Azərbaycanda teleseriallar və “Vicdanhaqqı” filmi haqqında düşüncələrim

Artıq bir neçə həftədir ki, İsveçin İctimai kanalı olan SVT-də Türkiyənin 2015-ci ildə Star TV-də yayınlanan ”Paramparça” serialı nümayiş etdirilir. Onu da deyim ki, bu ilkTürkiyə tv və kino xadimlərinin istehsal etdiyi tv serialı deyil ki, İsveç televiziyası nümayiş etdirir. Bundan öncə təxminən 3-4 serial İsveç tv-lərində nümayiş olunub. Düzünü deyim ki, rejissor və operator işi, texniki çəkiliş, işıq və dekorasiya, uğurlu interyer və eksteryer və ən nəhayət aktyor oyunu çox yüksək səviyyədə həll olunub bu serialda. Çox maraqlı bir məqam da diqqətimi çəkdi. Belə ki, İsveç versiyasında bu serial Türk versiyasından fərqli olaraq 2 saat 30 dəqiqə deyil, cəmi 30 dəqiqə nümayiş etdirilir. Həftədə bir dəfə deyil, həftə içi hər gün. Bu məqam bir də ona görə diqqətimi çəkdi ki, isveçlilər hər seriyanı montaj edərək qısaldıblar, nəinki bir seriyanı 3 və ya dürd yerə bölüblər. Demək olar ki, hər serialın əsas məğzi götürülüb. Əlbəttə evdə biz ailəliklə bu seriala baxanda 2-3 seriala birdən və təkrarına baxırıq. Çünki mental olaraq 30 dəqiqə bir filmə və yaxud  seriala baxmaq bizim üçün çox azdır. Seriallar indi bütün dünya tv-lərində proqramlar içində əsas yeri tutur. Yəni tamaşaçı reytingini nəzərə alarsaq ən əsas baxılan program veriliş məhz elə teleseriallardır. Rusiya vəTürkiyə serialları bu günümüzdə çox böyük sürətlə inkişaf edib. Hətta deyərdim ki, Türkiyənin istehsal etdiyi seriallar bu gün dünya TV marketing bazarında öz rəqabətçilərindən, məsələn Braziliya və Meksikadan çox böyük fərqlə irəlidədirlər. Venesuela artıq bu yaxınlarda baş verən iqtisadi böhrandan sonra demək olar ki, serialların istehsalını tam dayandırıb. Qardaş Türkiyədə son illərdə çəkilən teleseriallardan dünya bazarında ildə əldə olunan gəlirin miqdarı 345 milyon dollara çatıb. Türkiyə kinematoqrafçılarının hesablamalarına görə, yaxın dörd-beş ildə dünya bazarında teleserialların yayımından əldə olunan gəlirlərin miqdarı bir milyard dollara qədər artacaqdır. Artıq bu yöndə xüsusi işçi qrupları hazırlanıb. Ölkənin ən peşəkar menecerləri, cokeyləri, film tasarımçıları, kino rejissorlar, ssenaristlər və digər professional kadrlar bir araya gələrək kino sənətinin perspektivləri haqqında projelər hazırlamışlar. Beləliklə də teleserial sahəsi xüsusi industriyaya çevrilibdir. Ötən il dünya bazarında Türkiyənin istehsalı olan 45 seriyalı “Kara Para Aşk” televiziya serialı 107 ölkəyə satılmışdır. Bu rəqəmləri ona görə xatırladırıq ki, Azərbaycanda artıq dünya starndartı anlayışı ictimai fikirdə formalaşsın. Yəni mədəniyyətə və peşəkar sənətə qoyulan yatırım heç zaman itmir. Sadəcə yatırımın kimlərlə birlikdə gerçəkləşdirilməsi məsələsində diqqətli olmaq tələb edilir.

