Azərbaycanda “şapka” ver, ipoteka al

 

Fuad İbrahimov: “Banklar ipoteka kreditinə “şapka”ya görə maraq göstərir”

Azərbaycan iqtisadiyyatı ağır böhran dövrünü yaşayır.Böhranın təsir etdiyi əsas sahələrdən biri də məhz bank sistemidir.Problemli kreditlər, yüksək faizlər, əməliyyatlardan tutulan kommersiya xərcləri və bütün bunlara adekvat olmayan vətəndaşların aylıq gəliri.Digər tərəfdən isə bankların kredit verməsi üçün qoyduğu şərtlərin ağır olması vəziyyəti daha da acınacaqlı hala salıb.Bankların tətbiq etdiyi ağır şərtlər isə əsasən ipoteka kreditlərində özünü büruzə verir. Bu gün ölkədə ipoteka kreditlərinə ehtiyacı olan kifayət qədər gənc ailə var. Amma onların demək olar ki, heç biri bu imkanlardan istifadə edə bilmirlər. Digər tərəfdən banklar da artıq uzunmüddətli kreditlər (ipoteka, lizinq) verməkdə maraqlı deyillər.Sual yarana bilər ki, banklar niyə əvvəllər bu kreditlərin verilməsində maraqlı idilər, amma indi yox?Bunun bir sıra özəl səbəbləri var. Əvvəllər banklarda şərtlər nisbətən sadə idi və “tapşırıq” vasitəsilə istənilən məbləğdə kreditin ayrılırdı.Bu gün bankların kredit portfelinə nəzər salsaq, real ipoteka kreditlərinin alıcıları maksimum 3 faiz səviyyəsindədir.Yerdə qalanlar isə ipoteka adı altında biznes və digər özəl sahələrə ayrılan kreditlərdir.Bütün bunlar məhz sistemin düzgün işləməməsinin bariz göstəricisidir.Heç kimə sirr deyil ki, bir çox banklar ipoteka kreditlərini müəyyən məbləğdə rüşvət (şapka) qarşılığında verirlər.Hazırda da bu hal müşahidə olunur.İpoteka kredit portfelinin yüksək olması və uzunmüddətli ödəniş cədvəli ilə verilməsi vətəndaşlarda rüşvət verərək bu kreditlərdən istifadə etməyə maraq yaradır. Sistemin düzgün işləməsi isə ipoteka kreditinə doğrudan ehtiyacı olanları bu kreditdən istifadə etməyə imkan vermir.Bu məsələdə əsas kilid rolunu da məhz banklar oynayır.Heç bir yerdə işləməyən, ipoteka şərtlərinə cavab verməyən və alınacaq vəsaiti aidiyyatı üzrə deyil, tamamilə fərqli istiqamətlərə xərcləyən şəxslər şəxsi münasibətlərindən istifadə edərək bu kreditlərdən yararlana bilirlər.Təbii ki, yuxarıda qeyd edildiyi kimi bu məsələdə əsas rolu “şapka” oynayır.Banklar da “şapka” məbləğinin yüksək olduğu üçün bu cür vəsaitlərin verilməsinə maraq yaradır.

“Şərtlər yumşaldılmalıdır”

İqtisadçı-ekspert Fuad İbrahimov şərhində deyib ki, əslində məsələyə çox sadə yanaşmaq lazımdır. Ekspert hesab edir ki, ipoteka şərtlərinin sadələşdirilməsi vacibdir: “İqtisadiyyatın sabit dövründə bankların əlində kifayət qədər gəlirli sahələr var idi. Əhaliyə verilən kreditlər, investisiya sahələrinə ayrılan vəsaitlər və şübhəsiz ki, banklar bu əməliyyatlarda həm rəsmi, həm də qeyri-rəsmi (şapka) gəlir əldə edirdilər.Dövriyyə isə çox yüksək səviyyədə idi.İstənilən kapitalı bazarda yerləşdirmək mümkün idi. Hal-hazırda isə bank mühiti çox əlverişsiz bir vəziyyətdədir.Bankların bu gün bazara kapital yerləşdirməyə nə imkanı, nə də mühiti var. Eyni zamanda da banklar bu gün problemli kreditləri yığa bilmir.Doğrudur, banklara İpoteka Fondu adından dövlət maliyyə ayrırırdı ki, bundan istifadə edirlər.Hazırda isə həmin vəsaitlərin də həcmi çox məhdud səviyyədədir.Eyni zamanda iri kommersiya bankları uzunmüd-dətli kreditləri gəlir mənbəyi kimi qəbul etmirlər.Bu baxımdan mövcud vəziyyətdə də banklar bu sahəyə gəlirli sahə kimi baxa bilmirlər.Şərtlərin də bu dərəcədə olması vəziyyəti daha da çətinləşdirir.Sanki bank deyir ki, mən kredit verirəm, amma şərtləri elə qoyuram ki, siz kredit götürə bilmirsiz. Bütün bunları nəzərə alsaq, mütləq şəkildə bu məsələyə Nazirlər Kabineti yanında kompleks şəkildə baxılmalıdır. Verilən qərar, sərəncam əgər icra olunmursa və ya icra oluna bilmirsə, bu artıq “bazar fiaskosu”dur. Yəni, sərəncam verilir, maliyyə ayrılır, amma sistem işləmir.Bu artıq bazar iqtisadiyyatında “bazar fiaskosu”dur.Bu problemlərin qarşısını almaq üçün bu məsələyə yenidən baxılmalı və ilk növbədə şərtlər yumşaldılmalıdır.Azərbaycanda orta aylıq əmək haqqını reallığa uyğun olaraq götürmək lazımdır.Əgər vətəndaş tələb olunan sənədləri gətirə bilmirsə, o, məcbur olaraq qeyri-rəsmi sövdələşməyə gedəcək.Bütün bu qanunsuzluqların qarşısını almağın yeganə yolu, şərtlərin reallığa uyğun olaraq sadələşdirilməlidir.Bu gün tələb olunan yeganə məsələ qaydaların düzgün tətbiq olunmasıdır.Qaydalar düzgün tənzimlənərsə, sistem də öz qaydasında işləyəcək”.

Vilayət Muxtar

Cebhe.info

 

06:36