AZƏRBAYCANI BÖHRANA SÜRÜKLƏYƏN "MALİYYƏ ÜÇLÜYÜ"

 

 

Natiq Cəfərli: “Maliyyə siyasətinə cavabdeh olan qurumlar öz aralarında rəqabət aparır, bunun da əziyyətini bütün ölkə çəkir”

Əkrəm Həsənov: “Maliyyə sisteminə rəhbərlik edən şəxslər arasında münasibətlər pis olduğu üçün dövlətin mənafeyi kənarda qalıb”

 

Ötən həftə Mil­li Məc­lis­də “Val­yu­ta tən­zi­mi haq­qın­da” qa­nu­na də­yi­şik­lik­lərin qə­bul olunması bir daha göstərdi ki, valyuta dəyişmə məntəqələrinin bağlanılması düzgün qərar deyilmiş. Maraqlıdır ki, 13 yanvar 2016-cı ildə qanunla lisenziyaları ləğv edilən valyuta dəyişmə məntəqələrinin bağlanması kimlərə lazım idi? İndi yenidən bu məntəqələrin bərpası hansı zərərətdən irəli gəldi? Belə çıxır ki, ölkənin maliyyə təhlükəzliyinə nəzarət edən 3 qurum - Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank valyuta məntəqələrini ləğv etməklə düzgün qərar verməyiblər, yenidən isə səhvlərini düzəltməyə çalışırlar. Əslində, ölkədə maliyyə sistemindəki böhran bu üç qurumun fikirlərinin biri-biri ilə uzlaşmamasının nəticəsidir. Daha dədiq desək, baş verənlər bu üç qurumun bir-biri ilə didişməsinin göstəricisidir. Hansı ki, devalvasiyadan bəri manatın taleyi ilə oynayan bu qurumlar eyni zamanda valyuta dəyişmə məntəqələrinin lizensiyalarnın ləğvi ilə əhalinin taleyi ilə də oynadılar. Çünki valyuta dəyişmə məntəqələrinin lizensiyalarnın ləğvi ilə ölkədə “qarabazar” genişləndi, manat hətta ilin əvvəlində 1.92 civarında müəyyənləşdi ki, nəticədə ölkədə ciddi narahatçılıq yaşandı. Eyni zamanda bu stiuasiyadan xeyli qazanc əldə edənlər də oldu.

“Qara bazar”ın məhz inzibati müdaxilələr nəticəsində formalaşdığı artıq məlum oldu”

 

Mövzu ilə bağlı açıqlama verən tanınmış iqtisadçı Natiq Cəfərli bildirdi ki, dünyada heç vaxt maliyyənin, qazancın və ideyanın qarşısını inzibati yollarla almaq mümkün deyil: “Valyuta dəyişimə məntəqələrini çox səhv olaraq bağladılar və bunun nəticəsi olaraq da “qara bazar” formalaşdı. “Qara bazar”da alış-satış daha sərfəli olduğu üçün banklardan “qara bazar”a valyuta axını müşahidə olunurdu. Bunun başqa mənbəyi də yox idi. “Qara bazar”ın çiçəklənməsi verilmiş səhv qərarların, inzibati yolla iqtisadi münasibətlərin tənzimlənməsi cəhdlərinin nəticəsidir. Bunun da səhv olduğu, “qara bazar”ın məhz inzibati müdaxilələr nəticəsində formalaşdığı artıq məlum oldu. Son zamanlar yenidən valyuta dəyişmə məntəqələrinin açılması müzakirə olunur. Amma heç kim də sual vermir ki, bu qərarı kim və nəyə görə vermişdi? Valyuta dəyişmə məntəqələri niyə bağlanmışdı ki, “qara bazar”ın çiçəklənməsi də bununla paralel getdi?!
Sovet ordusuna, təhlükəsizlik orqanlarına, polisə baxmayaraq, “qara bazar” hətta sovet vaxtı belə fəaliyyət göstərirdi, bunun qarşısını almaq mümkün deyildi. Ona görə də inzibati qaydalardansa, iqtisadi tənzimləmələrə üstünlük verilməlidir ki, belə iqtisadi eybəcərliklər yaranmasın. “Qara bazar” iqtisadiyyatda eybəcər təzahürlərdən biridir. İndi yenidən valyuta dəyişmə məntəqələri açılıb, normal fəaliyyət göstərdikdə iqtisadi təsirlər işə düşəcək və “qara bazar”ın sıradan çıxmasına səbəb olacaq. Amma hələ ki, bəzi banklar da “qara bazar”ın qalmasında və fəaliyyət göstərməsində maraqlıdırlar”.

