Azərbaycan milli kimliyim, varlığım, dünənim, bu günüm və gələcəyimdir...

Müstəqilliyinin iyirmi səkkizinci ilini yaşayan Azərbaycanı alqışlamalı olursan

ABŞ-ın Miçiqan ştatında yaşayan həmyerlimiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Elman Eldaroğlu "168 saat" qəzetinə müsahibə verib.

- Nə qədər müddətdir Amerikadasınız?

- 2015-ci ildən ABŞ-da yaşayıram. Artıq dörd ildir, amma tezliklə vətənə dönəcəyəm.

- Vətən, doğmalar üçün darıxırsınızmı?

- Əlbəttə ki, darıxıram. Bütün şirin xatirələrim Azərbaycanla bağlıdır. Uşaqlıq dostlarından, əziz və dogma insanlardan ayrı düşmək elə də asan məsələ deyil. Həyatında boşluq yaranır. Daim onları düşünürsən. Nə qədər yeni insanlarla tanış olsan da əvvəldən tanıdıqlarının yerini heç kim vermir.

- Okeanın o üzündən necə görünürük?

- Etiraf edim ki, okeanın bu üzündə yaşayan sadə amerikalıların böyük əksəriyyətinin Azərbaycan adlı bir ölkənin mövcudluğundan xəbəri yoxdur. Yüksək təhsil almış insnların da çox az hissəsi Azərbaycan haqqında məlumatlıdır. Əsasən siyasətlə məşğul olan amerikalılar ölkəmizi keçmiş sovet respublikalarından biri kimi tanıyır. Sevindirici haldır ki, son vaxtlar bəzi vətənpərvər azərbaycanlılar təşkil etdikləri müxtlif tədbirlərlə Azərbaycanın tanınmasında az da olsa müəyyən irəliləyişə nail olublar. Amma qonşu dövlətlərlə müqayisədə biz çox geridəyik.

- Yaradıcılıqla məşğul olmağa vaxt qalırmı?

- O sarıdan şikayətim yoxdur. Burada yaradıcılıqla məşğul olmağa zəngin mühit vardır. Lazımsız informasiyalardan, məişət qayğılarından çox uzaqsan…

- Bəs necə oldu ki, ABŞ-da yaşayan soydaşlarımızdan yazılar hazırlamağa başladınız?

- Əvvəlcə yaxından tanıdığım azərbaycanlılardan yazıb mətbuata ötürdüm. Gördüm ki, yazılarım yaxşı qarşılanır. Azərbaycan kütləvi informasiya vasitələrində amerikada yaşayan soydaşlarımızdan nadir hallarda yazıldığı üçün bu mövzuda məqalələrə ehtiyac olduğunu hiss etdim. Bu boşluğu doldurmaq üçün qərara gəldim ki, soydaşlarımızı arayıb axtarım. Nəticə uğurlu oldu. Qısa müddətdə yüz iyirmi insan haqqında artıq portret yazılar hazırlayıb Azərbaycan mətbuatında ictimailəşdirmişəm. Üstəgəl səksəndən yuxarı vətəndə yaşayan ziyalıdan həmçinin. Ara-sıra Amerikada gördüklərimdən də yazıram…

- Yaşadığınız Miçiqan ştatında məskunlaşan azərbaycanlılarla bağlı yazılar hazırlamısınızmı?

- Miçiqan ABŞ-ın şimalında yerləşdiyi, qışı sərt keçdiyi üçün burada azərbaycanlılar çox azdır. Bəli, onların arasında uğur qazanmışlarından, uğurları ictimailəşməyə layiq olanlarından artıq yazmışam.

- Necə hiss etmisiniz, Azərbaycan deyəndə amerikanların ağlına nə gəlir?

- Heç nə. Necə deyərlər, beş-on nəfəri çıxsaq təsəvvürləri belə yoxdur. Hətta Azərbaycanın adını düzgün tələffüs edə bilmirlər…

- Dağlıq Qarabağ münaqişəsi barədə nə qədər məlumatlıdırlar?

- Çox az. Azərbaycanı tanımayan bir toplumun onun problemlərindən necə xəbəri ola bilər ki?..

- Bəs Amerika ilə Azərbaycanı müqaisə edəndə hansı fərqli cəhətləri görürsüz?

- Nəzərə alaq ki, ABŞ-ın əksər ştatları Azərbaycandan üç-dörd dəfə böyükdür. Əhalisi ölkəmizin əhalisindən otuz beş dəfə çoxdur. Doğrudur, ABŞ böyük imkanlar ölkəsi sayılır. Yəni burada istedadı, bacarığı, savadı realizə etməyə heç bir məhdudiyyət yoxdur. Amma ideal ölkə də deyil. Burada da sosial problemlər yetərincədir. Beş-on böyük şəhərini çıxsaq, o biri şəhərlərin hamısında daxili yollar, körpülər, işıq dirəkləri sovet Azərbaycanını xatırladır. Sanki böyük bir kənddir. Üstəlik yüksək maaşlı iş tapmasan, elə də rahat yaşaya bilmirsən. Yaşadığın evin kirayə pulunu, qidalanmaq üçün və eyni zamanda digər xərcləri ödədikdən sonra yerdə heç nə qalmır. İnsanların doxsan doqquz faizi banklara borcludur. Bütün ömrü boyu kredit ödəyirlər. Və bu adi hal sayılır. Demirəm ki, Azərbaycan ABŞ-dan irəlidədir, əsla yox. Azərbaycanın da bir ölkə kimi öz problemləri vardır. Amma nəzərə alanda ki, iki yüz əlli idən yuxarı müstəqillik tarixi olan ABŞ hələ də haqqında dolaşan əfsanələrdəki kimi tam inkişaf etməyib, onda müstəqilliyinin iyirmi səkkizinci ilini yaşayan Azərbaycanı alqışlamalı olursan. Ötən əsrin altmışıncı illərinədək ABŞ-da irqlər arası problem yaşanırdı. Bu gün də bu problem pərdəarxası davam edir. Nə isə, bu çox geniş söhbətin mövzusudur. Bunun barəsində saatlarla danışmaq olar...

- Sizin düşüncələrinizdə Azərbaycan necə ölkədir?

- Gizli-aşkar xarici təzyiqlərə məruz qalan, fitnəkar düşmənlə yanaşı yaşamağa məcbur olan, müstəqilliyini yaxın zamanlarda əldə etmiş, inkişafa doğru inamla irəliləyən bir ölkədir. Heç bir ölkə “sehirli çubuq”la problemlərdən qurtulmur. Ölkənin tam inkişafına zaman-zaman nail olunur. İnanıram ki, Azərbaycan vaxt keçdikcə bütün problemlərini həll edib dünyanın ən müasir ölkələrindən birinə çevriləcək...

Artıq dörd ildir ki, ABŞ-dayam. Burada heç kimin yanında bu ölkəni pisləyə bilməzsən. Hətta evsiz-eşiksiz, dilənçi amerikalının da. Anındaca sərt müqavimətlə üz-üzə qalmalı olacaqsan. Məndən ötrü Azərbaycan təkcə doğulduğum coğrafi məkan deyil, milli kimliyim, varlığım, dünənim, bu günüm və gələcəyimdir...

xudaferin.eu

09:12