Azərbaycana “TƏZYİQLƏR” artır

Dekabrın 27-də Səngəçalda yerləşən neft kəmərində partlayış baş verdi. Hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alındı. Partlayışdan sonra qaz xəttində yanğın başladı. Yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası tərəfindən alındı. Hadisədən bir neçə ay əvvəl təxminən həmin istiqamətdə - Qaradağ ərazisində sərnişin avtobusunu partlatmaq istəyən terrorçu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyat qrupu tərəfindən zərərsizləşdirilmişdi. Partlayışın terror aktı olması barədə bir neçə gündür mediada müzakirələr gedir.

Hesab olunur ki, bu  Azərbaycanda qarışıqlıq yaratmaq istəyən kənar qüvvələrin hazırladıqları təxribat planının tərkib hissəsidir. Hadisənin ölkəmizdə hökm sürən sosial-iqtisadi böhrandan öz maraqları üçün istifadə etməyə çalışan siyasi güclərin Azərbaycan üçün hazırladıqları qorxulu terror planının icrasının başlanğıcı, bunun üçün düyməsi basılmış həyəcan siqnalı olduğu da ehtimallar arasındadır. Xatırladaq ki, az öncə DTX-nin rəisi Mədət Quliyev də Azərbaycanda terror təhlükəsindən danışıb. M.Quliyev bildirdi ki, Azərbaycan özünü teror təhlükəsindən qorumaq üçün bütün zəruri addımları atır: “Azərbaycanın xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları birgə əməkdaşlıq çərçivəsində işləyir”.

Qorxulu tendensiya

DTX rəisinin açıqlamasından da göründüyü kimi Azərbaycanda terror törətmək istəyən qüvvələr istisna deyil və hər zaman bu kimi təxribatlara əl ata bilərlər. Suriyadakı geosiyasi savaşda məğlub olan Qərbin siyasi, kəşfiyyat dairələrinin Rusiyanın nüfuzunu qoruduğu digər regionlara, o cümlədən, Cənubi Qafqaza diqqətini artıracağını bildirən analitiklər, həmin dairələrin region və Azərbaycanda terror təşkilatları, bu qurumların buradakı gizli şəbəkəsi vasitəsilə möhkəmlənməyə, özlərini göstərməyə çalışa biləcəklərini diqqətdən qaçırmamağı tövsiyyə edirlər. Eyniz zamanda yaxın qonşular olan Rusiya və İran da da bu kimi problemin rıçaqlarını hər zaman diqqətdə saxlaya bilər. Son günlər DTX-nin bəzi terrorçuluqda şübhəli bilinənlərə qarşı aktivləşməsi ölkəmizdə diqqətli və ayıq-sayıqlığın vacibliyini diqtə edir. Xatırlamaq yerinə düşərdi ki, dekabrın 3-də təhlükəsizlik xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir terrorçu məhv edilmişdi.
O, 1978-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlu idi. Terrorçu cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə Azərbaycan Respublikasının ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edildi. Həmin vaxt Suriya, İraq və digər Yaxın Şərq dövlətlərində fəaliyyət göstərən və “Qaidə” şəbəkəsinə məxsus terror təşkilatlarının sıralarında döyüşən azərbaycanlı militanların planlı şəkildə ölkəyə geri qayıdaraq, burada hazırlanmış terror planlarının icrasına başlayacaqları da iddialar arasındaydı.

Qərb və Rusiyadan təzyiqlər artır

Rusiya və Türkiyə KİV-lərinin kəşfiyyat orqanlarına istinadən yaydıqları məlumatlara görə, Suriyda döyüşən radikal islam terror təşkilatları regiondan çıxmağa başlayıblar. Bölgəni mərhələli formada tərk edən silahlı qruplaşmaların möhkəmlənəcəkləri potensial regionlar arasında Qafqaz (Azərbaycan), Orta Asiya, Əfqanıstan, Türkiyə, Rusiya və s. var. Analitiklər proseslərin kəskin çevrilməsini təsadüf hesab etmirlər. Hesab olunur ki, Suriyada Rusiyanı məğlub edə bilməyən Qərbin siyasi dairələri və ABŞ geosiyasi savaşı yeni poliqonlara daşımaq barədə düşünə bilər. Baş verənləri həmçinin Rusiya, Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik səviyyəsindəki münasibətlərin inkişafıyla əlaqələndirənlər də var. Azərbaycana Avrasiya İttifaqı və digər dominant rolunun olduğu hərbi-siyasi birliklərə qoşulmaq üçün təzyiq edən Rusiyaya adekvat olaraq Qərb, yaxud ABŞ eyni təpkiylə Azərbaycanı Kremlin orbitindən uzaqlaşdırmaq üçün təzyiq edir. Çətin dilemma qarşısında qalmış Azərbaycan isə seçimini etmir. Təsadüf deyil ki, Rusiyadan Azərbaycana təzyiqlər artdıqca Avopa İttifaqı və ABŞ Konqresində yenidən Azərbaycana qarşı siyasi-iqtisadi sanksiyalar və beynəlxalq “Maqnitski Aktı”nın tətbiqi məsələsi gündəmə gəlib. Həmin siyasi dairələr nəticələri əvvəldən öz xeyirlərinə yazmaq üçün alternativ yolları - “terror kartı”nı da nəzərdən keçirə bilərlər.
Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda müxtəlif güclərin gizli şəkildə formalaşdırdıqları separatçı qruplaşmaların olması istisna deyil. Azərbaycana təzyiq vasitəsi kimi bütün variantlardan istifadə edən kənar siyasi güclər passivləşmiş “Sadval” terror təşkilatı və kiçik silahlı qruplaşmaları da fəallaşdıra bilərlər. Son bir neçə ayda cərəyan edən hadisələrin də həmin qruplaşmaların işi olduğu ehtimal edilir.

Əfqan Ədilov
Cebhe.info

12:13