başlayır. Aylar, illər bir-birini əvəzləyir, Lətif böyüyür. Onunla birgə arzuları, yaradıcılıq fantaziyaları da boy atır.

Bəli, söhbətimizin qəhrəmanı çağdaş gənclərimizin bəlkə də yalnız adını bildikləri qüdrətli xalçaçı rəssam, Şərq sənət tarixinin parlaq siması Lətif Kərimovdur. O, Azərbaycanın görkəmli alimi, xalça ustası, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifidir.

Dəyərli sənətkar 1930-cu illərdə, kütləvi istehsalın başlandığı bir dönəmdə xalq ənənələrinə əsaslanıb, klassik xalça rəsmləri hazırlayaraq, xalça sənətinə bir sıra yeniliklər gətirib. 1937-ci ildə onun təşəbbüsü ilə Bakıda Mərkəzi boyaqçılıq emalatxanasının əsası qoyulub. Xalça üçün rəng şkalasını ilk dəfə o yaradıb.

Lətif Kərimov “Azərbaycan xalçalarında ornamentlərin mənşəyi” əsərinə görə 1950-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülüb. Qüdrətli alim 1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-ci ildə Əməkdar İncəsənət Xadimi, 1960-cı ildə isə Xalq Rəssamı fəxri adına layiq görülüb. Xalqımızın böyük oğlu 1991-ci ildə dünyasını dəyişib.

Bu gün Bakı Bulvarının gözoxşayan məkanlarından biri də möhtəşəm dizaynla inşa edilmiş Azırbaycan Xalça Muzeyinin yeni binasıdır. Muzeyin önündən keçib, ona biganə qalmaq qeyri-mümkündür. Əsrarəngiz binanın kəndarından içəri daxil olanda isə Avropa standartlarını belə geridə qoyan mükəmməl mühitin şahidi oluruq. Tarixə nəzər salanda görürük ki, Azərbaycan Xalça Muzeyinin əsası 1967-ci ildə Lətif Kərimovun təşəbbüsü ilə qoyulub. 26 il sonra isə muzeyə milli mədəniyyətimizin görkəmli xadimi Lətif Kərimovun adı verilib. Muzey yarandığı vaxt dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi yeganə müəssisə idi. Bu mədəniyyət ocağında xalqımızın ən dəyərli sərvəti olan Azərbaycan xalçalarının, xalça məmulatlarının ən mötəbər, rəngarəng kolleksiyası qorunur, tədqiq olunur və nümayiş etdirilir. Bu il Xalça Muzeyi 50 illiyini qeyd edir. Yubiley çərçivəsində bir sıra beynəxalq və ölkədaxili layihələr həyata keçirilir. Publika.az bütün bu yeniliklərdən xəbərdar olmaq üçün muzeyin direktoru Şirin Məlikova ilə həmsöhbət oldu.

- Şirin xanım müasirliyin və qədim tariximizin qovuşduğu bu möhtəşəm binanın inşası yəqin ki, muzeyin sürətli inkişafına təkan verib…
 

- 2007-ci ildə YUNESKO-nun layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi və muzeyimiz bu binaya köçürüldü. Bu gün muzeyimiz yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir. Bu baxımdan əlbəttə qısa müddət ərzində çox dəyərli işlər görülüb.
 

- Lətif Kərimovun dəyərli irsi olan Xalça Muzeyi yarım əsrlik ömrünü artıq geridə qoyur. İl ərzində həyata keçirilən silsilə layihələrdən danışa bilərsinizmi?
 

- 28 iyun – 2 iyul tarixlərində Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Xalça Muzeyi və “HALI” jurnalının birgə əməkdaşlığı çərçivəsində Beynəlxalq Xalça Festivalı keçirdik. Festival Tiflis şəhərində fəaliyyət göstərən Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyi və Axaltsixe şəhərində yerləşən Rabat Qalasında baş tutdu. Burada Azərbaycan, Türkiyə, İran, Türkmənistan, Qırğızıstan, Hindistan və digər ölkələrdən dəvət olunmuş xalçaçı rəssamlar, toxucular və bu sahədə çalışan mütəxəssislər iştirak etdilər. Burada xüsusi zövqlə toxunmuş 24 ədəd XIX-XX əsrlərə aid xalça məmulatı nümayiş olundu. Bu il müzeyimiz mötəbər simpoziuma ev sahibliyi etdi. II Beynəlxalq “Türk Dünyasının ortaq dili-naxışlar” simpoziumuna 12 ölkədən 53 nəfər peşəkar dəvət etdik. Artıq dünyanın samballı jurnalları bizim haqqımızda yazılar dərc edirlər. Bir sözlə həyata keçirdiyimiz və gerçəkləşməyi gözləyən onlarla layihəmiz var.
 

- Təntənəli yubiley mərasimi keçiriləcəkmi?
 