“Bu idarəetmənin çox bərbad bir vəziyyətdə olduğunun əyani sübutudur”

 

N.Cəfərli təəssüflə qeyd etdi ki, valyuta dəyişmə məntlərinin ləğv olunub, yenidən bərpa edilməsi, sonuncu səhv qərar deyil: “Qərar verilərkən ciddi müzakirələr keçirilmir və ölkədə müzakirə ortamı yoxdur deyə, heç bir əks arqumentlər dinlənilmir, qərarlar verilir. Sonra prakitkda bunun səhv olduğu üzə çıxır və bu qərarların ləğvinə və yaxud dəyişdirilməsinə cəhdlər olur. Əslində, bu idarəetmənin çox bərbad bir vəziyyətdə olduğunun əyani sübutudur. Çünki valyuta dəyişmə məntəqələri bağlanarkən ən vacib arqument kimi belə səsləndirilirdi ki, valyuta dəyişmə məntəqələri ajiotaja və məzənnənin artmasına səbəb olur. Amma tam əks proses oldu. Vayuta dəyişmə məntəqələrinin bağlanması “qara bazar”ın çiçəklənməsinə səbəb oldu, əksinə ajiotajı artırdı. Məhz valyuta dəyişmə məntəqələrinin bağlanması prosesindən sonra məzənnənin daha tez-tez və kəskin dəyişməsinin, bu ilin yanvar ayında rəsmi məzənnənin 1.92 olmasının şahid olduq, hətta “qara bazar”da 1 dolları 2 manata gördük. Bu nəyin nəticəsi idi? Ona görə, valyuta dəyişmə məntəqələri yox idi, amma belə bir ajiotaj yaradıldı. Deməli, verilmiş qərar kökündən səhv idi, heç bir müzakirə ortamı olmadan verilmişdi. İndi yenidən qərar dəyişdirlir və valyuta dəyişmə məntəqələrinin açılmasına icazə verilir. Hansı şəxslər, deputatlar, məmurlar valyuta dəyişmə məntəqələrinin bağlanması alqışlyırdısa, indi həmin şəxslər valyuta dəyişmə məntəqələrinin açılmasını alqışlayırlar. Şəxsən mənim üçün bu məntiqi başa düşmək çox çətindir”.

“Daxili çəkişmələrin nəticəsi olaraq bütün maliyyə sistemi ciddi əziyyət çəkir”

 

“Mənə elə gəlir ki, bir gizli güc göstərməsi də var. Hər üç qurum əsasən də Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank sanki bir-birindən üstün olduğunu, hansının daha vacib qurum olduğunu bir-birinə subut etməyə çalışaçaqlar. Müdaxilələrin və daxili çəkişmələrin də nəticəsi olaraq bütün maliyyə sistemi ciddi əziyyət çəkir. Son zamanlar verilən qərarların hamısı problemlər yaradır. Elə Palatanın özünün də maliyyə əməliyyatlarına, nəğdləşdirməyə qoyulmuş qaydalar və bununla bağlı verilən qərarlar çox absurd qərarlardır. Mən hüquqüşunas deyiləm, amma ciddi hüquqşünaslar bunu araşdırsalar, görərlər ki, verilən qərarlar hətta Konstitusiyamıza ziddir. Çünki insanların hesabına olan vəsait onun mülkiyyətidir və heç bir dövlət qurumu məhkəmə qərarı olmadan o mülkiyyətdən istifadə hüququnu məhdudlaşdıra bilməz. Amma Palata bunu da etdi. Nəğdləşdirməyə qadağalar qoydular, məhdudiyyətlər gətirdilər. Bu, ölkənin imicinə də ciddi zərbə vurur. Çünki dünyada iş adamları belə bir hadsələr gördükdə həmin ölkədən qaçmağa çalışırlar. Düşünülmədən verilmiş qərarlar həm daxili proseslərə ciddi zərbə vurdu, həm də iqtisadi aktivliyi xeyli dərəcədə zəiflətdi. Onsuz da iqtisadi aktivlik çox zəif idi. Sanki maliyyə siyasətinə cavabdeh olan qurumlar öz aralarında rəqabət aparır, hansının daha vacib olduğunu subut etməyə çalışır, bunun əziyyətini isə bütün vətəndaşlar və iqtisadi oyunçular görür”, - dedi iqtisadçı.

