Azərbaycan-Türkiyə münasibətlərində gənc alimlərə üstünlük verilməlidir

Bilal Hatəmi Trabzon şəhərindəki “Avrasiya Universiteti”nin ictimai və siyasi elmlər üzrə kafedrasının müəllimidir. Əslən Güney Azərbaycanın Təbriz şəhərindən olan Bilal bəy bundan öncə nəinki Türkiyədə, həm də dünyada tanınan “Hacettepe Universiteti”ndə təhsil almışdır. Hal-hazırda “Türkiyə-Azərbaycan münasibətləri” üzrə elmi araşdırmalarla məşğuldur. Demək olar ki, ölkənin nüfuzlu dərgilərində iki qardaş ölkə arasındakı yeni eranın şərtləri daxilində mövcud olan inkişaf perspektivlərini elmi konseptual şəkildə təqdim etməkdədir. Özünü Azərbaycan diasporunun sıradan bir üzvü kimi qəbul edən Bilal bəylə də söhbətimiz bu məcrada oldu. 

–Bilal bəy öncələr Güney Azərbaycandan Türkiyəyə sadəcə ticarətlə və digər orta dərəcəli işlərdə məşğul olmaq üçün gələrdilər. Elə bil ki, indiki durum tamamilə fərqli bir məcrada inkişaf etməkdədir?

–1923-1979-cu illərdə hakimiyyətdə olmuş “pəhləvilər rejimi” Güney Azərbaycana qarşı bir yandan sosial-iqtisadi baxımdan, digər yandan isə şovinizm münasibətləri çərçivəsi standartlarında yanaşdıqları üçün, soydaşlarımız zamanla Qafqaz, Orta Asiya, Suriya, İraq və digər ölkələrə mühacirət etmək məcburiyyətində qalırdılar. Onu da etiraf etmək gərəkdir ki, Quzey Azərbaycan və Türkiyə xaricində digər ölkələrdə uzun illər mühacir həyatı yaşayan soydaşlarımızın çoxları zamanla assimliasiyaya məruz qalmışlar. Onlar həyatın ən ağır və məşəqqətli durumunu yaşamışlar. Son illərdə Türkiyəyə gedən soydaşlarımız burada daha çox elmi və mədəni sahələrə üz tuturlar. Bu çox sevindirici bir haldır. Bu gün demək olar ki, Türkiyənin əksər universitetlərində, eləcə də mədəni mərkəzlərində Güney və Quzey Azərbaycanlı mütəxəssislər çalışırlar. Buna çox normal yanaşmaq gərəkdir. Bu, həm də xalqlarımız arasında bütün sahələrdə inteqrasiya etmənin ən doğru yoludur. Bizlər Türkiyənin elmi, ictimai və digər sahələrində bu yolla qardaş xalqlar düsturunun daha möhkəm təməllər üzərində inkişaf etdiririk. Mən özüm “Türkiyə-Azərbaycan münasibətləri” üzrə elmi araşdırmalarımda məhz bu amillərə üstünlük verirəm. Azərbaycanımızın hər iki tayından gələrək burada ədəbi və mədəni proseslərdə xeyli sayda iştirak edən soydaşlarımız vardır. Onların yaradıcılığı elə bil ki, Türkiyə və Azərbaycanın çağdaş ortaq mədəni düzəninə çevrilib.

–Bəs sən öz  araşdırmalarında hansı məsələlərə daha çox üstünlük verirsən?

–Demək olar ki, universitetimizin dəstəyi ilə Türkiyə-Azərbaycan alimləri ildə bir neçə dəfə konfranslar təşkil edirik. Özəlliklə 1991-ci ildən üzü bu yana dövlət müstəqilliyinin qorunmasında Azərbaycanın əldə etdiyi uğurlara üstünlük verilir. Bunun elmi-nəzəri aspektləri sahəsində alimlərin araşdırmaları dinlənilir və sonucda isə kitab şəklində dərc olunur. Həmin kitablar Türkiyə və Azərbaycanın universitetlərinə göndərilir. Mənim araşdırmalarımda yer alan Türkiyə-Azərbaycan müqavilələrinin hansı səviyyədə inkişaf etməsi, iki qardaş ölkənin yeni inteqrasiya modellərinin strateji işbirliyi sayəsində güclənməsi mövzularını əhatə edir. Bütün bunların əsas mahiyyəti, daim bizləri üz-üzə qoymaq istəyən xarici güclərin dərin maraqlarına xidmət edən oyunlarının qarşısını almaq üçündür. Özünüz də son illərdə bunun şahidi oldunuz. Orta yüzilliklərdə Osmanlı-Səfəvi münasibətlərində yer alan bəzi neqativ halları süni şəkildə qızışdırmaqla bu gün Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün çoxlu cəhdlər edildi. Həmin  təşəbbüslərin heç biri gözlənilən fəsadları yarada bilmədi. Çünki, Azərbaycan-Türkiyə münasibətləri artıq iki qardaş dövlətin möhkəm təməllərə söykənən qaydalar üzərində inkişaf etməkdədir.

–Trabzonda Azərbaycan diasporu varmı?

