Azərbaycanı tanıdan albaniyalı tarixçi

 

Entela Muço: “Azərbaycan və onun xalqına olan sevgimiz bir ortaq tarixin keçmişindən qaynaqlanır, bəlkə də, miladdan əsrlər əvvəl başlayan dərin köklərə malikdir”

Bu gün Albaniyada milli diaspor tam formalaşmasa da, bu ölkədə Azərbaycanı sevən və Qarabağ həqiqətlərini təbliğ edən yerli elm adamları az deyil. Müsahibimiz Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri Entela Muço, bu baxımdan, nümunə gətiriləsi alimlərdəndir. Qeyd edək ki, Entela Muço Albaniyanın Tirana Universitetində, Dil-ədəbiyyat fakültəsinin Tarix bölümündə ali təhsil alıb. Sonradan magistr təhsilinə İstanbul Universitetində davam edib. Orta əsrlər, müasir dövr və Türkiyə Respublikası dövrü üzərində tarixi araşdırma aparıb. Yəni Osmanlı dövləti və yeni Türkiyə Cümhuriyyətinin tarixini araşdırıb. Eyni zamanda, Osmanlı dili üzrə mütəxəssisdir. Avşarlar mövzusunda doktorluq dissertasiyası yazmış Entela Muço hazırda Albaniya Baş Arxivlər İdarəsi Türk əlyazmaları şöbəsinin müdiri vəzifəsində çalışır. Entela Muço deyir ki, onun tədqiqatları yalnız Albaniya üçün deyil, ortaq bir tarixi keçmişə sahib olduğumuz Türkiyə və Azərbaycan üzərində cəmlənib. Onun araşdırma mövzuları siyasi, iqtisadi, ictimai sahə və təhsillə bağlıdır.

 

-Biz sizi Azərbaycanın ən yaxın əcnəbi dostlarından biri hesab edirik. Azərbaycana qarşı olan sevginiz haradan qaynaqlanır?
 

-Azərbaycan və onun xalqına olan sevgimiz aşağıdakı səbəblərdən qaynaqlanır: Birincisi, bir ortaq tarixin keçmişindən gəlir, bəlkə də miladdan əsrlər əvvəl başlayan dərin köklərə malikdir. İkincisi, tarix iki milləti düşmənləri ilə qarşı-qarşıya gətirərək, eyni yaralar verməsi ilə torpaqlarımızı parçalayıb və bizi haqsız şəkildə “cəzalandırıb”... İki ölkənin torpaq bölünməsinə aid ağrılı bir tarixi var. Xarici düşmənlərimiz ölkələrimizin torpaqlarını parçalayıb, onun bir parçasını işğal ediblər.

Bütün bunlarla yanaşı, xalqlarımız eyni "Kommunizm quruluşu" ilə döyüşəsi olublar. Bir sözlə, iki xalqın keçmişi ilə bağlı ortaq çox şeyi var və onların tarixi qanla yazılıb.

Üçüncüsü, hər iki xalq qəhrəmanlar yetişdirib. Hər iki xalq sülh, azadlıq sevən, çalışqan, qonaqpərvər və comərddir. Hər iki xalq Avropa demokratik cəmiyyətinə inteqrasiya əldə etmək arzusu ilə yaşayır. Və hər iki xalq öz milli dəyərlərinə görə beynəlxalq arenada yüksək bir yer tutur. İki xalq həyatın hər sahəsində - siyasi, iqtisadi və s. sahədə bir-birlərinə dəstək olurlar. Qeyd edim ki, iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq edib hələ çox işlər görmək olar. İki xalq arasındakı əlaqələr, çox erkəndən başlayır və hər zaman onlar arasında anlayış olub. Xalqlarımız və dövlətlərimiz arasındakı birlik, həmçinin dostluq, hətta sovet dövründə də möhkəm olub. Bu gün də bu münasibətlər davam edir.
 

-Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyəti olaraq hansı işlər görürsünüz?
 

