Azərbaycan Milli Kitabxanası beynəlxalq əlaqələrini genişləndirir

"Beynəlxalq Kitab Sammiti müxtəlif ölkələrin kitabxanaları arasında qarşılıqlı əlaqələrin qurulmasında çox böyük əhəmiyyətə malikdir".

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan  Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirib.

 

Sammitdə kitabın təbliği, qiymətləndirilməsi, insanlar üçün əlçatan olması və bu istiqamətdə elektron vasitələrdən istifadə ilə bağlı maraqlı müzakirələr  aparıldığını nəzərə çatdıran   K. Tahirov bildirib  ki, artıq sammit çərçivəsində Azərbaycan Milli kitabxanası və San Fransiskodakı internet arxivi kitabxanası ilə əməkdaşlıq üçün danışıqlar aparılıb: "İki gün bundan əvvəl direktorla  görüşdük və gələcək əməkdaşlığın perspektivlərini müəyyən etdik. Bu ilin yanvar ayında Los Anceles kitabxanası ilə belə müqavilə imzaladıq. Bundan başqa, sabah Bolqarıstan  Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıqla bağlı görüşümüz olacaq, dekabrda müqavilə imzalayacağıq. Eyni zamanda  Avropa Milli Kitabxanaları Konfransı çərçivəsində birgə qrant alacağıq və həmin qrant üzərində birgə  işləyəcəyik. Son nəticədə bundan faydalanan oxucu və kitabxanalarımız  olacaq. Bu əlaqələrin yaradılması oxucularımızın dünya elektron  məlumat bazasından istifadəsinə əlverişli şərait yaradacaq. Hədəfimiz budur ki, qarşılıqlı girişlər təmin olunsun və oxucularımız digər kitabxanaların bazasından virtual şəkildə istifadə  edə bilsinlər".
O qeyd edib ki, Azərbaycan Milli Kitabxanası beynəlxalq miqyasda əlaqələrini genişləndirməyə çalışır.

xudaferin.eu

15:38