Azərbaycanın İlk Döyüşçü Jurnalistinə Ulu Tanrıdan Şəfa Diləyirik

Onu tanıyanlar daha yaxşı bilir — qələmi də, sözü də döyüşdüyü Qarabağ qışının sərt iqlimi kimi kəskindir. Hər dəfə bu ər insanı görəndə M.S. Ordubadinin “Qılınc və Qələm”ini xatırlayıram. Lakin orada Azərbycan üçün iki nəfər fədakar obrazdan söhbət gedirsə, tanıdığım bu insanda həmin xüsusiyyətlər vəhdətdədir. Məhz buna görə o hər zaman gözümdə Azərbaycan uğrunda qılınc və qələmini eyni kəskinliklə işlədən fədakar cəngavər obrazı ilə assosasiya olunur. Bu insan Xaqani Ədəboğldur…

AVMVİB-in mətbuat xidmətinin rəhbəri, istedadlı qələm sahibi, müharibə əlili Xaqani Ədəboğlu gözündən əməliyyat olunub. Əsasən türkçülük və azərbaycançılıq mövzularını tarixi aspektdə araşdıran Xaqani Ədəboğlu 4 kitabın və yüzlərlə məqalənin müəllifidir.

Azərbaycanın bağrına basılan xəncər yarasından açılan al qanı təkcə qələmi ilə durdura bilməyəcəyini düşünən Xaqani Ədəboğlu qələmini silahla əvəz edərək Birinci Qarabağ Savaşında cəbhəyə yolanan ilk döyüşçü jurnalistdir. Cəbhədə yaralanaraq fizki saglamlığını itirən Xaqani Ədəboğlu əldəki silahı yenə qələmlə əvəz edir.

Veteran jurnalist artıq 30 ilə yaxındır erməni cinayətlərini və Azərbaycanın başına gətirilən müsibətlər barədə sözün həqiqi mənasında bir tarix yazaraq gözünün nurunu da of demədən erməni vəhşiliklərini olduğu kimi dünyaya çatdırılması yolunda itirdi. Biz — Xudaferin.eu saytının kollektivi ustdadımız, qocaman jurnalist Xaqani Ədəboğluna, Uca Tanrıdan şəfa diləyirik və əminik ki,o bu mücadilədən də qalib çıxacaq.

Gözünün nurunu öz həmvətənlərinin maariflənməsinə görə itirən, bu böyük ürəkli insana Tanrıdan şəfa diləyirik. Qələminiz iti, gözünüz daha nurlu olsun, Ustad!

Şair Elbariz Məmmədli məhz buna görə Ədəboğlu üçün ürəyindən süzülənləri belə qələmə almışdır:

YOLUN MÜBARƏK, ƏDƏBOĞLU
(Böyük savaş adamı, Qarabağ qazisi, dəyərli yazar Xaqani Ədəboğlu Rzaqulubəyə)

Əllərin üşüyürmü,
üşüyürmü, Ədəboğlu,
şəhid barmaqlarının həsrətinə?
Ürəyin üşüyürmü,
üşüyürmü, Ədəboğlu,
savaşlarda itən gəncliyinin
xiffətinə?
Sən, ağ göyərçin kimi doğulmuşdun,
Qarabağın günəşi qucaqlayan
bir ocağında,.
Ömrünün çiçək vaxtında
keçdin içindən qışların ,
öpdün gözündən daşların,
atdın könlünü içinə
Vətən üçün savaşların.
Görürsənmi,
şəhid barmaqlarının qanı
illər sonra
çiçəklər, güllər bitirdi,
böyük bir zəfər bitirdi, Ədəboğlu.
O şəhid barmaqların
hünər işığında oğullar böyüdü,
igidlər doğuldu,
itmiş qürura qarışıb, qeyrət kimi
təzədən yoğruldu, Ədəboğlu.
O vaxt yazan əllərin
vuran əllərinə əsir düşdü,
xəyallarında yaşayan arzular
səninlə birgə döyüşdü,
Qarabağ dağlarında.
Sən duyğu adamıykən,
savaş adamı oldun,
Turan sevdalı bir savaş adamı.
Eh, Vətən adı gələndə
yağılara nifrəti ürəyi daş edərmiş ,
ürəyi daş, — adamı.
Böyük arzuların yolunda
sən sözünü demişdin,
içindəki düzünü demişdin,
savaşda heykəlləşən,
şəhid barmaqlarının diliylə.
İndi təzə savaşın içindəsən,
indi böyük istəklərin köçündəsən,
Vətən adına.
Ər döyüşünə ər gərək,
nər döyüşünə nər gərək,
böyük sevdaları yaşamağa
səndəki təpər gərək.
Şəhid barmaqlarının
yolu mübarək, Ədəboğlu!

Fərid Səlimov
Xudaferin.eu
 

 

16:58