Azərbaycanda elektron KİV-lər müəmması

Bu gün dünyanın ictimai fikrində inkişaf yolları virtual və vizual aləmlə uzlaşmış şəkildə yönləndirilir. Bununla yanaşı, zamanla bir sıra sorunlar da elə bu prosesdə yaşanılır. Vizual aləmlə ilgili KİV-lərdə gedən yazılar günün olayı kimi deyil, həm də tarix olaraq özünü təsdiq etməkdə davam edir. Virtual aləmə bağlı KİV-lər isə “bu gün varıq, sabah olmaya da bilərik” prinsipinə bağlıdırlar. Ona görə də əksər dünya dövlətlərində virtual aləmlə ilgili sorunlar yaşanılır. Bunun çözüm yolları dartışılır. Çünki, insan haqları, fikir özgürlüyü, azad söz kimi epitetlərlə dolu olan qanunlar inzibati və sərt xarakter daşıyan proseslərin qarşısını almağa mane olur. Beləliklə “Axillesin dabanı”, ya da Hamletsayağı “Ölüm, ya qalım” dilemması mübahisəsi müşahidə olunur.

Bakı, virtual aləmdə nədən dözümsüzdür?

Virtual elektron KİV-lərlə bağlı Azərbaycanda münasibətlər birmənalı deyil. “Mətbuat Şurası”nın əsas funksiyası məşvərətçi statusdan ibarət olmasına baxmayaraq, KİV-lə bağlı mövcud sorunların çözümündə effektiv addmlar atmamışdır. Çünki, “Mətbuat Şurası” çevik və effekt doğura biləcək texnologiyalarının fəlsəfi və ictimai tutumundan xeyli dərəcədə geri qalır. Sovetlər Birliyi dönəmində olduğu kimi “ələbaxımlı” bir düzənlə hərəkət edir. Virtual aləmdə bir sıra saytların gerçəkdən müxalif yöndə olması normal  olsa da, Azərbaycanda hakimiyyət yetkililərinin dözümsüzlük nümayiş etdirməsi çox üzücüdür. Fikrimizcə gerçək müxalif internet resursları normal qarşılanmalıdır. Hətta bu KİV-lərdə qaldırılan problemlər dərhal hökumət rəsmiləri tərəfindən çözümünü tapmış olarsa, bunu alqışlamaq gərəkdir. İri çəkili məmurların ucbatından yaranan problemlər, baş verən olaylar cəmiyyətin bir parçası kimi müxalif yönlü KİV-lərin səyləri sonucunda öz həllini tapmış olar. Bununla yanaşı, qeyd etmək gərəkdir ki, internet KİV-lərdə, eləcə də sosial şəbəkələrdə dövlətin mövcudluğu üçün təhlükə mənbəyinə səbəb ola biləcək çevrələrə qarşı adekvativ tədbirlərin görülməsi sadəcə alqışlanmalı deyil, həm də bunu ümummilli proses kimi cəmiyyətdə səmimi şəkildə gündəmə gətirmək çox vacibdir. Son zamanlar məhkəmələrin qərarı ilə bir sıra internet saytlarının və internet TV kanallarının, eləcə də bloggerlərin profillərinin yasaq edilməsi, hətta onların həbs olunması olayları yaşanılır. Fikrimizcə, XXI yüzildə bu yöndə atılan addımlar xoş qarşılanmır. Özəlliklə də informasiya məkanında uzlaşma nöqtələri olduğu halda, dözümsüzlük anlaşılan deyil. Bu məsələnin çözümü kimi “susdurmaq”, məhkəmələrin iradəsinə tabe etdirmək yalnış addımlardan biridir. “Facebook.com” sosial şəbəkəsini nəzarətə almaq, ya da bir sıra profillərə girişi yasaqlamaqla problemlər çözülməyəcək. İnsanlar yeni sosial şəbəkələrə üz tutacaqlar. Türkiyədə “twitter.com” vasitəsilə aşırı dindar AKP iqtidarının ölkədə yaratdığı problemlərə cəmiyyətin sərt təpkiləri sonucunda bir sıra sorunlar çox asanlıqla öz çüzümünü buldu.
Mətbuat elə bir güzgüdür ki, hər zaman bunun faydasını cəmiyyət öz üzərində hiss edir. Ona görə də əsil mətbu orqan baş verən proseslərin arxasınca sürünməməli, bunun əksinə olaraq, bütün gözləntilərin önündə getməlidir. Belə olduğu təqdirdə cəmiyyət inkişaf edir. Azərbaycanda min dəfələrlə təəssüflər olsun ki, birtərəfli oyun qaydaları hökm sürür. Bu da öz növbəsində KİV-lərin azadlığının, fikir özgürlüyünün inkişafının qarşısını alır. Azad düşüncə olmayan yerdə cəmiyyət də inkişaf edə bilməz.