“Palatanın səlahiyyətləri və iş qaydaları ilk gündən şübhə doğurur və suallar yaradır”

N.Cəfərli onu da vurğuladı ki, maliyyə sisteminə nəzarət edən qurumların üçü də bu sahədə önə çıxmağa, əsas qərarverici orqan olmağa çalışır: “Çünki bu əsas qərarverici orqanın əlində dividentlərin olmasına gətirib çıxardacaq. Ona görə də bu çəkişmələrin əsas səbəbi bu sahədə əsas qərarverici orqan olmağa çalışmaqdır ki, gələcəkdə bütün sahənin nəzarətini öz əlində cəmləşdirə bilsin. Bu da əks effekt doğurur, ciddi problemlər və narahatçılıqlara gətirib çıxarır. Maliyyə Nazirliyi, Mərkəzi Bank və yeni yaradılmış Palata, hansı ki, səlahiyyətləri və iş qaydaları ilk gündən şübhə doğurur və suallar yaradır, bu üç qurumun üçü də maliyyə sabitliyinə, pul dövriyyəsinə iqtisadi aktivliyə cavabdeh olan qurumlardır. Ən maraqlısı budur ki, inkişaf etmiş dünyanın praktikasında Maliyyə Nazirliyi həmişə Mərkəzi Banka sözün yaxşı mənasında müxalif bir nazirlik olur, hətta Rusiyada, Qazaxıstanda belə, biz bunu görürük. Çünki Maliyyə Nazirliyi həm də iqtisadi aktivliyə cavabdeh nazirliklərdən biridir. Ona görə də Mərkəzi Bankın atdığı addımları ən çox tənqid edən qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi olur, hətta Rusiyada da belədir. Orada həm Maliyyə, həm də İqtisadi İnkişaf nazirlikləri tez-tez Mərkəzi Bankın atdığı addımları tənqid edirlər ki, iqtisadi aktivliyə zərbə vurur. Azərbaycanda sözün yaxşı mənasında nə öz aralarında belə publik mübahisə, nə də bir müzakirə ortamı yoxdur. Sanki kimin daha güclü olduğunu subut etməyə çalışırlar. Bunun da əziyyətini bütün ölkə çəkir”.

“Bankların alışı-satış məzənnələri arasında çox ciddi fərq var”

Hüquqşünas Əkrəm Həsənov isə bildirdi ki, “qara bazar”a sərbəstlik verilməsinin iki səbəbi var: “Birincisi, “qara bazar”ın aktivləşməsi onunla bağlı olur ki, Mərkəzi Bank bankların tələbinə uyğun xarici valyuta satmır. Bu halda isə “qara bazar” qalır. Banklar elan edirlər ki, xarici valyuta satırlar, amma faktiki satmırlar. Digər səbəbi odur ki, bankların alışı-satış məzənnələri arasında çox ciddi fərq var. Banklar xarici valyutanı ucuz alıb, çox baha satmağa meyl göstərirlər. Bu da təbi ki, valyuta alıcılarını və satıcılarını qane etmir, “qara bazar” da banklardan daha sərfəli şərtlər təqdim edərək, bu bazara qayıdır. Əsas səbəblər budur. Bu səbəblər olmasa, “qara bazar” fəaliyyətə göstərə bilməz”.
 

“Əvvəlki qanuna zidd bir qanun qəbul etmək yaxşı hal deyil”

 

Ə.Həsənov qeyd etdi ki, əvvəlki qanuna zidd bir qanun qəbul etmək yaxşı hal deyil: “Amma biz bilirik ki, bu valyuta dəyişmə məntəqələri ləğv ediləndə bankların valyuta məzənnələri Mərkəzi Bankın məzənnəsindən 2 faiz fərqlənə bilərdi. Mərkəzi Bankın qoyduğu bu marja tələb var idi. O zaman da valyuta dəyişmə məntəqələri həmin limiti pozurdular. Çünki banklar satmırdı, bunlar satırdı, sadəcə məzənnə tələbini pozurdular. Məhz bu səbəbdən valyuta dəyişmə məntəqələrini bağladılar. Sadəcə Mərkəzi Bank onların öhdəsindən gələ bilmədi və banklar qarşısında gözükölgəli olduğu üçün banklara belə göstərişlər verə bilməsi, valyuta dəyişmə məntəqələrini cəzalandıra bilməyib, ümumiyyətlə bağladı. Amma indi biz bilirik ki, bu ilin əvvəlindən bankların valyuta məzənnlərinə dair tələb yoxdur, kim neçəyə istəyir həmin qiymətə də valyuta alverini edir. Buna görə, heç bir təhlükə olmadığı üçün də həmin məntəqələr yenidən bərpa edilir”.

