Azərbaycandan Avropaya daşınan milyonlar: Pullar ölkədən çıxarılır

 

Əkrəm Həsənov: “Vətəndaşlar əmanətlərini xarici banklara qoymağa başlayıb”

Azərbaycanda baş verən maliyyə böhranı ilk növbədə ölkə əhalisinin banklara olan etibarını sarsıtdı. Belə ki, bu gün heç kim banklara etibar etmir və buna görə də öz əmanətlərini banklardan çəkmək istəyir. Digər tərəfdən də artıq heç kim banklara əmanət yerləşdirmək istəmir. Çünki, sabah həmin bankın bağlanıb-bağlanmayacağına heç kim təminat vermir.
Bağlanan banklarda isə əmanətlərin necə qaytarıldığı heç kimə sirr deyil.Aprelin 1-nə olan rəsmi məlumata əsasən ötən illə müqayisədə banklara əmanətlərin yerləşdirilməsi kifayət qədər azalıb. Məlumata görə 2017-ci il aprelin 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6 milyard 911,4 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilmiş məlumatda qeyd edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi 977,5 milyon manat və ya 12,4 faiz azalıb. Bununla yanaşı, bu ilin fevral ayı ilə müqayisədə martda əmanətlərin həcmi 190,4 milyon manat və ya 2,68 faiz azalıb. Bu isə yerli əhalinin artıq banklara etibar etmədiyinin bariz göstəricisidir. Yayılan məlumatlar və mövcud mənzərə vətəndaşların xarici banklara üz tutması məsələsini gündəmə gətirir. Dünyanın ən etibarlı banklarına əmanət qoymaq haqqında fikirləşənlər az deyil. Bəs bu mümkündürmü?Azərbaycan vətəndaşı xarici ölkə banklarına əmanət yerləşdirə bilərmi?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlamasında deyib ki, banklardan əmanətlərin çəkilməsi prosesi gələcək dövrlərdə də davam edəcək: “Azərbaycanda baş verən 2015-ci il devalvasiyasından sonra əmanətlər aybaay azalan tendensiya üzrə davam edib. Yəni, elə ay olmayıb ki, Azərbaycanda əmanətlər azalmasın.Təkcə mart ayı ərzində banklardan 190 milyon manatdan çox əmanət çıxarılıb.Hər ay da bu cür azalmalar müşahidə olunur.
Bunun bir neçə səbəbi var. Birinci səbəb isə odur ki, banklara etibar yoxdur və vətəndaşlar pullarını bankda saxlamaqdan qorxur.Hər kəs bağlanan banklarda qalan əmanətlərin necə qaytarıldığının şahidi oldu. Hətta elə banklar var ki, hazırda fəaliyyət göstərir, ancaq artıq əmanətləri qaytarmır.Heç bir qurum isə bununla bağlı tədbir görmür. Digər bir səbəb isə odur ki, vətəndaşların gəliri kifayət qədər azalıb və artıq hər kəsin nağd pula ehtiyacı var. Hesab edirəm ki, hazırkı vəziyyətdə banklara etibar olmadığı üçün bu proses hələ davam edəcək”.

Ekspert həmçinin bildirib ki, artıq vətəndaşların əmanətlərini xarici banklara yerləşdirməsi prosesi uzun zamandır başlayıb. Ə.Həsənovun sözlərinə görə, bunun üçün heç bir şərt yoxdur, sadəcə Qərb banklarına əmanət yerləşdirmək üçün gəlir deklarasiyası təqdim etmək lazımdır: “Əsasən Azərbaycan vətəndaşları xaricdə daşınmaz əmlak almağa üstünlük verirlər. Bununla da öz valyutalarını qorumağa çalışırlar.Bunun üçün isə vətəndaşlar daha çox Şərqi Avropaya üz tuturlar.Çox pullu vətəndaşlar isə əsasən İngiltərəyə, Almaniyaya üstünlük verirlər.Orta təbəqə isə Türkiyə və ya Gürcüstandan mülk alırlar.Əmanətlər də məhz bu istiqamətdə qoyulur. Əlbəttə, vətəndaşlar Qərb banklarına əmanət yerləşdirmək istəyirlər, amma orda bu proses çox çətindir.  Çünki, həmin ölkələrdə pulun hardan, hansı yollarla əldə olunmasını soruşurlar.Həmin ölkələrdə çirkli pulların yuyulması ilə bağlı mübarizə ciddidir.Amma Qərbdə əmanət yerləşdirə bilməyən Şərqi Avropa, Türkiyə və ya bizə ən yaxın olan Gürcüstan banklarına üz tuturlar.Hətta bu gün Gürcüstan bankları Azərbaycanla müqayisədə daha etibarlı hesab olunur.Qanunla adı çəkilən ölkələrdə əmanət yerləşdirmək üçün minimum və ya maksimum hədd müəyyənləşdirilmir.Amma hər bir bank özü üçün belə hədd tətbiq edə bilər.Hətta Azərbaycanda da bu cür məhdudiyyətlər tətbiq edən banklar var. Məsələn “PaşaBank” 100 min manatdan aşağı olan əmanətləri qəbul etmir.Bu bankın daxili işidir”.
 

Vilayət Muxtar
Cebhe.info

 

09:23