Azərbaycandan Qarabağ ŞƏRTİ: Kimlər razılaşacaq?

 

Fikrət Sadıxov: “Erməni tərəfi bundan narahatdırsa, nəticə çıxarsınlar, kompromisə gəlsinlər”
 

Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Ermənistana son tələblərini irəli sürdüyü barədə məlumatlar yayılıb. Belə ki, Azərbaycan Ermənistandan sülh əvəzinə işğal olunmuş ərazilərinin qaytarılmasını şərt qoyub. Bu barədə erməni jurnalist Naira Ayrumyan əldə etdiyi məlumatlara əsasən yazıb. Erməni jurnalist Azərbaycan Ordusunun Ermənistana məxsus “OSA” zenit-raket kompleksini vurmasının İrəvanda ciddi narahatlıq yaratdığını deyib: “Son vaxtlar cəbhədə gərginlik artıb. Bakı İrəvan qarşısına şərt qoyub: əsgərlərinizin ölməsini istəmirsinizsə, rayonları qaytarın və qoşunları bölgədən çıxarın”. N.Ayrumyan rəsmi İrəvanın Bakının tələbi qarşısında susduğunu da yazıb. “Ermənistan əraziləri qaytarmağa hazırdımı? Ermənistan üçün indiki məqamda sülh əhəmiyyətlidir. Xarici işlər naziri Eduard Nalbandyan bildirdi ki, Ermənistan danışıqlara hazırdır, çünki bunun alternativi yoxdur. Lakin Bakının tələbi haqda heç nə demədi, susdu. Bu, razılıq əlamətidirmi? Bununla yanaşı, “aprel müharibəsi”ndən sonra İrəvan “ərazilərin qaytarılması əvəzində Qarabağın müstəqilliyinin tanınması” şərtini irəli sürmüşdü. Görünür, Ermənistan bu şərtini geri çəkib. İndi Bakı diktə edən tərəf kimi çıxış edir”, - deyə erməni jurnalist vurğulayıb. Əslində Azərbaycan tərəfinin Ermənistan qarşısında qoyduğu şərt rəsmi mövqeyə istinad edilməyib. O zaman sual yaranır, bəs erməni jurnalistində bu tələblərlə bağlı məlumatlar haradandır?

Politoloq Fikrət Sadıxov açıqlamasında deyib ki, istənilən halda Azərbaycanın mövqeyi münaqişə ilə bağlı sərt və prinsipiallıqdır: “Biz Dağlıq Qarabağ problemini yalnız ərazi bütövlüyü çərçivəsində müzakirəsinə hazırıq və bunu heç vaxt gündəmdən çıxarmamışıq. Hər halda bəyanatlar da vermişik ki, ərazi bütövlüyümüz heç vaxt müzakirə predmeti ola bilməz. Yəni bu bizim prinsipial mövqeyimizdir. Erməni müxbirinin Azərbaycan haqqındakı bu bəyanatına gəlincə, bunun şərhinə ehtiyac yoxdur. Çünki adətən onlar uydurma məlumatlar yazırlar. Görünür, təbliğat maşınları öz auditoriyaları üçün müəyyən istiqamətdə iş aparır. Amma biz gizlətmirik ki, aprel hadisələrini hər an təkrar edə bilərik. Biz ərazi bütövlüyümüzü bərpa etməyə hazırıq və 7 rayonun azad olunmasına yönələn səylərimizi daha da gücləndirməliyik. Hərbi potensialımızın artması ilə bağlı addımlar atılır, ən müasir silahlar alınır. Erməni də bunu görür və dərk edir. Sadəcə onlar bundan narahatdırlarsa, nəticə çıxarsınlar. Müəyyən və normal güzəşt addımları atsınlar, kompromisə gəlsinlər. Bizim artıq kompromis etməyə imkanımız yoxdur. Biz heç bir kompromisə getməməliyik və yalnız Dağlıq Qarabağla bağlı müzakirələr gedə bilər. Öz prinsipial mövqeyimizi uzun illərdir ki, dəyişmirik. Bu ətrafda hansısa uydurma bəyanatlar vermək, yazılar dərc etmək onların xeyrinə atılan addımlar deyil”.

Politoloq vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyə hazır deyil: “Ona görə ki, onların o qədər də zəngin gücü yoxdur. Özü-özlüyündə heç nədir. Söhbət aparıcı dövlətlərin ona dəstək verməsi və yaxud seyrçı mövqedə qalmasıdır. Bizi bərabərləşdirmək, hansısa sülhə çağırmaq, kompromisə vadar etmək, masa arxasında əyləşdirmək mümkün olmayacaq. Biz təzyiqimizi göstərməliyik. Hərbi potensialımızın artmasında bizim güc nümayişi, hərbi texnikanın orada cəmləşməsi, onlara vaxtaşırı zərbə endirməsi siyasətimizin tərkib hissəsidir. Azərbaycan tərəfi düşmən ölkəyə sakit yaşamağa və vəziyyətin bu illər ərzində belə qalmasına imkan verməməlidir”.

Alçina Amilqızı

Cebhe.info

10:28