AZƏRBAYCANDA KADR SİYASƏTİ

Nərmin Kamal
(yazıçı)

 

Hansı ailənin nepotizm kanalları yoxdursa, onların övladı işsizdir, pişik pəncərə şüşəsini cırmaqlayan kimi faydasız axtarışlarla məşğuldur

Son vaxtlar Azərbaycanda yazılan, dövlət hesabına nəşr edilən qalın cildli siyasi kitablara marağım yaranıb. Dövlət idarələrində, məmurların otaqlarında qəhvəyi kitab rəflərinin şüşələri arxasında tünd qırmızı kərpiclər kimi bir-birinə söykənərək duran həmişətəzə kitablara. Axı nə haqdadır onlar? “Bir qalanın sirri” filmindəki Elşənin kitabları kimi, onları oxumayanları nəylə hədələyə bilərlər? “Məni oxumasan, otların dilini bilməyəcəksən...”

Müəyyən tanışlıqdan sonra onları iki qrupa bölə bilərəm. Bir qrupu rəhbərlərin, birinci şəxslərin xidmətlərindən danışır, o biri qrup isə, - adında “Kadr siyasəti” sözləri olan o qədər yeni kitablar var ki, onları ikinci qrup saymaq olar.

Doğrudan da, bizim ölkədə həmişə ümumi siyasi diskurs rəhbərlərin xidmətlərindən danışmaq üzərində qurulub. Amma həyat göstərir ki, “hər şeyi kadrlar həll edir”. Kadrlar, mütəxəssislər, piyadalar, kiçik insanlar. Böyük inkişaf üçün kiçik insanların simasında kadrlar yetişdirmək və onlara bacarıqlarını gerçəkləşdirmək üçün şərait yaratmaq gərəkdir. Bizim ölkədə, daha dəqiq desəm, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğu və kadr siyasəti” adlı kafedra da var. Kadr məsələsi çox ciddi məsələ olduğuna görə, kadr siyasəti haqqında kitabları birinci şəxslərin xidmətləri haqqında kitabardan daha maraqla vərəqləyirəm. Amma bu kitabları oxuduqca fikrim yayınır.
Yadıma Parisdə yaşayan azərbaycanlı rəssam Babi Bədəlov düşür. Götürərdi rəsmi dövlət qəzetlərinin uzun protokol xəbərlərini, palaz-palaz məqalələrini, onlarda cümlələrin, sözlərin yerlərini dəyişdirər, nöqtələri, vergülləri silib cümlələri bir-birinə qarışdırardı, sonra onlardan ixtiyari bir abzas seçib məktubla bizə göndərərdi. Oxuyanda bu mətnlərdə məna axtarışımız və heç bir məna tapa bilməməyimiz arasında konflikt yaranardı. Həmin absurd və gülüş bu kitabları oxuyanda da adamı bürüyür.

Azərbaycanda kadr siyasəti haqqındakı kitabların məzmunu o dərəcədə qeyri-adekvat, o dərəcədə reallıqdan uzaqdır ki, o mətnlərin incəsənət vasitəsi olmaqdan başqa heç bir şey üçün əhəmiyyəti yoxdur.

Bu qalın-qalın kitablarda niyə bir dənə də “nepotizm” sözü yoxdur? Axı əsas məsələ nepotizmdir. Kadr siyasətini, mütəxəssis seçimini, iş bazarını qohumbazlıq hörümçək toru kimi bürüyüb. Nəinki ayrı-ayrı kadrlar, kadrlar şöbəsinin müdirləri də ya qohumbazlıq, ya da rüşvət əsasında işə qəbul edilir.

Nepotizm – “nephew” (bacıoğlu) sözündən əmələ gəlib. Bir vaxtlar Katolik Kilsəsi rəhbərləri bütün vacib vəzifələri və kilsə torpaqlarını öz bacı və qardaş oğullarına verirmişlər. Dini qaydalara görə, özlərinin evlənmək və uşaq sahibi olmaq ixtiyarı yox idi. Nepotizm korrupsiyanın bir növüdür, rüşvətdə pul hansı rolu oynayırsa, nepotizmdə qan, qohumluq həmin rolu oynayır. Pul və qan. Azərbaycanın bugünkü kadr siyasəti orta əsrlər Katolik Kilsəsinin kadr siyasətindan fərqlənmir. Ailəcanlılıq – öz uşaqlarının, öz yaxınlarının rifahını təmin etmək instinkti hərəni ancaq öz uşağına, öz qohumuna görə narahat edir.