Azərbaycan Tv-lərində də artıq milli seriallara çox böyük diqqət yetirilir. Bu çox böyük təqdirə layiq hadisədir. Hər il dövlət büdcəsindən seriallar çəkmək üçün maddi vəsait ayrılmasını yüksək dərəcədə qiymətləndirə bilərik. Bu işə teatr və kino xadimlərinin cəlb olunması, hətta əyalət teatrlarının istedadlı aktyorlarını seriallarda iştirak edilməyə dəvət edilməsi xüsusi qeyd olunmalıdır. Onlar öz potensialını həmin seriallarda göstərirlər ki, bu da maddi və mənəvi ehtiyaclarını qismən də olsa aradan qaldırır. Seriallarda əsasən quru danışıqlara yox, təbii ünsiyyətə və hətta yerli dialektlərə üstünlük verilməlidir. Və bəzi seriallarda bu qabarıq şəkildə özünü göstərir. Nəticədə tv məhsulu tamaşaçıya daha doğma, daha yaxın olur. Bu gün Azərbaycan teleserial məkanında aktyorların peşə və yaradıcılıq hazırlığı yaxşı səviyyədədir. Amma texniki baxımdan bunu demək çox çətindir. Hiss olunur ki, bəzən seriallar ucuz başa gəlmək üçün tezbazar çəkilir. Bu da texniki keyfiyyətdə öz təsirini qabarıq göstərir. Konkret yaxın dostum Rövşən İshaqın ATV kanalında nümayiş etdirilən “Vicdan haqqı” serialı üzərində durmaq istəyirəm. Rövşən İshaqı illərdir tanıyıram. İlk öncə onu deyim ki, Rövşən çalışqan, heç zaman bir yerdə durmayan və arxayınlıqdan uzaq istedad sahiblərindən biridir. Onu hələ İncəsənət İnstutunun birinci kursundan tanıyıram. O, peşəkar TV rejissoru və prodüsseridir. Tamaşaçıların çoxunun heç xəbəri də yoxdur ki, Rövşən çox böyük tv lahiyələrinin müəlliflərindəndir. Belə lahiyələrdən ikisinin adını çəksəm bütün mənzərə sizə aydın olar. Onlardan birincisi ötən yüzilin 90-cı illərin əvvəllərində yaranmış “SOY” yaradıcılıq birliyinin, daha sonra hər gün dünyaya yayınlanan  “XəzərdənDünyaya” adlı 2 saatlıq verilişi yada salmaq olar. Sonuncu proyektdə mən də efir rejissoru kimi işləmişəm. Belə lahiyələr əlbəttə onlarladır. Amma efir məkanından başqa Rövşənin kino sahəsində də çox uğurlu bir işini qeyd etmək istəyirəm. Bu, “Aktrisa” adklı filmdir. İlqarFəhminin eyniadlı romanı əsasında çəkilmiş bu film məncə son illər kino tariximizin ən uğurlu lahiyələrindəndir. İndi təəssüf ki, belə uğurlu filmlər çox azdır. Elçin Musaoğlunun “Nabat” və Elxan Cəfərovun “Dolu”filmləri belə uğurlu lahiyələrdəndir. Hə, qayıdaq Rövşənin çəkdiyi və indi ATV-də nümayiş olunan “Vicdan haqqı” serialına. Əvvəla serialda uğurlu aktyor ansambılının şahidi oluruq. Baş rolların ifaçıları sevimli aktrisamız yaxın dostum Kəmalə Müzəffər və Elxan Yunusdan tutmuş gənc aktyorlara qədər bütün iştirakçılar uğurlu seçilib və məncə bu serial indi Azərbaycan TV məkanının ən reytingli lahiyələrindəndir. Cavidan Novruz, Murad Hüseynov və Çimnaz Sultanova isə əsl tapıntıdır. Rövşən bəyi və Vuqar Əmirovu belə aktyor ansamblı yaratdıqlarına görə ürəkdən təbrik edirəm. Əlbəttə İlhamHüseynovu, Məlahət Əhmədovanı, Azad müəllimi və Hicran xanımı və digər cavan və nisbətən orta yaşlı sənətkarların da əməyini xüsusi vurğulamaq istəyirəm. Yenə təkrar edirəm mən Elxan Yunusu və Kəmalə Müzəffəri bir rejissor kimi özüm üçün yenidən kəşf etdim. Elxanın və İlhamın gəncəli ləhcəsi bu serial-tamaşaya xüsusi şirinlik qatır.

Bəli, mən bilə-bilə bu tv serialını serial-tamaşa adlandırdım və bir az da bunun üstündə durmaq istəyirəm. Yuxarıda sadaladığım keyfiyyətlərlə yanaşı, Rövşən İshaq sağlam tənqidi qəbul edən rejissorlardandır. Yuxarıda türk kinomatoqrafçılarının istehsal etdiyi TV serialın adını nahaqdan misal çəkmədim. Çox istərdim ki, Azərbaycanın TV məkanında çəkilən serial filmlərində texniki səviyyəni nəzərə alsınlar. “Vicdan haqqı” serialında dərinlik heç nəzərə alınmayıb. Statistik  planlar bəzən çox yorucu və yeknəsəklik yaradır. Heç bir aidiyyatı olmayan şəhər planları və təkrar üzlüklər o saat gözə çarpır. Səs effektindən, küləyin, yağmurun, naturanın və exteryerin məsələn evdə qapı, kondisioner işıq, nə bilim qab-qacaq və bunların səsləri bu serialı sünilikdən və tv tamaşası səviyyəsindən qat-qat yuxarı qaldırardı. Bir də montajdan sonra görüntüdə rənglərin korreksiyasına xüsusi diqqət yetirilməlidir. Elə çəkilən kimi də montaj olunması bəzi səhnələrdə AZTV-nin arxivindəki teletamaşalardan heç də fərqlənmir. Bir sözlə tezbazar çəkiliş edilməsi bu serialı dünya tv serialları səviyyəsinə qalxmağa mane olur. Əlbəttə bunun əsas səbəbkarı məncə istehsalçı ATV kanalıdır. Sponsorları qabarıq göstərən bu kanal hər halda serialda texniki səviyyəni artırmaq üçün görünür əməlli başlı xəsislik edib. Çünki Rövşənİshaqın artıq sənət pasportu olan “Aktrisa” filmi bizim gözümüz önündədir. Hə, bir  də elə bu serialdakı aktyorla rejissorun işləmə prosesi çox gözəl və qabarıq görünür. Ən son Azərbaycanda olanda təsadüfən Xəzər TV də bir serialın tamamlanmamış parçalarına baxdım. Şamxal Həsənlinin prodüserliyi ilə istehsal olunan və İlqar Fəhminin ssenarisi əsasında “Aydın” adlı tv serialı dünya standartlarına uyğun səviyyədə çəkilmişdi. Hər halda mənim baxdığım epizodlar bunu deməyə əsas verdi. Sonda bütün Azərbaycan tamaşaçılarına yeni- yeni zövqlü seriallar arzulamaqla əziz dostum Rövşən İshaqa və onun yaradıcı kollektivinə uğurlar arzulayıram.

23:32