Azərbaycan şəhid verir, beynəxalq təşkilatlar riyakarlıq edir - Qarabağ gərginliyi

 

Azərbaycan şəhid verir, beynəxalq təşkilatlar riyakarlıq edirNATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları bərpa etməyə çağırıb. Bu barədə Y.Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bildirib.

 

“Gərginliyin qarşısını almaq vacibdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”, deyə Y.Stoltenberq qeyd edib. O həmçinin vurğulayıb ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil. Bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Ermənistan prezidenti Serj Sarkisyanla Brüsseldə görüşündən sonra deyib. Onun sözlərinə görə, bu münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır: “Münaqişə yalnız beynəlxalq qanunlar çərçivəsində, siyasi yolla həll oluna bilər”. D.Tusk qeyd edib ki, Aİ münaqişənin həllində ATƏT Minsk qrupunun səylərini tamamilə dəstəkləyir. Bu açıqlamalar beynəlxalq təşkilatların növbəti dəfə riyakarlığını ortaya qoydu. Azərbaycan şəhid verir, ordumuz düşmənlə döyüşür, cəbhəyanı ərazilərdə mülki əhali qorxu içində yaşayır, beynəlxalq qurumlar isə danışıqlara çağırış edir.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılıb. 

Lakin xarici təşkilatların bəyanatında Ermənistanın hərbi təxribatlarını dayandırmağa çağırış yoxdur.Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində dövlət başçımızın həyata keçirdiyi tədbirlər, görüşlər və dialoqlar xarici siyasətin prioritetlərindəndir.

Proseslərin gedişi göstərir ki, beynəlxalq hüquq müstəvisində Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyün miqyası getdikcə genişlənir. Şübhəsiz ki, bu, həm də işğal altındakı ərazilərin azad olunması prosesini bir qədər də sürətləndirəcək.

Beynəlxalq təşkilatların bütün çağırışlarına və tövsiyələrinə məhəl qoymayan Ermənistan dövləti hələ də işğalçılıq siyasətindən əl çəkmir, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan qeyri-qanuni əməllərini davam etdirir.  Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının hələ 90-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamədə, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. Bu qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd - şərtsiz azad etməsi öz əksini tapıb. Həmin qətnamələr bu günə qədər icra olunmayıb.

Politika.Az

 

10:56