KİV-lərdəki yaramazlıqların anatomiyası

Azərbaycanda son 15 ildə KİV-lər əsasən 6 qrupa bölünüblər. Bu, KİV sektorunun gerçək mənzərəsini, Azərbaycan həqiqətlərinin güzgüsünü təcəsüm etdirir.
1. Reklam Bazarı ilə uyumlu bir şəkildə mövcud olan KİV-lər,
2. Siyasi mənbələrdən qaynaqlanan KİV-lər,
3. Xarici donorların dəstəyi və mənəvi yardımları ilə idarə olunan KİV-lər,
4. Oliqarxiyanın və maqnatların mənafeyinin, iradəsinin təcəssümü olan KİV-lər,
5. Dövlət babanın “KİV-ə Dəstək Fondu”nun əəsirinə eçvrilmiş KİV-lər,
6. Dünyanın heç bir ölkəsində rast gəlinməyən “Reket KİV”lər.

Bu gün Azərbaycan məkanında şəffaf bazar münasibətləri olmadığı üçün, reklam bazarı da yox kimidir. Reklam bazarı hakimiyyətin iradəsi çərçivəsində tənzimlənir. Ona görə də, azad və özgür KİV yox kimidir. Yerli qəzetlərdə gündəlik reklam siyasəti də yoxdur.  
Siyasi mənbələrdən qaynaqlanan KİV anlayışı faktiki olaraq, bu gün Azərbaycanda təkəl (monopoliya) baxışları ilə sadəcə hakimiyyətin çevrəsində mövcuddur. Bunu isbat etmək üçün adi qəzet köşkündə satılan qəzetlərə nəzər salmaqla müəyyən etmək olar. Müxalif siyasi partiyalara, ya da “Vətəndaş Cəmiyyəti” quruluşlarına məxsus KİV-lərdə reklamla paralel addımlayan anlayışa rast gəlinməz. 
Xarici donorlara bağlı KİV əsasən Azərbaycan gerçəkliyində dini baxışlarla müşahidə olunan sahədə üstünlük təşkil edir. Özəlliklə İran mollakratiya rejiminin və Türkiyədəki bəzi aşırı təriqətçi çevrələrin maliyyə dəstəyi ilə nəşr olunan azsaylı qəzet və dərgilərin özü bunu təsdiq edir. Bu yöndə dərc olunan qəzet və dərgilər əsasən dini xarakter daşıyan mağazalarda və məscidlərdə yayınlanır. Bununla yanaşı, bir sıra internet KİV-ləri də həmin düsturla öz maddi imkanlarını düzənləyir.
Dövlət babanın nəzarətində olan və “KİV-ə Dəstək Fondu”nun ildə iki dəfə ayırdığı və maliyyə yardımları ilə yaşamını saxlamaq taktikası ilə hərəkət edən KİV-lər Azərbaycan cəmiyyətinin bəlirsiz mətbuat siyasətinin anlaşılmaz bir parçasıdır. Bu növ qəzetlərin faktiki olaraq, oxucuları, nə də izləyiciləri kütləvi xarakter daşımır. Effektiv təsir siyasəti bu tip KİV-dən tamamilə uzaqdır. Bu KİV-lər 1948-ci ildə gündəmə gəlmiş “konfliktsiz ədəbiyyat” anlayşının yenidən təzahür etməsinə bənzəyir.
“Reket Jurnalistikası” Azərbaycan cəmiyyəti üçün ən çox dəhşət saçan bir sektordur. Bu sahədə demokratiyanın humanizmindən yararlanan bir sıra yaramazlar KİV adına qəzet və ya internet TV təsis edərək cəmiyyətin ən dəhşətli antipoduna çevriliblər. Öncələr bu sahədə çalışanlar kiçik və orta dərəcəli məmurlarla “işbirliyi”nə gedirdilərsə, bu gün artıq iri çəkili monstrların nəzarətində olmaqla onların “kompromat savaşı”nda aparıcı ünsür sayılırlar. Bu sektora qarşı sadəcə dövlətin deyil, həm də cəmiyyətin mübarizə aparması ən doğru olanıdır. Yəni onların nəzarətində olan KİV-ləri oxumamaqla baykot taktikasını sərgiləmək gərəkdir. Belə olduğunda “reket jurnalistikası” öz məzarını özü qazacaqdır. Azərbaycan KİV-lərinin bu 6 ünsürü real mənzərinin siması olaraq hər kəs tərəfindən öz adı ilə tanınması çox vacibdir.

