Azərbaycan: “norkomanlar” ölkəsi, yoxsa...?

 

MƏHBUSLARIN 28 FAİZİ NARKOTİK İTTİHAMI İLƏ HƏBS OLUNUB

 

Lozanna Universitetinin Avropa Şurası üçün apardığı araşdırmanın nəticələrinə görə, Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən məhbus sayı hesabı ilə Avropada üçüncüdür. Bildirilir ki, 2015-ci ilin məlumatına görə, Azərbaycanda 24 min 117 məhbus var. Bu hər 100 min nəfərə 248, 5 məhbus deməkdir. Siyahıda birinci yeri 641 min məhbusu olan Rusiya tutur. Orada əhalinin hər 100 min nəfərindən 438 nəfəri həbsxanadadır. Siyahıda 2-ci yerdə olan Litvanın isə “məhbus əhalisi” 7901 nəfərdir. Orada əhalinin hər 100 min nəfərinə 273, 5 məhbus düşür. Gürcüstan 4-cü yerdədir. Orada 8772 məhbus var və bu, əhalinin hər 100 min nəfərinə 235, 2 məhbus deməkdir.

Ermənistan bu siyahıda hər 100 min nəfər əhaliyə 130 məhbusla 22-ci yerdədir.

Maraqlı odur ki, Azərbaycanda 5600, Gürcüstanda isə 2700 məhbus narkotik maddə ittihamı ilə azadlıqdan məhrum edilib. Faiz hesabı ilə Azərbaycanda bütün məhbusların 28 faizini “narkomanlar” təşkil edir. Qeyd edək ki, Ermənistan üzrə belə bir statistika yoxdur. Hesabatda o da qeyd olunur ki, ötən il ərzində azadlqıdan məhrumetmə Gürcüstanda 21, Azərbaycanda isə 5 faiz artıb. Ermənistanda bu rəqəm ötən il 2 faiz azalıb. Hesabata görə, 2015-ci ildə bütün Avropada məhbusların sayı 2014-cü illə müqayisədə 7 faiz azalıb. Hesabatda diqqəti çəkən məqam Ermənistanda narkotik ittihamı ilə məhbusların olmamasıdır. Cənubi Qafqazda Azərbaycanın narkotik ittihamı üzrə həbs olunanlara görə birinci yerdə olması təsssüf doğurur. Eyni zamanda belə bur sual da meydana çıxarır ki, həqiqətən azadlıqdan məhrum olunanların çoxusu narkotik aludəçisidir, yoxsa saxta ittihamların nəticəsində yaranmış bir durumdur?!

Mövzu ilə bağlı hüquqşünas Namizəd Səfərov bildirib ki, Azərbaycanda məhbusların sayı ilə bağlı rəsmi statistika yoxdur: “Verilən statistikalar da həqiqəti əks etdirmir. Dəqiq deyə bilirəm ki, Azərbaycan heç vaxt belə mühüm birinciliyi əldən verib, üçüncü yerə düşməz”.

“Bu, Azərbaycanın deyil, Lozanna Universitetinin araşdırmasıdır” fikrinə isə N. Səfərov belə cavab verdi: “Axı, bizimkilər həqiqətə uyğun statistika verirlər ki, o yazıqlar da o statistikanı götürsünlər. Onlar da dövlətin verdiyi rəsmi statistakadan götürürlər. Ancaq bu həqiqəti əks etdirmir. Dəqiq əminəm ki, Azərbaycanda məhbus daha çoxdur. Daxili İşlər Nazirliyinin tabeliyində 300 min polis işləyirsə, elə oradan hesablayın. Ona görə də bu, həqiqəti əks etdirmir”.

“Narkotik ittihamı ilə həbs olunanların əksəriyyəti saxta ittihamlarla həbs olunub”

“O ki qaldı həbs olunanların əksəriyyətinin narkotik ittihamı ilə həbs olunmasına, əminəm ki, onların da böyük hissəsi saxta ittihamlarla həbs olunub. Çünki müxalifət tərəfdən insanların həbs olunması üçün saxta ittihamların ən başlıcası narkotik ittihamıdır. Kimi dama basmaq istəyirlərsə prtokollaşdırırlar ki, guya, onda axtarış zamanı narkotik maddə aşkar olunub. Daha cibinə narkotik atmağa da ehtiyac qalmayıb. Əslində, Azərbaycanda geriləmiş sahələrlə bir yerdə o qədər də narkotik inkişaf etməyib, ölkədə ciddi narkotik problemi yoxdur” deyə hüquqşünas qeyd edib.

N. Səfərv onu da dedi ki, həbs olunanların əksəriyyətinin, yəni 28 faizinin narkotiklə azadlıqdan məhrum olunmasına inanmır: “O da həqiqəti əks etdirmir. Onların içərisində əksəriyyəti saxta ittihamlarla həbs olunan şəxslərdir. Bizdə belə bir tendensiya var ki, sahə müvəkkili ona başağrısı gətirən şəxsin cibinə narkotik qoyub, başından edib, gedər-gəlməzə, həbsxanaya göndərir”.

Şamo Emin
Hurriyyet.org

10:55