Azərbaycanın Gürcüstandakı səfirliyi avtomobil qəzasında yaralanan azərbaycanlılara yardım göstərəcək

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları avqustun 11-də Gürcüstan ərazisində qəzaya düşən azərbaycanlıların vəziyyəti ilə maraqlanıb. Qanun çərçivəsində səfirlik tərəfindən onlara müvafiq kömək göstəriləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildiriblər ki, qəza nəticəsində yaralananlardan birinin cərrahiyyə əməliyyatına ehtiyacı var. Bununla əlaqədar Gürcüstanın müvafiq qurumları ilə əlaqə saxlanılıb. Yaralılara Azərbaycana qayıtmaları üçün müvafiq kömək olunacaq.

Qeyd edək ki, avqustun 11-də Tbilisidə azərbaycanlıların da olduğu mikroavtobus qəzaya uğrayıb. Nəticədə mikroavtobusdakı iki Gürcüstan, aralarında azyaşlı uşaq da olmaqla, 5 Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar araşdırma aparır. Cinayət işi başlanılıb.

AZƏRTAC

11:31