“Azərbaycanda statistik rəqəmləri şişirdirlər”

 

Vahid Məhərrəmov: “Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yerli statistika orqanları ilə çox asanlıqla dil tapa bilirlər”

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar ayında ölkədə 38,1 min ton ət, 150,2 min ton süd, 145,4 milyon ədəd yumurta, 6,0 min ton tərəvəz istehsal olunmuşdur. Bildirilir ki, 2016-cı ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 2,0 faiz, yumurta istehsalı 2,9 faiz, tərəvəz istehsalı 1,9 dəfə artmışdır.

Belə ki, kənd təsərrüfatı məhsulları 3,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 33,2 faiz, heyvandarlıq məhsulları istehsalı 2,9 faiz artmışdır.
2016-cı ilin yanvar ayı ilə müqayisədə ət istehsalının 3,4 faiz artmasına rəğmən, ölkədə ən çox ət və ət məhsulları bahalaşıb. Şəhərin müxtəlif yerlərində dana əti 11-12, qoyun əti 12-15 manat arası dəyişir. Maraqlıdır, ət istehsalı artıbsa, qiymətlərin belə ciddi artmasına rəvac verən nədir? Manatın dəyərdən düşməsi buna müəyyən dərəcədə təsir edə bilərdi, amma bu qədər də yox. Əslində, “bolluq olan yerdə ucuzluq olmalıdır” fikrinə əsaslansaq, qiymətlər bu qədər də şişməməli idi. Təəssüf ki, hazırkı qiymətlər ilə əhalinin aldığı əməkhaqqı arasında ciddi uyğunsuzluq var. İnflyasiya ilə ayaqlaşmaq olmur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Hurriyyet.org-a bildirdi ki, son zamanlar Kənd Təsərrüfatı Nazirliyi üçün rəqəmlərlə manipulyasiya etmək çox asan olub: “Bu da onunla bağlıdır ki, onların yerlərdə nümayəndləri var və o nümayəndlər yerli statistika orqanları ilə çox asanlıqla dil tapa bilirlər. Elə Sovet dövründə də var idi, bayram münasibət ilə quzu, kərə yağı göndərmək, hətta bir az maliyyə baxımından da anlaşırdılar. Görünür, bu, təkrar olunur. Ona görə ki, həm idxal ciddi artıb, digər tərəfdən qiymət yüksəlib. Deməli, yalnız ət idxalı artmyıb, həm də kəsim üçün gətirilən mal-qaranın sayı 5 dəfə artıb. Ola bilməz ki, həm ət idxalı, həm kəsim üçün gətirilən diri heyvanlar artsın, həm də istehsal artsın və qiymət də qalxsın. Bu, mümkün deyil. Biz yalnız Azərbaycanda belə halların olduğunu müşahidə edirik. Deməli, bunun qanunauyğunluğu yoxdur. Bu da onunla bağlıdır ki, statistik rəqəmləri şişirdirlər. Baxın, ölkədə mal-qaranın sayı ciddi şəkildə azalır. Qəssablar kəsim üçün heyvan tapa bilmirlər. Bu azalma ona görə baş verib ki, örüş ərazilərinin yüz min hektar sahəsi əkinə verilib, 50 min hektar verilməsi nəzərdə tutulur. Bu yaxnlarda ora da kotan salacaqlar. Ölkədə yem istehsalı bunlar təqdim etdiyi kimi deyil, yem istehsalı azalıb. Ümumiyyətlə, qüvvəli yem istehsalı demək olar ki, tələbatın yüzdə biri qədər də deyil. 2 milyon ton istehsal olunmalıdır, bunlar 47 min ton istehsal ediblər, təxminən 0,05 faiz edir. Bunların hamısı ondan xəbər verir ki, heyvandarlıq sahəsində demək olar ki, hər hansı bir iş görülmür. Burada dağınıqlıq, sistemsizlik var. Yəni mal-qaranın cins təkibi, onun identifikasiyasi, sayının qeyri-müəyyən olması və istehsal olunan məhsulların nə qədər olması ilə bağl bir məlumatsızlıq var. Dövlət Stasitika Komitəsinin alternativi yoxdur deyə, biz vəziyyəti idxalın çox olması ilə müəyyən edirik. Ölkədə əhalinin təlabatından 2.5 dəfə az ət istehsal olunub. Indi alıcılıq qabiliyyəti azaldığı bir vaxtda ətin qiymətinin artmı o demək deyil ki, ət az istehsal olunur deyə, qiymət artmalı idi. Bu, o demək deyil. Bu, o deməkdir ki, alıclıq qabiliyyəti azalıbsa, ətin qiyməti qalxmamalıdır. Ətin qiymətinin artmasına səbəb təklifin keçən ilkindən də fərqli olaraq çox azalmasıdır”.

Ekspert vurğuladı ki, bu məsələdə nazir Heydər Əsədovun yerində olub-olmaması elə bir əhəmiyyət kəsb etmir: “Ona görə ki, o qeyri-peşəkardı, dəfələrlə bunu demişik. Kənd təsərrüfatı mürrəkəb sahədir. Onu idarə edən tam peşakar olmalıdır. Qərb ölkərinə baxmayın, orada idarəetmə oturuşub. Orada yeni siyasəti təyin edəcək, yeni nazir təyin edilə bilər. Ancaq Azərbaycanda bu sistemi qurmaq lazımdır. Kənd təsərrüraftı da komleks və sistemli yanaşma tələb edir. Bunu həyata keçirmək üçün bu sahə ilə bağlı çox ciddi bilgiyə malik olmaq, təcrübəli olmaq lazımdır. Bu sahənin mürrəkəb olmasını nəzərə alaraq, ora yalnız peşəkar gətirmək lazımdır. O, bu sahəni bilmir. Yenidən bu sahəni öyrənmək üçün uzun müddət lazımdır. O müddət getdikcə isə kənd təsərrüfatı batıb gedir”.
 

Şamo Emin
Hurriyyet.org

 

09:02