Azərbaycanda ət, süd niyə bahadır?

 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) adambaşına müəyyən etdiyi illik ərzaq, qida norması var. ÜST-nin müəyyən etdiyi normaya uyğun olaraq adambaşına il ərzində 85 kq ət tələb olunur, bu da ölkə üzrə təxminən 850 min ton ət istehsalı deməkdir.

 

Amma Azərbaycanda cəmi 290-300 min ton, yəni adambaşına il ərzində 29-30 kq ət istehsal olunur. Bu isə o deməkdir ki, ölkə əhalisinin ət və ət məhsullarına olan tələbatın yalnız 38 faizi daxili istehsal hesabına ödənilir. Nəzərə alsaq ki, adambaşına il ərzində 3 kiloqram da ət və ət məhsulları idxal olunur, bununla birlikdə ümumilikdə ölkə əhalisinin bu məhsula olan tələbatının yarsı belə ödənilmir. Süd məhsulları ilə bağlı da qeyd etməliyəm ki, ÜST-nin müəyyən etdiyi normaya uyğun olaraq il ərzində adambaşına 360 kq süd və süd məhsulları istehlak olunmalıdır. Azərbaycan bu tələbatın yarısını daxili istehsal hesabına təmin edə bilir. İl ərzində ölkənin 3,4 milyon ton südə ehtiyacı olduğu halda, bunun 1,7 milyon tonu daxili istehsal hesabına təmin olunur.

Ümumiyyətlə, cəmi idxal edilən ət və süd məhsullarını da nəzərə aldıqda, ölkə əhalisinin bu məhsullara olan tələbatının yalnız bir hissəsi ödənilir. Bazarda təklif az, idxal monopoliyada olduğu üçün bu məhsulların qiymətləri yüksək olaraq qalır.

 

Vahid Məhərrəmli

 

10:20