Siyasi-ictimai-sosial avantüranın tribunası

 Son zamanlar ölkədə nəşr olunan qəzetlərdə avantürizmə yol verilməməsi sanki, daxili senzuraya çevrilib. Belə bir yanaşım tərzi həm də cəmiyyət tərəfindən təqdir olunan bir prosesdir. Kimsəni aşağılamadan, gerçəkləri yazmaq, araşdırmaq və təhlil etmək ən doğru yol sayılır. Ancaq, təəssüflər olsun ki, internet resursları kimi tanınan KİV-lər haqqında bunu demək mümkün deyil. “Azpolitika”, “Haqqın.az”, “Gununsesi” və sair internet resurslarında gedən gündəlik informasiyalar, reportajlar, analitik yazılar, xarici KİV-lərdə yer alan avantürist yazıların bu saytlarda yer alması, hətta bolluq təşkil etməsi gerçəkdən üzücüdür. Elə bil ki, bu internet saytları Azərbaycanda “dezinformasiya”nın strateji mənbəyinə çevriliblər.
Biz uzun müddətdir ki, Almaniyada yaşayan bir vətəndaş kimi Azərbaycanın elektron KİV-lərinin informasiya texnologiyalarını incələyirik. “Dəbdə” olan bu saytların istehsal etdikləri informasiyaların nə qədər məkrli bir düzənlə hərəkət etdiklərini gördükdə “İlahi Azərbaycana bunca nifrət püskürən informasiya texnologiyası bu ölkədə necə ayaq açıb” deyə sual edirik. Bu saytlarda çalışanlar elə bil ki, Azərbaycana qənim kəsilmiş düşüncə laboratoriyasında yetişdiriliblər. İcitmai baxımdan həyəcan yaradan, sonucda psixoloji yöndə Azərbaycanın əleyhinə çevrilmiş bu KİV-in informasiya istehsalı dəhşət saçır. Fikrimizcə bu növ KİV-lər hansısa xarici ölkənin metropol hədəflərinin mətbəxində hazırlanmış menyünü Azərbaycan oxucusunun informasiya almaq qidasına çevriməyi strateji hədəflərin tribunasına çevirmişlər. Azərbaycanda baş verən hadisələrə milli strateji hədəflərlə deyil, özgələrin maraq dairəsində olan texnologiyaların informativ savaş meydanını xatırladır bu KİV-lər.
Fikrimizcə Azərbaycan KİV-də baş verən xoşagəlməz proseslərin mənası “Media İnstitutu”nun düzgün bir şəkildə olmamasından irəli gəlir. Çünki, azad və özgür media anlayışı yoxdur. Media holdinqlərın yaranması isə faktiki olaraq bizim ölkə üçün xəyali bir qavramdır. Mediada təmərküzləşmənin başlıca hədəflərindən biri olan “Media Holdinq” sistemi faktiki olaraq, Azərbaycandakı duruma çox yaddır. Bunu fikrimizcə o zaman inkişaf etdirmək olar ki, “Media İnstitutu” vicdan məsələsinə çevrilsin. Həm də cəmiyyətin vicdan aynası olaraq tanınsın. “Haqqın.az”, “Gununsesi”,  “Azpolitika”  və sair internet resursları ilə cəmiyyətin vicdan anlayışının nə tərəzisi var, nə də mizanı. Elə buna görə də, Azərbaycan cəmiyyətində informasiya texnologiyaları bəlirsizdir.  Avantürizm KİV adı altında ölkənin ana mövzusu kimi, cəmiyyətin şaşqınlığına səbəb olur. Bu gün çağdaş Azərbaycan dövlətçiliyinin yaşı 25-dir. Faktiki olaraq tək dəyişən düzən KİV-lərdir. Onu yenidən avantüranın tribunasına çevirmək olmaz. Ölkəmizin digər sahələrdə geri qalmasının mənası heç də Qarabağ savaşı ilə bağlı deyil. Bu savaşa xalqımız mənəvi və psixoloji baxımdan hazır olmalıdır. KİV-lər isə məhz bu baxımdan önəmlidirlər. KİV-ləri keçmiş Sovetlər Birliyinin çağında olduğu kimi avantüra ocağına çevirməklə istənilən qələbəni əldə edə bilmərik. Henri Kissencerin çox haqlı bir sözü var: “Savaş zamanı bir informasiya məkanı böyük bir ordu deməkdir”. Biz ölkədə KİV adına avantüra aparanların ünvanını göstərdik. Onlara inanmamaqla irəliyə baxmaq isə hər birimizin mənəvi borcudur.

Gəncəxan Bayramlı
Almaniya, Münhen şəhəri,
xüsusi olaraq “XUDAFERİN.EU” saytı üçün 
 

13:05