Azərbaycan nepotizmi təkcə iki hakim ailənin siyasətdə, dövlət idarəetməsində, biznesdə, mədəniyyət, elm, təhsil və başqa sahələrdə öz qohumlarının xeyrinə favoritizm etməsindən ibarət deyil.
Bizdə hər sahənin öz nepotizmi var. Hər nəslin öz kanalları var. İri, orta və xırda nepotizm. Hansı ailənin nepotizm kanalları yoxdursa, onların övladı işsizdir, pişik pəncərə şüşəsini cırmaqlayan kimi faydasız axtarışlarla məşğuldur.

Xarici universitetlərin, şirkətlərin iş formasını dolduranda suallardan biri belə olur: “Universitetdə işləyən qohumun varmı?” Bununla onlar universitet daxilində nepotizm ilə mübarizə aparmaq istəyirlər. Çox maraqlıdır, “dövlətin hər hansı strukturunda vəzifədə olan nüfuzlu qohumların varmı” deyə soruşmurlar. Sual yalnız universitetdəki qohumlarla məhdudlaşır. Yəni universitetin müstəqilliyi var, universitetdəki qərarlara yalnız orada işləyən qohum təsir edə bilər, ayrı idarə və təşkilatda işləyən qohum yox.

Bizdə isə heç bir idarənin bu baxımdan muxtariyyəti yoxdur. Quşlar dəni bir zəmidən götürüb kilometrlərlə uzaqlardakı torpağa apardığı kimi, bir-biriylə əlaqəsi olmayan, ayrı-ayrı sahələrə aid iki idarənin rəhbərliyindəki işçilər bir-birinə qohum favoritizmi edə, ailə bağlarına görə tapşıra, layiq olmadığı halda ierarxiyada yüksəldə bilir.

Ümumiyyətlə, Azərbaycanda qohumluq əlaqələri çox güclüdür. Qohumluq əlaqələri o qədər güclüdür ki, əksəriyyət həftəsonları mədəni tədbirlərə, teatra, kinoya getməkdənsə, qohumlarının evlərinə getməyə üstünlük verir. Şəxsən mənim qohumlarımın çoxu bir-biriylə küsülüdür. Onlar mənasız məişət məsələləri üstündə bir-birindən asanlıqla küsür və illərlə bir-birinin qapısını açmırlar. Ona görə də mən başqa ailələrdəki qohumluq tellərinin necə işlədiyini, nə funksiyalar yerinə yetirdiyini bir fərqli fenomen kimi yaxşı görə bilirəm.

Nepotizm o qədər açıq-aşkardır ki, sadə xalqdan kimi dindirsən, hansı nazirin oğlunun haranın CEO-su olduğunu bilir. Hələ uşaq bağçalarında ana müdirə, qızı isə müdir müavini olur. Onlar iş kabinetlərindən evlərinin bir otağı kimi istifadə edirlər. Orta məktəblərdə ər direktor, arvad dərs-hissə müdiri olur. İş yerlərini alma-armud kimi bir-birlərinə atırlar. Sizin bildiyiniz adlarla mənim bildiyim adları toplasaq, uzun bir siyahı alınar. Bir problemi izah etmək üçün adlar çəkmək heç də vacib deyil, çünki əslində bu iy ayrı-ayrı şəxslərdən gəlmir, bu iy havadan gəlir. Nəticədə hansı idarəyə gedirsənsə, qeyri-peşəkarlıqla, ailə ərköyünlüyü ilə qarşılaşırsan. Çoxları vəzifə pillələriylə oxuyaraq, çalışaraq, təcrübə toplayaraq, rəqabətdə qalib çıxaraq qalxmır, alternativ yollarla qalxır.

Bir halda ki, söhbət düzgünlükdən düşdü, müdrik şəxslərdən sitat gətirməsək, olmaz. Konfutsi deyərmiş ki, yaxşı idarəetmə - yaxında olan kəslərin məmnun olduğu, uzaqda olanların gəlib yiyələndiyi idarəetmədir. Onun dövlət qulluqçuları haqda təliminə görə, məmurların seçim meyarı belə olmalıdır: zənginlər və nəcabətlilər sinfinə aid olmamaq, mütəmadi imperator imtahanlarıyla yoxlanan intellekt və şəxsi xidmətlər.