“Maliyyə sisteminə rəhbərlik edən şəxslər arasında münasibətlər pisdir”

“Maliyyə sisteminə rəhbərlik edən şəxslər arasında münasibətlər pis olduğu üçün öz şəxsi münasibətlərini bir-biri ilə həll edirlər, amma dövlətin mənafeyi kənarda qalıb. Bu da onun nəticəsidir ki, Azərbaycanda vahid hökumət, yəni güclü baş nazir yoxdur. Hər bir dövlət qurumu öz siyasətini həyata keçirir, öz işi ilə məşğuldur, bunların arasında kordinasiya zəifdir. Əlbəttə, başlarında güclü dövlət başçısı var, amma dövlət baçşısının işi yalnız ölkənin daxili iqtisadi məsələləri deyil axı. Dövlət başçısının işi xarici siysətdi, təhlükəsizlikdi, hərbi məsələlərə də xeyli vaxtı gedir. Daxili məsələlər daha çox baş nazirin işidir. Təəssüf ki, bizdə hökumət vahid komanda şəklində fəaliyyət göstərmədiyi üçün belə problemlə üzləşirik”, -dedi hüquqşünas.

“Qanunları işləməyən, məhkəmələri ədalətsiz olan ölkəyə heç kəs pul qoymaz”

 

Ə.Həsənov hesab edir ki, mövcud maliyyə böhranından çıxmaq üçün ilk növbədə ölkədə vahid iqtisadi komanda, güclü baş nazir olmalıdır ki, bütün hökumət üzvləri də ona tabe olsunlar və nazirliklər və digər qurumlar arasında fkir ayrılığı yarandığı anda belə həmin o baş nazir bu problemləri həll edə bilsin: “İkincisi, qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir, qanunvericilik təkmilləşməlidir. Ölkənin bügünkü iqtisadi böhrandan çıxışının yalnız bir yolu var. Qanunların işləməsi, məhkəmələrin ədalətli və obyektiv olması ki, yəni qeyri-neft sektoru inkişaf etsin, sahibkarlar tam gücü ilə fəaliyyət göstərə bilsin və ölkəyə investisiyalar qoyulsun. Qanunları işləməyən, məhkəmələri ədalətsiz olan ölkəyə heç kəs pul qoymaz”.

“Ölkəyə pul axınları azaldıqca məmurlar arasında ziddiyyətlər də artır”

 

“Biz bilirik ki, bizdə dövlət məmurlarının çoxu yalnız dövlət işi ilə məşğul deyil, demirəm hamısı, amma çoxu belədir. Öz şəxsi maraqları var, bu maraqlar da toqquşanda problem yaranır. Nə qədər ki, Azərbaycanda gəlirlər çox idi, ölkə də güclü inkişaf edirdi. Bunlar bir-biri ilə dil tapırdılar, yəni ki, mən də qazanım, sən də qazan. Amma ölkəyə pul axınları azaldıqca bunların arasında ziddiyyətlər də artır. Həm də ki, uğursuz fəaliyyətlərini də çox zaman çalışırlar ki, dövlət başçısının və xalqın gözündə bir-birinin üstünə atsınlar”, - deyə Ə.Həsnov əlavə edib.
 

“Ölkənin maliyyə sisteminə rəhbərlik edən şəxslərin bank sistemi ilə sıx bağlılıqları onlara obyektiv qərarlar verməyə mane olur”

 

Əkrəm Həsənov onu nəzərə çatdırdı ki, ölkənin maliyyə sisteminə rəhbərlik edən şəxslər, Maliyyə Nazirlyinin, Neft Fondunun, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mərkəzi Bankın rəhbərləri hamısı Mərkəzi Bankdan çıxmış adamlardır: “Yəni vaxtilə dördü də bir yerdə çalışıblar. Buna görə də bank sistemi ilə sıx bağlılıqları var. Bank sistemi ilə sıx bağlılıqları olduğu üçün də bu onlara mane olur ki, obyektiv qərarlar versinlər”.

 

Şamo EMİN
Hurriyyet.org

 

09:36