“Azərbaycan xalçası ensiklopediyası”nın ikinci cildinin təqdimatı olub

Xalça Muzeyində “Azərbaycan xalçası ensiklopediyası”nın ikinci cildinin təqdimatı olub.  Müəllifi sənətşünaslıq doktoru, professor Röya Tağıyeva olan ensiklopediyanın ərsəyə gəlməsi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Xalça Muzeyinin və Yaponiyanın “Japan Tobacco İnternational” şirkətinin birgə layihəsinin nəticəsidir. Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bu sahədə atılan addımları yüksək dəyərləndirib, “Azərbaycan xalçası ensiklopediyası”nın ikinci cildinin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirib. Vurğulanıb ki, zəngin tarixə malik Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, xalçalara məxsus zərifliyin və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Tarixən məşhur olan Azərbaycan xalçaları dünya mədəniyyətinə və mədəni irsinə böyük təsir göstərməklə yanaşı, bu gün də tanınmış muzeylərdə nümayiş olunur. Azərbaycanda xalçaçılıq ənənələrinin dövlət tərəfindən qorunduğunu deyən muzeyin direktoru qeyd edib ki, kitabın təqdimatı da xalçaçılıq sənətinin dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrin və görülən işlərin tərkib hissəsidir.

Mədəniyyət və Turizm Nazirliyinin muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova ensiklopediyanın ikinci cildinin nəşrini yüksək dəyərləndirib. Azərbaycan xalçaçılıq sənətinin maddi-mənəvi sərvətimiz olduğunu söyləyən A.Hüseynova bu sahəyə böyük qayğı və diqqət göstərildiyini qeyd edib.
Nəşrin müəllifi Röya Tağıyeva, Xalq Rəssamı Fuad Salayev çıxış edərək vurğulayıblar ki, ensiklopediyada Azərbaycan xalçası təkcə milli-mədəni ənənənin deyil, həm də dünya irsinin ayrılmaz hissəsi kimi təqdim olunur. Azərbaycanda xalçaçılıq sənətinin yaranması və inkişafı, xovlu və xovsuz xalçalar, onların növ müxtəlifliyi, xalça hazırlanmasının texnoloji xüsusiyyətləri, naxış və rəmzlərin mənşəyi ilə yanaşı, tarixi əhəmiyyət daşıyan xalçalar haqqında məlumat verilib. Eyni zamanda, kitabda xovsuz xalçaların toxunuşunda istifadə olunan yunun hazırlanması, boyaqlar haqqında geniş məlumatlar yer alıb. Cilddə 400-dən çox xovsuz xalçanın mənşəyi, kompozisiyası və ornament örnəyi əks olunub.

Xudaferin.eu

 

22:11