Azərbaycanda Türkiyə hərbi bazaları... düşməni “başa salmaq” zamanı

Türkiyənin ordu rəhbərliyinin Azərbaycan prezidenti ilə görüşündə verilən mühüm bəyanatların pərdəarxası; politoloq: “Bazalar yerləşdiriləndən sonra Dağlıq Qarabağ məsələsinin üzərinə gediləcək...”

Bu günlərdə hər birimizi qürurlandıran Türkiyə-Azərbaycan qardaşlığına dair möhtəşəm hadisələrə şahidlik etməkdəyik. Tovuz şəhərinə Ermənistanın xain hücumundan sonra Bakı və Ankaranın əməkdaşlığı yeni mərhələyə adlayıb. Belə ki, Türkiyə dövləti bölgəmizdə baş verənlərə anındaca reaksiya verir, bütün Türkiyə ictimaiyyəti Azərbaycanla nəfəs alır.

Azərbaycanın Xarici İşlər və Müdafiə nazirləri Ceyhun Bayramovla Zakir Həsənovun yüksək səviyyəli Ankara səfərindən bir gün sonra Türkiyə Cümhuriyyətinin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfər etməsi, iki həftəyə yaxındır keçirilən birgə hərbi təlimləri izləmələri və prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbulunu izlədik.

“Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik”.

Hərbi-texniki sahədə bir nömrəli tərəfdaşımiz - Türkiyə olacaq ...

 

Bu fikirləri İlham Əliyev avqustun 13-də Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. “Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaq. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”, - dövlət başçısı vurğulayıb.

Hulusi Akar görüşdə vurğulayıb ki, Türkiyə “ədalətli mübarizəsində Azərbaycana işğal olunmuş torpaqlarının azad edilməsində dəstək verməyə davam edəcək”. Türkiyəli nazir “Türkiyə-Azərbaycan hərbi təlimlərinin iki ölkə arasındakı birlik və qardaşlıq münasibətlərini əks etdirdiyini” bildirib. Akar həmçinin prezident Ərdoğanın səmimi salamlarını İlham Əliyevə çatdırıb və Azərbaycan prezidentini tezliklə Türkiyədə görməkdən məmnun olacaqlarını bildirib.

İlham Əliyev Türkiyənin hərbi nümayəndə heyətini qəbul edib ...

 

Qafar Çaxmaqlı

Q.Çaxmaqlı bildirdi ki, bəzi rus politoloqlar bu razılaşmanın Rusiya üçün təhlükə deyil, əməkdaşlıq üçün yol açacağını deyirlər: “Rusiyanın imperiya xislətli bir dövlətdən yeni, xalqları və qonşuları qucaqlayan bir dövlətə dönüşməsi ideyasını reallaşdırmaq istəyən qüvvələr var. Türkiyə Rusiyanın Suriyada, Liviyada varlığını qəbul etdiyi kimi, Rusiya da Cənubi Qafqazda onun hərbi mövcudluğunu qəbul etməlidir. Əlbəttə, Dağlıq Qarabağ məsələsində bizim və Rusiyanın bir-birindən kəskin fərqlənən mövqeyimiz olsa da, ortaq bir nöqtəyə gəlmə düşüncəsi də yox deyil. Ədalətli bir qərar bölgədə münaqişənin sonunu gətirə bilər. Bu olaydan, yəni Türkiyə bazalarının yerləşdirilməsindən sonra, məncə, Dağlıq Qarabağ məsələsinin üzərinə gediləcək. Rusiya ilə Türkiyənin hərbi olaraq Azərbaycanda yerləşmək qərarını Rusiyanın qəbul etməkdən başqa yolu yoxdur. Həm də Azərbaycanın Türkiyə üçün yalnız hərbi deyil, bir xalq, bir dövlət olma, gələcəkdə konfederasiya şəklində birləşmə özəlliyi var. Bunu gözardı etmək olmaz. Naxçıvan və Abşeronda baza yaradılması ilə bağlı, məncə, əngəl yoxdur. İnşallah, bu, müqavilə ilə təsbit olunacaq”.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə bildirdi ki, Azərbaycan-Türkiyə ordularının birgə təlimlərinin 1-ci hissəsi uğurla başa çatıb: “Əvvəlki illərdə bu cür təlimlər bir qədər fərqli şəkildə keçirilirdi. İndiki təlimlər isə son vaxtlar regionda və dünyada baş verən bir sıra önəmli siyasi məsələlərdən dolayı mərhələlərə bölündü. Bunu xırdalamağa, məncə, ehtiyac yoxdur. Azərbaycan prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Türkiyə ordusunun rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi çox vacib və açıq mesajlar, məncə, hər kəsə aydın fikirlər idi. Biz bunun arxasında nə dayandığını çox tezliklə görəcəyik. İlk dəfə idi ki, bu görüşün detalları da açıq şəkildə cəmiyyətə elan edildi. Bu sıradan adi bir görüş və söhbət deyildi. Regionda vəziyyəti gərginləşdirməkdə israrlı olan bəzi hoqqabazlara və beynəlxalq oyunçulara açıq mesajlar idi”.

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

 

Üzeyir Cəfərov

Hərbi ekspert bildirdi ki, təlimlərin ikinci hissəsi yaxın aylarda qardaş Türkiyə Respublikasının ərazisində keçiriləcək: “Bildiyim qədər ilin sonuna kimi həm də üçtərəfli - Azərbaycan, Türkiyə və Gürcüstan ordularının iştirakı ilə daha bir təlim planlaşdırılıb. Hər hansı bir başqa amillər olmasa, biz yaxın aylarda regionda çox maraqlı və önəmli hərbi-siyasi addımların şahidi olacağıq. Yeganə istəyim məsələlərin çox da uzanmamasıdır ki, bunun üçün də bir qədər operativ, çevik diplomatik addımlar atılması və qərarların qəbulu vacibdir. Hesab edirəm ki, hər şey yüksək səviyyədə gedir. Qalır texniki xarakterli işlər, o da qısa zaman çərçivəsində mümkündür”.

Ü.Cəfərov qeyd etdi ki, düşmənlərimizi “başa salmaq” üçün çox unikal imkanlar yaranıb və biz bunu tez bir zamanda praktiki müstəviyə çevirməliyik.

Bu arada Ermənistanda yenə də Rusiyaya qarşı çıxışlar başlayıb, hətta rus bazasını ölkədən qovacaqları ilə şantaj edirlər. Təbii ki, buna cəsarətləri çatmaz. Amma bu yolla Rusiyanı Azərbaycan və Türkiyənin birliyini pozmaq üçün aktivlik göstərməyə sövq edəcəklərini zənn edirlər. Lakin anlamırlar ki, Ermənistanın bölgədəki yeri Azərbaycanla müqayisəyə belə gəlməz dərəcədə kiçikdir. Belə olan halda Rusiya Azərbaycan və Türkiyəni niyə özündən uzaqlaşdırsın ki?..

xudaferin.eu

 

 

 

10:33