Azərbaycanda ümid kəndlərə qalıb

Elçin Bayramlı: “Azərbaycan bu sahədə böyük potensialı var”

2016-cı ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5 milyon 998 min 77 manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz azalması olub. Əlavə dəyərin 37,4 faizi sənayedə, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,0 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 18,0 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6223,8 manata bərabər olub.
2015-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,5 faiz artıb. Kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatıb. 2016-cı ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən 3065,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2 faiz (65,7 min ton) çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib. 2016-cı ildə 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5 faiz çox kartof, 1269,3 min ton (0,5 faiz az) tərəvəz, 464,6 min ton (4,1 faiz az)  bostan məhsulları, 883,7 min ton (0,5 faiz az) meyvə və giləmeyvə, 134,5 min ton (14,4 faiz az) üzüm, 1015,7 ton (75,4 faiz çox) yaşıl çay yarpağı, 321,3 min ton (72,7 faiz çox) şəkər çuğunduru, 17,1 min ton (9,3 faiz az) dən üçün günəbaxan, 3598,2 ton (3,8 faiz çox) tütün yarpağı yığılıb. Yanvarın 9-dək ölkə üzrə pambıq tədarükü 88 min 596,9 ton təşkil edib. Bu isə 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur (35 min 192 ton). 2016-cı ildə 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6 faiz çox diri çəkidəət, 2009,9 min ton (4,4 faiz çox) süd, 1609,8 milyon ədəd (3,7 faiz çox) yumurta, 16,7 min ton (2,1 faiz az) yun istehsal olunub.

Azərbaycanın indiki potensialına görə aqrar sektorun göstəricilərinə ümid etmək olarmı?

 “Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı bildirib ki, neft sektorundan sonra Azərbaycan iqtisadiyyatın digər sahələri üzrə rəqabətə davamlı ola bilməz: “Azərbaycan Avropa, eləcə də qonşu ölkələrlə müqayisədə sənaye sahəsində bazarda rəqabətə hazır deyil. Ölkə istər ağır, istərsə də yüngül sənaye bazarlarına girib gəlir əldə edə bilməz. İqtisadiyyatın sahələri arasında Azərbaycan yalnız aqrar sahədə böyük potensialı var. Məlum olduğu kimi hazırda dünyada ekoloji məhsullar çox baha qiymətə satılır. Dünyada genetik modifikasiya olunmuş bitkilər və istehsal olunan yeyinti məhsullarının bazarı sürətlə inkişaf edir. Demək olar ki, iqtisadi vəziyyəti nisbətən zəif olan ölkələr bu cür məhsulların qarşısını almaqda acizdir. Amma Azərbaycan bu cür keyfiyyətli məhsulları xarici bazarlara çıxardıb müəyyən gəlir əldə edə bilər. Ümumiyyətlə torpaqla bağlı sahələr neftdən sonra ikinci gəlirli sahədir. Hazırda ölkənin təbii şəraiti, iqlim qurşaqları, torpaq ehtiyatları imkan verir ki, burada intensiv formada innovasiyanın tətbiq edilməsi ilə daha ciddi məhsuldarlıq əldə edilsin və sektorun səmərəliliyi artırılsın”.
Ekspert aqrar sektorda tekstil fabrikləri açaraqölkənin daxili bazarının tələbatınıödəməyin mümkünlüyün də vurğulayıb: “İqtisadiyyatımızın yeganə qurtuluş perspektivi aqrar sənaye sahəsidir. Bu təcrübə var. Sovet dövründə neft sektoru Azərbaycan iqtisadiyyatının heç 30 faizini təşkil etmirdi. Aqrar sənaye sahələri çox böyük paya malik idi. İndi sadəcə düzgün islahatlar həyata keçirib, stimullaşdırıcı tədbirlər görməklə bunu yenə də bərpa etmək olar. Üstəgəl, Xəzər dənizindən də böyük gəlir əldə etmək olar. Ən azı ölkənin dəniz məhsullarına olan tələbatı ödənmiş olar.  Əsas problem onda yarandı ki, dollar bahalaşandan sonra ölkəyə yeyinti məhsulları çox idxal olundu. Əgər biz ərzaq idxalının qarşısını alsaq ölkədən çıxan valyuta axının da qarşısını almış olarıq.Xarici ölkələr istənilən məhsulu istehsal edib onu elə qiymətə təqdim edirlər ki, Azərbaycandakı məhsulun maya dəyərindən də aşağı başa gəlir. Belə olan halda ölkənə daxili, nə də xarici bazarda rəqabətə davam gətirə bilməz. Azərbaycanın potensialı var ki, arıçılıq sektorunu inkişaf etdirsin. Bu, nə texnika, nə  əkin-biçin, nə də əlavə vəsait tələb edir. Yəni, bu işi sadəcə təşkil etmək lazımdır. Sanki biz bu təcrübəni unutmuşuq. Bu sahəni bərpa edib, kadrlar yetişdirmək lazımdır.Beləliklə ölkəni də, istehsal olunan məhsulları da qısa müddətdə tanıtmaq olar”.

Yeganə Oqtayqızı
Cebhe.info

10:50