“Azərbaycan xalçalarının hazırlanmasının qədim ənənələri” adlı sərgisi açılıb

 

 

Astanada “Avrasiya Beynəlxalq kitab sərgisi” çərçivəsində “Azərbaycan xalçalarının hazırlanmasının qədim ənənələri” adlı sərgisi açılıb.

Qazaxıstandakı səfirliyimizin dəstəyi ilə keçirilən sərgidə xalçaçı Zakir Binnətli Azərbaycan qədim xalçaçılıq mərkəzi olduğunu diqqətə çatdırıb. Bildirib ki, “Azərbaycan xalçaları dünyanın məşhur rəssamlarının tablolarında, səyyahların əsərlərində təsvir olunub, gözəlliyi ilə hamını heyran qoyub. Azərbaycan xalçaları zərif və parlaq yunu, yüksək keyfiyyəti, rəngarəngliyi, ecazkar naxışları ilə hələ orta əsrlərdən dünya miqyasında şöhrət tapıb. Artıq XIX əsrdə beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan xalçaları öz zərifliyi ilə diqqəti cəlb etmişdir”.

Xalçalardakı sehrli və rəngarəng çalarları sərginin gözəlliyini daha da artırıb. Sərgi iştirakçılarının diqqətinə çatdırılıb ki, əsrlərboyu Azərbaycanın müxtəlif regionlarında müxtəlif xalçaçılıq məktəbləri olub və bu gün də mövcuddur. Tədbirdə İrəvan və Qarabağ xalçaları haqda da ətraflı məlumat verilib. Quba, Bakı, Şamaxı, Gəncə, Qazax və Naxçıvanda toxunan xalçaların yunun keyfiyyəti, boya komponentləri, boyaq və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə bir-birindən fərqləndiyi qeyd edilib. Sərgidə Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təqdim olunan milli çalğı alətləri, kitab və jurnallar iştirakçıların marağına səbəb olub.

Xudaferin.eu
Qazaxstan, “Astana Bürosu”

09:19