“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı oldu

Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasında beş kitabdan ibarət “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib. AMEA-nın Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kitabın əhəmiyyətindən danışılıb. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim edilən əsər haqqında qısa məlumat verərək fundamental elmi araşdırma olan “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin nəşrini müstəqil dövlətimizin elmi həyatında mühüm hadisə adlandırıb. Bildirilib ki, Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş əsərin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək deyib ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyi müstəqilliyimizin 25 illiyinə sanballı töhfədir. Dövlət müstəqilliyimizin bərpası ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən tədbirlər planı təsdiq olunub. Bu plana uyğun olaraq Azərbaycan müstəqilliyinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək. Tədbirdə AMEA Rəyasət Heyəti İctimai Elmlər Bölməsinin akademik katibi, akademiyanın müxbir üzvü Nərgiz Axundova, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva və Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımovun çıxışları dinlənilib. Çıxış edənlər bildiriblər ki, kitabda Azərbaycan dövlətçilik tarixinin son 25 illik dövrünün hər bir mühüm məqamı əksini tapıb. Tarix İnstitutunun əməkdaşları ilə yanaşı, tanınmış mütəxəssislərin böyük zəhməti sayəsində işıq üzü görən bu fundamental kitablar Azərbaycanın yeni tarixinin araşdırılmasına və yubileyə gözəl hədiyyədir. Dövlətçilik ənənələrinin lakonik formada təqdim olunması əsərin dəyərini daha da artırır.

Xudaferin.eu

14:10