Azərbaycan musiqisi Vyetnamda səslənib

 

Hanoy şəhərində Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş “Azərbaycan musiqisi Vyetnamda” adlı konsert təşkil edilib.
 

Ölkəmizin Hanoydakı səfirliyi və Vyetnam Milli Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konsertdə çıxış edən səfir Anar İmanov iki ölkə arasında dostluq münasibətlərinin tarixinin hələ keçmiş Sovet İttifaqı dövrünə təsadüf etdiyini bildirib. Mədəni sahədə əməkdaşlıqdan söz açan diplomat Vyetnamda kinematoqrafiyanın qurucularından hesab olunan, Vyetnamın “Dostluq” ordeni ilə təltif olunmuş kinorejissor Əjdər İbrahimovun buradakı fəaliyyətindən danışıb.

Vyetnam Milli Musiqi Akademiyasının rektoru Le Anh Tuan zəngin mədəni irsə malik olan Azərbaycanın musiqi incilərindən ibarət konsertin Vyetnamda ilk dəfə keçirilməsindən böyük məmnunluq duyduğunu söyləyib.

Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər - tarzən Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədovdan ibarət “Qarabağ” muğam qrupu, Xalq artisti Azər Zeynalov Hanoy Filarmoniyasının orkestri ilə birgə konsert proqramı ilə çıxış ediblər. Orkestri dirijor, xalq artisti Yalçın Adıgözəlov idarə edib. Konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Həsən Rzayev və Vasif Adıgözəlovun əsərləri, Azərbaycan muğamları ifa olunub. Konsert tamaşaçıların gur alqışları ilə qarşılanan “Qarabağ şikəstəsi” ilə başa çatıb.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:38