Azərbaycanda soyuqdan donanlar var

Dünəndən etibarən Azərbaycan qış mövsümünə keçib. Qış mövsümünün əzəli problemi mavi yanacaq və istilik olub. Sosial şəbəkədə apardığımız sorğudan da bəlli oldu ki, respublikanın bir sıra ərazilərində, o cümlədən də Bakı şəhərində Əhmədli metrosunun ətrafı - N. Tusi, S.Mehmandarov, Şıxlinski, Neapol küçələrində, Xətai rayonu - Gəncə prospektində, 7-ci mikrorayon, Nəsimi rayonu ərazisində istilik təchizatı zəifdir. Goranboy rayonu sakini Seymur Qasımov isə deyib ki, şəhid ailələrinə verilən 6 mərtəbəli binada istiliyin verilməsi ilə bağlı problemlər var. Binaya ümumiyyətlə istilik verilmir. “Azəriqaz” və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti isə artıq qışa hazır olduqlarını deyib. “Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi İbrahim Kərbalayev Cebhe.info-ya bildirdiyinə görə, bir neçə günlə müqayisədə mavi yanacağın verilişində artım var: “Əhali tələbata uyğun olaraq mavi yanacaqla təmin olunur. Bir neçə günlə müqayisədə mavi yanacağın verilməsində artım var. Ayın 14-də 19 milyon 534 min kub metr, dünən isə 20 milyon 609 min kub metr mavi yanacaq verilib. Bir gün ərzində mavi yanacağın verilməsində 1 milyon 71 min artım olub”. İ.Kərbalayev bildirib ki, mavi yanacağın az verildiyi ərazilərlə bağlı qurumda məlumat yoxdur. Qurum rəsmisi artıq bir neçə saatdır ki, Masallı rayonu ərazisində qazın verilişində yaranan problemlərə də aydınlıq gətirib: “Qəza ilə bağlı olaraq qazın verilişi dayandırılıb. Artıq iki saatdır ki, problem var. Gün ərzində mavi yanacağın verilişi bərpa ediləcək”.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin isə 544 qazanxanası, 92 istilik məntəqəsi artıq işə salınıb. Qurumun mətbuat katibi Rafiq Əliyevin sözlərinə görə, “Azəriqaz” Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış qrafikə uyğun olaraq işlər icra olunur. Bəzi qazanxanalarda tənzimlənmə işləri görülür. R.Əliyev bəzi ərazilərdə istiliyin verilməsində yaranan müəyyən problemlərin səbəbini isə belə izah edib: “Bəzi qazanxanaların texniki imkanları imkan vermir ki, birdən-birə istiliyi artıraq. Bu, texniki istismar qaydalarından irəli gələn bir məsələdir, bizdən asılı olan səbəb deyil. 2-3 gün vaxt tələb edir, hissə-hissə tənzimlənir. 2-3 yaşayış binası, uşaq bağçası, məktəb, səhiyyə müəssisəsi bir qazanxanaya bağlıdır. 20-yədək məntəqəyə istilik bir mərkəzdən verilir ki, bunu da nöqsan adlandırmaq olmaz. Sadəcə olaraq, texniki imkanlardan irəli gələn bir səbəbdir ki, zamanla həllini tapır. Günün sonunadək bütün qazanxanalar işlək rejimə keçiriləcək. Artıq çağrı mərkəzlərimizə də şikayətlər daxil olub. Bunlar xırda nöqsanlardır. Məsələn, bir blokda istilik var, digərində yoxdur. Hər hansı qonşu istiliyi açmadıqda yuxarı mərtəbələrdə problem yaranır”.

Nigar Məhərrəm
(Cebhe.info)

14:05