–Demək olar ki, burada yaşayan soydaşlarımız bir neçə sosial mənşəni təmsil etsələr də, daim Azərbaycan sevdalısı olduqlarını gizlətmirlər. Mən çox istərdim ki, Trabzonda ayrıca Azərbaycan konsulluğu fəaliyyət göstərsin. Bunun da səbəbi odur ki, Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəliş məsələsində bürokratik sənədləşmə işləri üçün bu çox vacibdir. Bu gün Trabzon şəhəri Qafqaz-Türkiyə-Avropa bucağında önəmli liman şəhəri statusu ilə çıxış edir. Biz Azərbaycan diasporu olaraq, Trabzonda davamlı şəkildə “Azərbaycan günləri”, “Azərbaycan mədəniyyəti ocağı” və “Azərbaycanı tanıtma” adına bir sıra tədbirlərimizi keçirrik. “Türk Dünyası Folkloru” törənlərinin ən layiqli iştirakçıları sırasında Azərbaycanın özümlü yeri vardır. Ancaq, bununla yanaşı, onu da bildirmək etmək istəyirəm ki, Bakı, Gəncə, Şəki və digər şəhərlərdən gələn folklor ansambllarının bir qədər professional səviyyədə iştirak etmələrini arzulayıram. Bəzən elə musiqi qrupları gəlirlər ki, onların Azərbaycanı təmsil etmələrindən daxilən pərt oluruq. Xüsusilə  aşıq sənətinin adına heç bir aidiyyatı olmayanlar bizlərin üzgünlüyümüzə səbəb olurlar. Elə bil onlar toyxana qastroluna gəliblər. Bizim məqsədimiz Türkiyə və Azərbaycan sənətçilərinin hər iki dövlətin ortaya qoyduqları iradənin standartları səviyyəsində olsun. Trabzondakı Azərbaycan diasporu da məhz bunun üçün çalışır.

–Bilal bəy, elmi araşdırmaları sayəsində hansı uğurları əldə etmisən?

–Türkiyədəki demokratik düzəndən yararlanaraq, bəzən elə mərkəzlər var ki, onlar daim Azərbaycan dövlətinə qarşı süni şəkildə saxtakarcasına dərin yaralar vurmaq istəyirlər. Ən adi nöqsandan faydalanaraq, “qarışqadan fil düzəltmək” taktikası ilə hərəkət etməyə çalışırlar. Bax belə bir məsələdə Türkiyənin müxtəlif universitetlərində fəaliyyət göstərən  soydaşlarımız, xüsusilə də ictimai-sosial sahələrin alimlərimiz dərhal layiqli səviyyədə cavablarını verirlər. Bir misal deyim. Türkiyədə mərhum prezident Heydər Əliyevə qarşı bəziləri məqalələr, bəziləri də kitablar yazdılar. Bizlər də bunun cavabını verdik. Yeni qurulan bir dövlətin istənilən sahələrdə neqativ halların mövcud olmasına təbii şəkildə baxılmasını sübut etmək üçün, dünya tarixindən yüzlərlə faktları ortaya qoyduq. Bunun təməl prinsiplərini sübut etdik. Xüsusilə də Azərbaycan kimi keçmiş totalitar və diktator rejimində yaşamağa məcbur olmuş dövlətlərdə problemlərin zamanla öz çözümünü tapacağına inandırıcı faktları ortaya qoyduq. İraqda 2003-cü ildə baş verən vətəndaş savaşı elə bu günün özündə də davam edir. Azərbaycanın Qarabağ və onun ətrafındakı rayonların işğalı nəticəsində milyondan artıq məcburi qaçqınların olmasına baxmayaraq, ölkədə hər hansı bir vətəndaş savaşının olmadığını göstərdik. Azərbaycanda isə xarici güclərin dəstəyi ilə Türkiyə dövlətinin qurucusu, Türk Dünyasının ən möhtəşəm liderləri sırasında adı çəkilən Mustafa Kamal Atatürkə qarşı təbliğat xarakterli yazılar çap olundu. Nəticədə həmin uydurma təbliğatlar iflasa uğradı. Bu iki vacib məsələni elmi şəkildə incələməklə Türkiyə-Azərbaycan münasibətlərinin dərin tellərə bağlı olduğunu ortaya qoyduq. Unutmaq olmaz ki, sosial elmlərin cəmiyyətə təsir imkanları  çoxdur. Bir də hər hansı bir sahəni sosiologiya baxımından təhlil etməklə yaranmış problemlərə aydınlıq gətirmək daha asandır.

–Trabzona işləməyə və elmi konfranslara gələn soydaşlarımızla görüşürsənmi?

