Azərbaycanda müəllimlərin üsyanı gözlənilir

Onlara 2 aydır maaş verilmir: “Cənab prezident, batırıq”

Ölkədə hər sahədə böhran yaşanır. Artıq təhsil sektorunda da dəhşətli vəziyyət hökm sürür. Bu barədə Politika.Az-a verilən xəbərə görə, müəllimlər iki aydır maaş ala bilmir. Respublikanın bir çox orta məktəblərində müəllimlərin əmək haqları verilməyib. Bu da ciddi şəkildə gərginlik yaradıb. Məktəb direktorları gözləməyi məsləhət bilir. Üsyan həddinə çatan müəllimlər Təhsil Nazirliyinə və prezidentə müraciətlər ünvanlamaqdadır. Onlar referendumda, seçkilərdə fəallığını xatırladaraq maaş ala bilmədiklərini qeyd edirlər. Əmək haqlarını ala bilməyən müəllimlər buna etiraz etsələr də, müsbət bir dəyişiklik olmayıb. Azərbaycan prezidentinin 2014-cü il 24 iyul tarixli sərəncamının 5-ci bəndində yazılır: ”Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təhsil sahəsinin 2015-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etsin".
Sərəncamda ən mühüm məqamlardan biri maliyyə və inzibati resursların vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulmasıdır. Lakin sərəncamın icrası dayandırıldığından mərkəzləşdirilmiş maliyyə siyasəti də həyata keçirilməmişdir. Yəni yerli təhsil şöbələri və onların tabeliyində olan təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilmir. Müəllimlərin maaşlarından qeyri-qanuni tutulmalar, maaşların gecikməsi, rayon təhsil şöbələrinin maliyyə fırıldaqları ikili tabeçiliklə bağlıdır və hesabatlılıqda qeyri-müəyyənlik yaradır. Bu, aradan qalxmamış problem həll olunmayacaq".
Bəzi iqtisadçı-ekspertlərin fikrincə, hökumət dövriyyədəki manat kütləsini azaltmaq, bununla da milli valyutanın kəskin ucuzlaşmasının qarşısını ala bilmək üçün büdcədən maliyyələşdirilən təşkilatlarda əmək haqlarını gecikmələrlə ödəyir. Habelə, məlumatlara görə, büdcə vəsaitləri ilə icra olunan bir çox layihələrdə də podratçılar vəsaitləri gecikmələrlə alırlar.
Politika.Az-a verilən xəbərə görə, bir qrup müəllim prezidentə müraciətində qeyd edib: “Cənab prezident, biz ziyalı təbəqəsi olaraq hər zaman sizin uzaqgörən siyasətinizi dəstəkləmişik. Azərbaycanın inkişafı və modern dünya ilə ayaqlaşması, təhsilə və texniki tərəqqiyə nail olması sizin adınızla bağlanmalıdır. Çünki sizin dünyagörüşünüz, elmə və biliyə verdiyiniz qiymət sayəsində bu gün ölkəmizin təhsili inkişaf dövrünü yaşayır. Ancaq biz müəllimlər 2 aydır ki, ölkənin təhsilinin inkişafına rolu olan bir ordu kimi maaş ala bilmirik. Bunun səbəbləri açıqlanmır. Gah deyirlər ki, büdcədə kəsir var, gah maaşlar köçməyib, gah da ilin sonunda hesablama işlərinin getdiyi deyilir. Biz 2 aydır ailəmizə pul apara bilmirik, kredit ödəyə bilmirik, məktəbə pulsuz-parasız gedirik. Artıq batırıq. Belə olmaz. Xahiş edirik ki, köməklik göstərilsin”.

Politika.Az

14:28