- Mən Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədriyəm. Təşkilatın fəaliyyəti və idarə edilməsi ilə məşğulam. Ayrıca, dərnəyin hədəflərini reallaşdırmaq üçün Azərbaycan və onun tarixi ilə əlaqədar əhəmiyyətli məlumatları tapmaq, eləcə də yığmaq kimi öhdəçiliyim var. Dərnəyimizin fəaliyyəti, əsasən, Azərbaycan və Türkiyə ilə bağlıdır. Dərnəyimiz 2011-ci ildə qurulub və hər yeni fəaliyyətə başlayan təşkilat kimi, onun da çatışmazlıq və maneələri var.

Lakin bunu ifadə etməmiz lazımdır ki, dərnəyə mütəmadi olaraq yeni üzvlər qəbul olunur. Belə ki, burada sıravi vətəndaşlar, həkimlər, mühəndislər, hüquqşünaslar, fərqli elmlərin araşdırmaçılarına rast gəlmək olar. Xüsusən, gənclərin gəlişi ilə dərnəyimizin fəaliyyətində irəliləyiş olub. Birliyin ofisində iki dövlətin bayrağı var və bu da dərnəyin vəkil bürosuna gələn bütün müştərilərdə sevinc yaratmaqdadır. Bu ofisdə fərqli məsləhətçilik xidmətləri göstərən bütün üzvlər ödənişsiz olaraq xidmət etməkdədir.

-Rəhbəri olduğunuz bu təşkilatın Albaniya ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsi baxımından nə kimi rolu var?

-Dərnək Albaniyada tarixi, mədəni məlumat yaymaqla xalqımızın Azərbaycanı tanımasında əhəmiyyətli rol oynayır.

-Siz ermənilərin azərbaycanlılara, eləcə də Türkiyə türklərinə qarşı etdiyi soyqırımları ilə bağlı hansı araşdırmalar aparıbsınız?

-Araşdırma işimin ana hədəfi Azərbaycan və Türkiyə tarixidir. Hətta mənim intellektual həyatımın ən böyük qisminin buna həsr olunduğunu söyləyə bilərəm. Mən gerçəyin qəbul edilməsi üçün işlənmiş, ya da daha əvvəl işlənməmiş mövzulara intellektual həyatımın çoxunu həsr etdim. Burada iki ölkə arasındakı əlaqələr və beynəlxalq aləmdəki ağrılı tarixi hadisələrin əks olunmasına aid mövzulardan söz edə bilərəm. "18-19 əsrlərdə Cənubi Qafqazdakı inkişaflar üzərində bəzi baxışlar”(2013), “ Azərbaycan və türk xalqına qarşı 1918-1920-ci illərdə soyqırımı ”(2013) adlı araşdırmalarım var.

-Beynəlxalq arenada erməni yalanlarını üzə çıxarmaq üçün hansı işlər görürsünüz?

-Dərnəyimizin internet səhifəsində müxtəlif tarixi yazılar dərc etdiririk. Eyni zamanda azərbaycanlı və türk araşdırmaçı, eləcə də tarixçilər tərəfindən yazılan müxtəlif məqalələrin dərc edilməsi əhəmiyyətli yer tutur. Bunlardan 20 Yanvar 1990-cı il və ya 26 fevral 1992-ci il tarixli əhəmiyyətli hadisələr haqqında məqalələrdən söz edə bilərik. Bu hadisələr çox təsirləndirici olaraq, insanlıq tarixində və beynəlxalq arenada silinməz izlər buraxmışdır. Bu hadisələrlə bağlı videogörüntü və fotoşəkillər, yalnız alban oxucularına deyil, eyni zamanda digər xalqlara da həqiqətlərin dürüstcə, aydın çatdırılması baxımından əhəmiyyətlidir. Onu da əlavə edim ki, Azərbaycan haqqında xəbərləri mediada da dərc etdiririk. Mətbuat üçün hazırlanmış məlumatlar altı dildə (Azərbaycan, alban, türk, fars, ingilis, italyan) yayılır.
 

Fuad Hüseynzadə
palitranews.az

13:31