Bizdə isə Konfutsinin həmkarları, tanınmış mədəniyyət xadimləri, şairlər, yazıçılar, musiqiçilər və digərləri öz adlarından, titullarından sui-istifadə edərək nepotizm yoluyla övladlarını dövlət idarə və təşkilatlarına, səfirliklərə, klinikalara baş həkim, parlamentə millət vəkili düzəldirlər. Mədəniyyət adamları belə edəndə, daha nazirlərin törətdiyi nepotizmdə heç bir heyrətamizlik qalmır.

Maraqlı burasıdır ki, sonradan həmin şəxslər uğur formulundan danışırlar: “Mənim uğur formulum – çox çalışmaq, çətinliklərə sinə gərmək”.

Bacarıqlı kadrların rəqabəti və seçim mühiti yoxdur. Dövlət qulluğuna qəbul imtahanları korrupsiyanın daha gizli yoluna şərait yaradır. Yalnız o işlərdə kadrlara azad rəqabət imkanları var ki, o işlər nepotizm şəbəkələrində o qədər də arzuolunan işlər deyil. Onlar mahiyyətcə avtobus sürücülüyü kimi zəhmət və məsuliyyət tələb edən işlərdir. Axı hər halda avtobusun sükanı arxasına keçərək, sərnişinləri buradan ora aparmaq da lazımdır.

Avtobus sürücülüyündən söz düşmüşkən, heç bir vəzifəli şəxs, heç bir xalq yazıçısı oğlunu, nəvəsini bu işə tapşırtdırıb qoymasa da, gözəl işdir avtobus sürücülüyü. Sən həm insanların içində olursan, həm də tənhalığını qoruyub saxlamağa şəraitin olur, ictimaiyyət arasında, amma tək iş. Gündə dəfələrlə təkrarlanan işi görmək də başqa bir gözəl cəhətidir avtobus sürücüsünün, lap meditasiyaya bənzəyir.

Amma əgər biz bir anlıq bütün qohumbazlıqla, rüşvətlə, tapşla düzələn işlərin avtobus sürücülüyü olduğunu fərz etsək, onda layiq olmadan iş başında olan kadrların “qəza vəziyyəti” olduğunu görərik.

Kadrlar keyfiyyətsizdir. Universitet binası gözəldir, amma auditoriyada dərs deyən müəllim keyfiyyətsizdir. Bahalı tibb texnikasıyla təchiz olunmuş klinikadır, amma içindəki həkim keyfiyyətsizdir. Və sair. Ölkədə kadr aclığı var.

Biz nə istəyirik? Azərbaycanı azad, rahat, qayda-qanunlu, inkişaf etmiş bir Avropa ölkəsinə, Azərbaycan xalqını isə dünyanın ən qabaqcıl, mədəni xalqlarından birinə çevirmək istəyirik. Hansı kadrlarla bu məqsədə doğru gedirik?

Ötən əsrin əvvəllərində Uzaq Sibirdə olmuş bir əhvalat vəziyyətimizi çox yaxşı ifadə edə bilər. Yaz vaxtı otuz nəfər toplanaraq, gur çaya balıq tutmağa gedir. Axşamüstü onlar kəndə qayıdırlar, amma bir nəfər əskik. Camaat soruşur, bəs otuzuncu hanı. Cavab verirlər ki, otuzuncu “orda qaldı”.

“Necə yəni orda qaldı?”

Onlar eyni biganəliklə deyirlər:

“Burada başa düşülməyən nə var ki, o, batdı.”

Dərhal da çaydan gələn iyirmi doqquz yoldaşdan biri təlaşla deyir:

“Gedim, inəyi yedirtmək lazımdır.”

“Heyvana adamdan çox yazığınız gəlir” - bu vaxt şahidlərdən biri söz atır.

Aralarında biri bu eyhama belə cavab verir: “Nə yazığımız gələcək adama? Adamı həmişə yaratmaq olar, istəsək burda oturan kişilər hərəyə ildə bir adam yaradarıq, inək isə ayrı məsələ... gör inək düzəldə bilərsənmi?!”

Bu əhvalat kiçik adama, fərdə, kadrların roluna etinasız yanaşmaq haqqındadır. İnək metaforadır, yerinə zəmanəyə uyğun nə desəniz, qoymaq olar.

opengovernment.az

11:52