Azərbaycanda meşələrin girişlərinə şlaqbaumlar quraşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görməyə davam edir.

Bu barədə Oxu.Az-a ETSN-nin mətbuat xidmətindən məlumat verilib.

Meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib.

Nazirlik bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısının alınacağını və ərazilərin daim nəzarətdə saxlanmasının mümkün olacağını bildirib.

Bundan əlavə, mühafizə məqsədilə meşələrin giriş-çıxışlarına kameralar da quraşdırılacaq.

Oxu.Az

13:05