–Əlbəttə. Biz Bakı, Gəncə, Naxçıvan və Sumqayıtdan gələn yaradıcı şəxsləri, alimləri və digər sahələrin mütəxəssislərini sevə-sevə qəbul edirik. Onları burada yaşayan və iki dövlət arasında körpü rolunda çıxış edən soydaşlarımızla da görüşdürürük. Azərbaycan sevdalısı olan xeyli yerli sakinlər də vardır. Onlar Azərbaycana dəstək yürüşlərində və toplantılarda daim yanımızdadırlar. Azərbaycandan gələn alimlərimizin özləri bütün bunları heyrətlə seyr edirlər. Təbii olaraq, Güney Azərbaycandan gələn soydaşlarımızla da əlaqələr qururuq. Onların özləri də etiraf edirlər ki, Azərbaycan Respublikasındakı bir sıra uğurlardan xəbərləri yoxdur. Biz onlara Qarabağ həqiqətləri haqqında kitablar verir və internet resursları ilə tanış olmalarına imkan yaradırıq.

–Bəs bur problemin səbəbi nədir?

–Bildiyiniz kimi, Güney Azərbaycanda İran təhsil sistemi mövcuddur. Bir yandan da fars dilində olan təhsilin fəsadlarından birinə çevrilmiş Azərbaycan düşüncəsinə yer verilmir. Beləliklə də adicə orta məktəbi bitirən bir gəncin öz tarixi və mədəniyyəti haqqında dərin bilgiləri olmur. Yarı fars, yarı ərəb və yarı türk dilində formalaşmış dildə danışdıqları üçün, milli hədəflərə söykəmli baxışlarında xeyli problemlər yaranıb. Soydaşlarımızla bu yöndə xeyli vaxt itkisi yaransa da, biz səbrlə onları öz milli kimliklərinə sahib olmaları üçün əlimizdən gələn yardımları edirik.

–Quzey Azərbaycan necə, vaxtın oldumu gəlib oaraları da ziyarət edəsən.

–Bir neçə dəfə elmi konfrasnlarda iştirak etmək üçün gəldim. Vaxtımın darlığından çox da imkan olmadı ki, Gəncəni və Göy Gölü görüm. Bu barədə bir film seyr etdim. Məncə Göy Göl dünyanın ən əsrarəngiz məkanıdır. Burada Azərbaycanın televiziya kanallarını seyr edirəm. Ancaq, onu da deyim ki, bu kanalların fəaliyyətindən çox narazıyam. Bəsit mövzulara o qədər yer verilir ki, tamaşaçı sonucda bütün bunlardan usanır. İntellektual mövzulara demək olar ki, nadir hallarda yer verilir. Axı belə olmaz. Süni reytinq siyasəti ilə TV kanal işlədilməz. 25 illik dövlətçilik ənənəsinin genetik düsturları ortaya qoyulmalı və bunu sosiallaşdırmaq vacib şərtlərdən birinə çevrilməlidir. Mütəxəssislər yeni dövlət quruculuğunun fəlsəfəsini izah etməlidirlər. Bayağı düşüncə tərzi ilə TV proqramlar idarə edilməz. Bütün bu qüsurları ona görə xatırladıram ki, dünyanın digər kanallarını bizlər izlədikdən sonra, belə bir qənaətə gəlirik. Kinolarımıza, teatr tamaşalarımıza və  digər mədəniyyət xarakterli proqramlarımıza isə usana-usana baxırıq. Məgər vahid ədəbi dilimiz yoxdurmu? Bütün dünyada ictimai xarakterli tədbirlər və proqramlar vahid ədəbi dil standartları çərçivəsində olur.

–Bir gənc alim kimi, iki dövlət arasında indiki münasibətlərin hansı formada inkişafını görmək istərdin?

–Hər iki ölkənin gənc alimlərinin arasında əlaqələrin dinamik şəkildə inkişaf etməsini çox arzu edirəm. Yeni nəslin intellektual səviyyəsindən maksimum dərəcədə faydalanmanın önəmi çoxdur. Bizlər Güney və Quzey Azərbaycan olmaqla Türkiyə ilə üçlü bir şəkildə bu prosesə təkan verəmliyik. Belə bir yeni anlamın Orta Doğu, Yaxın Doğu və Qafqaz siyasətində çox böyük önəmi vardır. Heç nədən çəkinmədən demək gərəkdir ki, bir sıra dünya gücləri bizləri, yəni Türk Dünyası anlamını qısqanclıqla qarşılayırlar. Halbuki, biz kimsəyə qarşı olmadan dövlət və milli hədəflərimiz çərçivəsində hərəkət etmək istəyirik. Bu hansısa dövləti, toplumu, beynəlxalq birliyi təhdid etmək demək deyil. Ermənilər və digər milli azınlıqları bizlərə qarşı sosial güc kimi yönəltmək doğru hal sayılmamalıdır. Yeni sömürgə siyasəti XXI yüzilin stdanrtlarına heç də uyğun gəlmir. Azərbaycan və Türkiyə dövlətləri arasında imzalanan bütün əməkdaşlıq sənədlərində belə hallara yer verilməyib. Bu iki qardaş dövlət dünya ailəsinin bir parçası olmaqla onun harmoniyasına bağlı öz dəyərləri ilə qatılmaq istəyirlər. Türkiyə və Azərbaycanın birlikdə bu düzəndə iştirak etməsi hər iki dövlətin qanuni haqqıdır.

Söhbətləşdi: Ə. Yusifoğlu

13:51