Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib.

Müdafiə Nazirliyindən ​Xudaferin.eu AZƏRTAC-a istinadən bildirilib ki, hərbi qulluqçular əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını, sonra isə Bakının Nərimanov rayonunda ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edərək gül dəstələri qoyublar.

Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər A.Aqarunovun şərəfli həyat yolundan danışaraq, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqları xatırlayıblar. Bildirilib ki, qəhrəmanımız öz vətəninin müstəqilliyi uğrunda canını fəda etmişdir.

Qeyd edək ki, Dağlıq Qarabağda döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin mayın 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Xudaferin.eu

17:06