- Təbii ki, keçiriləcək, özü də Lətif Kərimovun doğum gününə təsadüf edəcək.

- Bəs xarici festivallara və sərgilərə qatılanda yalnız xalçalarımızı təqdim edirsiniz?

- Xeyr. Bildiyiniz kimi muzeyimiz son illərədək Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi olub. 2014-cü ildən isə Azərbaycan Xalça Muzeyi adı ilə fəaliyyət göstərir. Odur ki, dəyərli eksponatlarımız arasında nəinki tariximizin səsi olan xalçalara, eləcə də, milli geyimlər, kəlağayılar, hətta zərgərlik nümunələrinə rast gəlinir. Səfərlərimizdə bu maddi və mənəvi sənət nümunələrimizi də xarici publikaya tanıtmağa çalışırıq. 2010-cu ildə Azərbaycan xalçası, 2014-cü uldə isə kəlağayılarımız UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edilib.
 

- Şirin xanım, tariximizin keşiyində layiqincə durursunuz. Bu çox sərəfli işdir. Lakin eksponatlar zaman keçdikcə keyfiyyətini itirə, zədələnə bilərlər. Bunun qarşısı necə alınır?

- Ümumiyyətlə hər bir muzeydə bərpaçı mütəxəssislər çalışır. Onlar mütəmadi olaraq eksponatlara nəzarət edir, lazımı tədbirləri görürlər. Bizim muzeydə də zərgərlik nümunələrindən tutmuş, kağız materialdan olan eskizlərə qədər hər bir nümunəyə xüsusi həssaslıqla yanaşılır. Xarici ölkələrdən muzeyimizə peşəkar bərpaçı alimlər dəvət edir, pulsuz ustad dərsləri təşkil edirik. Burada istənilən bölgəmizdən tələbələrə rast gələ bilərsiniz.
 

- Necə düşünürsünüz, muzeyin dənizkənarı rütubətli ərazidə yerləşməsi eksponatların keyfiyyətinə təsir edirmi?

- Bilirsiniz, muzeyin binasının inşasında dünya səviyyəli peşəkar mütəxəssislər çalışıblar. Burada hər bir otağın temperatur səviyyəsi, divarlarının materialı, bir sözlə, hər bir xırda detal nəzərə alınıb. Məsələn kağız eskizlər saxlanılan stendlərlə, zərgərlik nümunələri saxlanılan köşəmizin havalandırılma sistemi bir-birindən tam fərqlənir.

- Şirin xanım, Xalça Muzeyinin nəzərimi cəlb edən yeniliklərindən biri də “Ailə” layihəsidir. Gənc nəslin savadlı və dünyagörüşlü yetişməsi yolunda bu olduqca faydalı işdir.

- Bəli, hər ayın son şənbə günləri "Ailə" günü keçirdirik. Valideynlər uşaqları ilə birgə muzeyimizə gəlir, ödənişsiz ekskursiyadan və ustad dərslərindən yararlanırlar.

- Bildiyimə görə muzey “Azərbaycanın mədəni sərvəti” layihəsini həyata keçirir?

- Elədir, layihəni gerçəkləşdirməkdə əsas məqsədimiz – unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir. Ölkəmizə xas olan tikmə növləri, xovsuz xalçaların toxunması, misgərlik, zərgərlik, dulusçuluq və digər sənət növləri bu layihəyə daxildir. Həmçinin Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə mühazirələr və ustad dərslər təşkil olunub. Dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru, dağıstanlı Raisa İsmayılova tərəfindən keçirilir.

Bu dərslər Azərbaycan və rus dillərində təşkil olunub və ödənişsizdir. Kursda iştirak edən şəxslər sonda sertifikatla təltif olunacaqlar.

- Şirin xanım, sizinlə söhbətləşmək olduqca böyük zövqdür, təşəkkür edirəm. Bir azərbaycanlı olaraq sevinirəm ki, irsi yaddaşımız olan xalça sənətimiz, eləcə də dahi Lətif Kərimovun mənəvi irsi layiqincə qorunub, dünyaya tanıdılır.

Xalçaçılıq sənəti əcdadlarımızın bizə qoyduğu ən zəngin mənəvi irsdir. Keçmişimizlə ünsiyyət qurmağın bir yoludur. Onların hər bir ilməsində yatan işarələri çözərək sanki dünənimizə səyahət edirik. Butalardan tutmuş, həyat ağacına, müxtəlif heyvan təsvirlərinə, xeyirlə şərin mübarizəsinədək hər bir xalça vasitəsilə nənələrimizdən bizə miras qalan həyat hekayələrini oxuyuruq sanki. Mənasını hələ də çözə bilmədiyimiz minlərlə naxış və ornamentlər isə bizimlə danışacaqları günü gözləyirlər. Çünki onların deyəcək çox sözləri var…
 

Leyla Sarabi

Fotoqraf: Elnur Muxtar

 

23:53