Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi İslamabad şəhərində təntənəli şəkildə qeyd olunub

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərindəki “Serena” mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, qəbulda Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Usman İbrahim, Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Nasir Cancua, ölkənin tanınmış ictimai-siyasi xadimləri, səfirləri, digər diplomatlar, ölkə ordusunun yüksək rütbəli zabitləri və İslamabadda yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi açılıb, pakistanlı rəssam tərəfindən yağlı boya ilə çəkilmiş Azərbaycanın tarixi və müasir memarlıq abidələrini özündə əks etdirən rəsm əsərlərinə baxış keçirilib.

Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir iştirakçılarını salamlayan ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə xalqımızın tarixində çox mühüm yeri olan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Azərbaycan Prezidentinin Sərəncamına əsasən təntənəli şəkildə qeyd olunduğunu bildirib. Əli Əlizadə 1918-ci il mayın 28-də yaradılan, müsəlman dünyasının ilk parlamentli respublikası kimi dünyanın demokratik dövlətləri tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qan yaddaşında silinməz izlər buraxdığını, müasir müstəqil Azərbaycanın bu Cümhuriyyətin siyasi varisi olduğunu diqqətə çatdırıb.

Səfir 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızın ötən 25 ildən artıq müddətdə və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində sürətlə inkişaf etdiyini, Azərbaycanın müasir, sülhsevər və sabit ölkə olduğunu vurğulayıb.

Əli Əlizadə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin yarandığını, Pakistanın Azərbaycanın ərazi bütövlüyünü qeydsiz-şərtsiz dəstəklədiyini, Pakistan Milli Assambleyası və Senatının Xarici İşlər komitələrinin Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edərək, Azərbaycan xalqı və dövləti ilə daim həmrəylik nümayiş etdirdiyini bildirib.

Səfir son bir ildə hər iki ölkədən qarşılıqlı olaraq 30-dan artıq səfərin həyata keçirildiyini, Azərbaycana səfər edən Pakistan vətəndaşlarının sayının son bir ildə 5-6 dəfə artdığını diqqətə çatdırıb. Vurğulanıb ki, mövcud potensialı əks etdirməyən iqtisadi əlaqələrin yüksək səviyyəyə qaldırılması üçün səylər daha da artırılıb, ticarət və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üzrə birgə işçi qruplarının 1-ci iclasları keçirilib. Həmçinin elm, mədəniyyət, təhsil, müdafiə sənayesi və hərbi-texniki sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, eləcə də Heydər Əliyev Fondu tərəfindən Pakistanda sosial və humanitar layihələr uğurla reallaşdırılır.

Usman İbrahim Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu, səmimi və möhkəm xarakterə malik olan, birgə mədəni və tarixi yaxınlığa söykənən ölkələrimizin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, Pakistanın Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bəyan edib. Nazir Azərbaycan-Pakistan əlaqələrinin uğurlu gələcəyinin olduğunu vurğulayıb, iqtisadi sahədə qarşılıqlı faydalı əlaqələrin, həmçinin mədəniyyət, təhsil, enerji və müdafiə sahələrində əməkdaşlığın yüksək səviyyəsindən danışıb.

Ölkəmizdən dəvət olunan sənətçilər - Azərbaycanın Əməkdar artistləri Sahib Paşazadə, İlham Nəzərov və Nigar Şahmuradovanın, həmçinin Qaya Dövlət Ansamblının solisti Şölə Səfərəliyeva və Azərbaycan Dövlət Televiziyasının solisti Nigar Şabanovanın ifa etdikləri Azərbaycan xalq və bəstəkar mahnıları, habelə dünya musiqisinin tanınmış əsərləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Mərasimdə Azərbaycanın mədəniyyətinə, tarixinə, turizm potensialına və iqtisadi uğurlarına dair müxtəlif videoçarxlar nümayiş etdirilib, Azərbaycan həqiqətləri ilə bağlı kitablar, bukletlər və digər əyani materiallar tədbir iştirakçılarına paylanıb.

Rəsmi qəbul Pakistanın televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

12:09