Azərbaycan üçün təhlükəli ssenari: Kürdüstandan sonra Qarabağ?

 

İraq Kürdüstan Muxtariyyatı dövlət müstəqilliyi ilə bağlı referendum keçirmək niyyətini bir daha bəyan edib.Bu barədə Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani BMT-nin baş katibi Antonio Quterres ilə görüşündə açıqlama verib. M.Bərzani referendumu yaxın vaxtlarda gerçəkləşdirmək istədiyini deyib.Onun bu açıqlaması bölgə dövlətləri tərəfindən narahatlıqla qarşılanıb.Çünki Kürdüstan Muxtariyyatının müstəqil dövlətə çevrilməsi İraqın parçalanması ilə yanaşı Türkiyə, Suriya və İrana da sirayət edə bilər. Bu isə ABŞ-ın Yaxın və Orta Şərqdə müstəqil Kürdüstan dövləti yaratmaq planının reallaşması istiqamətində ciddi addım ola bilər. Xüsusilə də bu referendumun nəticələrinin ABŞ başda olmaqla Qərb dövlətləri, eləcə BMT tərəfindən tanınması bölgədə geosiyasi vəziyyəti dəyişə bilər. Yəni Türkiyədə, Suriyada, İranda və digər dövlətlərdə separatizmi alovlandıra bilər. Bu isə təbii ki, həmin dövlətlərin ərazisində siyasi münaqişələrin və lokal müharibələrin baş verməsi ilə nəticələnəcək.

Politoloq Qabil Hüseynli hesab edir ki, İraq Kürdüstan Muxtariyyatının müstəqilliyi ilə bağlı referendumun nəticələri ciddi beynəlxalq müqavimətlə üzləşəcək: “İraq dövləti öz ərazisinin parçalanmasına heç zaman razı olmaz. Bölgə dövlətləri də bu referendumun keçirilməsinə razılıq verməz.Çünki bölgədə hər hansı yeni müstəqil dövlətin meydana gəlməsi bölgədə partlayışa səbəb olacaq və Yaxın Şərqi yenidən alovlandıracaq.Bu nöqteyi-nəzərdən, BMT həmin referendumun nəticələrini tanımamalıdır.BMT Helsinki Yekun Aktının sənədələrinə uyğun olaraq, II Dünya Müharibəsindən sonra formalaşmış sərhədlərin zorla dəyişdirilməsinə imkan verməməlidir.İraq Kürdüstanı referendumu təkcə kürdlərin məskunlaşdığı ərazilərdə deyil, həm də türkmənlərin yaşadığı bölgələrdə də keçirmək istəyir. Onlar Kərkükə, ərəblərin yaşadığı ərazilərə, hətta Mosula belə iddia edirlər. Hətta Ərbilin özü kürd şəhəri olmayıb.Yalnız Süleymaniyyə kürdlərin vətəni sayılır. Nə Türkiyə, nə də ərəb dövlətləri belə bir addımın atılmasına razılıq verməyəcək”.

Qeyd edək ki, referendum yolu ilə müstəqil kürd dövlətinin yaradılması Dağlıq Qarabağ probleminin həlli prosesi üçün təhlükəli presedent yarada bilər. ATƏT-in Minsk Qrupunun təqdim etdiyi “Madrid prinsipləri”ndə Dağlıq Qarabağın hüquqi statusunun rreferendum yolu ilə müəyyənləşməsi nəzərdə tutulur. Azərbaycan isə referendumun ayrılıqda götürülmüş şəkildə Dağlıq Qarabağın erməni icması arasında deyil, konstitusiyanın tələblərinə uyğun olaraq, bütün ölkə ərazisində keçirilməsini təklif edir.Bu bəndlə bağlı konsensusun əldə olunmaması problemin aradan qalxmasına mane olan əsas səbəblərdən birini təşkil edir.Ancaq İraq Kürdüstanı referendum yolu ilə müstəqil dövlətə çevrilərsə, analoji təcrübənin Dağlıq Qarabağa şamil edilməsinə çalışılacaq.

Qabil Hüseynli də İraq Kürdüstanındakı referendumun Dağlıq Qarabağ münaqişəsi üçün təhlükəli presedent yaratdığı fikrindədir: “Bu, çox ziyanlı bir presedentdir. Hətta müstəqil, suveren dövlətin parçalanmasına gətirib çıxara bilər. Amma mən güman edirəm ki, 56 müsəlman dövləti, o cümlədən 23 ərəb dövləti Bərzaninin bu ideyasının əleyhinə çıxacaq və müstəqil kürd dövlətinin yaradılmasına imkan verməyəcək”. Türkiyə siyasətçiləri isə kürd separatizmi ilə yanaşı, bu ölkədə erməni təhlükəsinin artdığından danışır. AKP-dən olan millət vəkili Mehmet Ərdoğan bəyan edib ki, ötən il iyul ayının 15-də dövlət çevrilişinə cəhd baş tutsa idi, Türkiyə 4 hissəyə parçalanacaqdı. Nəticədə Türkiyənin cənub-şərqində kürd dövləti, şərqi Anadolu kiçik türk dövləti yaranacaq, Türkiyənın şərq vilayətlərində müstəqil erməni dövləti qurulacaqdı.İstanbul isə plana görə, şəhər-dövlət statusu almalı idi.Qabil Hüseynli Mehmet Ərdoğanın bu fikirlərini inandırıcı saymır.
Onun sözlərinə görə, Türkiyənin parçalana biləcəyi haqda deyilənlər reallığa uyğun deyil: “Türkiyə böyük, qədim tarixə malik dövlətdir. Onu heç kim parçalaya bilməz. Türkiyənin yalnız demokratiya sahəsində problemləri yaranıb.Türk xalqı da demokratiya ənənəsini müdafiə etməlidir”.

Müşfiq Abdulla

Cebhe.info

05:20