Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Cakartada təntənəli şəkildə qeyd edilib

Cakartada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən rəsmi qəbul və konsert keçirilib.

Qəbulda əsas qonaq qismində yer alan İndoneziyanın bürokratik və inzibati islahatlar naziri Asman Abnur ilə yanaşı, parlamentin Regional Nümayəndələr Şurasının spikeri Osman Sapta, qadın hüquqlarının və uşaqların müdafiəsi naziri Yohana Yembise, yerli dövlət orqanlarının rəsmiləri, Cakartadakı diplomatik nümayəndəliklərin rəhbərləri, iş adamları, media mənsubları, QHT nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirə İndoneziyada səfərdə olan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi 22 nəfər qadından ibarət Azərbaycan nümayəndə heyəti də qatılıb.

Səfir Tamerlan Qarayev Azərbaycan Xalq Cümhuriyyətinin tarixindəki əsas məqamlara dair təqdimatla çıxış edib. Qeyd edib ki, Azərbaycan xalqı qədim dövlətçilik tarixinə, mədəniyyətinə və ənənəsinə malikdir. Xalqımız əsrlərboyu müxtəlif adlar altında dövlətlər quraraq onları idarə edib. Təbii sərvətləri və strateji coğrafi mövqeyinə görə bu dövlətlər hər zaman digər güclərin diqqət mərkəzində olub və müxtəlif təzyiqlərə məruz qalıb. Lakin Azərbaycan xalqının müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib. XX əsrin əvvəllərində Rusiya imperiyası süquta uğradıqdan sonra müstəqil dövlət qurmaq fürsəti yaranan kimi azərbaycanlılar bundan dərhal yararlanıblar. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 ay mövcud olub. Bu Cümhuriyyət hələ o dövrdə söz azadlığı, demokratiya, gender bərabərliyi, multikulturalizm və ali universitet təhsili kimi məxsusi dəyərlərə malik olmaqla, Şərqdə ilk demokratik respublika idi. Qadınlara səsvermə hüququ verən ilk respublika da məhz bu dövlət olub. Yüz il əvvəl bizim parlamentimizdə qadın üzvlər var idi. Buna görə də bu il biz Cümhuriyyətimizlə yanaşı, parlamentimizin, qadınlarımızın səsvermə hüququnun və silahlı qüvvələrimizin 100 illik yubileylərini də qeyd edirik. Dövrün nadir sistemi olan AXC cəmi 23 ay yaşadı və bolşeviklərin işğalı ilə üzləşən Azərbaycan Sovet İttifaqının bir hissəsinə çevrildi. Nəhayət, 71 ildən sonra, Sovet İttifaqının dağılması ilə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi.

Səfir bildirib ki, AXC-nin böyük əraziləri sovet hakimiyyəti illərində Ermənistana verilib. Ümumiyyətlə, Ermənistan bütünlüklə qədim Azərbaycan torpaqlarında kənar güclərin geosiyasi oyunları nəticəsində qurulmuş bir dövlətdir.

Sonra səfir müasir müstəqil Azərbaycanın dinamik inkişafından, dünyaya sürətli inteqrasiyasından bəhs edib. Qeyd edib ki, müstəqilliyin ilk günlərindən qonşu Ermənistanın təcavüzü ilə üzləşən Azərbaycan bu münaqişəyə baxmayaraq, dünyaya multikulturalizm, tolerantlıq ixrac edir, regional rifah naminə hərb üsuluna əl atmadan Ermənistanın təcavüzünü sülh və danışıqlar yolu ilə həll etməyə çalışır.

O, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq əldə edilən nailiyyətlər, iqtisadi göstəricilər barədə də ətraflı məlumat verib. Bildirib ki, bu il biz həm də müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyini qeyd edirik. Sadalanan nailiyyətlərin hamısının bünövrəsi məhz Heydər Əliyev tərəfindən qoyulub. Bu dahi şəxsiyyət yalnız Azərbaycanın deyil, bütün regionun tarixini dəyişib.

Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrindən bəhs edən səfir iqtisadi göstəricilər, qarşılıqlı səfərlər, dostluq əlaqələri və mövcud əməkdaşlığımız haqqında da məlumat verib.

Tədbirdə çıxış edən İndoneziyanın bürokratik və inzibati islahatlar naziri Asman Abnur apreldə Azərbaycanda keçirilmiş prezident seçkilərinə toxunub, Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbriklərini çatdırıb. İndoneziya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf yolundan danışan nazir İndoneziyanın bu əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. Qeyd edib ki, İndoneziya bu əlaqələri müxtəlif sahələrdə, o cümlədən ticarət, enerji və digər sahələrdə daha da şaxələndirmək niyyətindədir. 2017-ci il iyulun 24-də İndoneziya ilə Azərbaycan arasında vətəndaşlara xidmət sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunu xatırladan nazir Azərbaycanın “ASAN xidmət” təcrübəsini öyrəndiklərini qeyd edib. O, həmin memorandumun iki xalqın mənafelərinə uyğun şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib, iki ölkə arasında humanitar sahədə də əlaqələrin inkişafı üçün böyük potensial olduğunu qeyd edib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Əbədi ezamiyyət” sənədli filminin epizodları, ümummilli lider Heydər Əliyevin həyat yolundan bəhs edən videotəqdimat, Azərbaycan haqqında müxtəlif videomateriallar, o cümlədən “Bakı Ekspo 2025”, Formula 1 Azərbaycan Qran Prisi, Naxçıvan - İslam mədəniyyətinin paytaxtı adlı videomateriallar nümayiş olunub, iştirakçılara müxtəlif məlumat nəşrləri paylanılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycandan dəvət olunmuş musiqiçilərimiz Şəhriyar İmanovun və Şükür Əliyevin ifasında milli musiqilərimiz səslənib, xalq mahnılarından ibarət konsert təqdim edilib. Həmçinin

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan xüsusi dizayn və məhdud seriya nömrəli poçt markalarının təqdimatı keçirilib.

Tədbir Azərbaycan milli mətbəxinin ləziz nümunələrindən ibarət ziyafətlə başa çatıb.

Rəsmi qəbul yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Xudaferin.eu


 

15:46