Azərbaycan milli diaspor quruculuğu yeni ərəfədə

 

Əksər mütəxəssislərin qeyd etdiyi kimi, xaricdə yaşayan soydaşlarımızın diaspor quruculuğu  istiqamətində bir neçə mərhələ olmuşdur. Azərbaycanın milli kimliyi və onun varlığı bütün hallarda aparıcı mövzulardan biri olub. Bu gün Azərbaycan diasporu quruculuğu istiqamətində nələr baş verir və nəticə etibarı ilə xaricdəki soydaşlarımız üçün nə deməkdir kimi suallara cavablar aranır. Ona görə ki, hər bir xalqın üzləşdiyi yeni əsrin özünə məxsus tarixi zərurətdən doğan standartları olur. İndiki zamanda bunun elmi konseptual mahiyyəti başlıca cavablardan biri kimi dəyərləndirilir. Ötən əsrin 80-ci illərin sonlarından etibarən diaspor quruculuğu istiqamətində möhtəşəm addımları atanlardan biri də kulturologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru, “Alman-Azərbaycan Cəmiyyəti”nin sədri Çingiz Abdullayev olmuşdur. İndiki dönəmdə diaspor quruculuğunun elmi təsnifatının forma və məzmunu barəsində onun fikirlərini öyrənməyə çalışdıq.

 

– Çingiz müəllim, qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Ən azından ildə bir dəfə xalqımız həmrəylik gününü ənənəvi bayram kimi qarşılayacaq. Sizin fikrinizcə, ildə dəfə və ya il boyu həmrəyliyimizi necə yaşada bilərik?

 – Həmrəylik milli birliyimizin təməl prinsiplərindən biridir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinə qovuşmasının sirri də bundadır. Artıq son iki yüz ildən fərqli olaraq bu dəfə xalqımız 28 ildir dövlət müstəqilliyimizi qoruyub saxlamaqla yanaşı, həm də bu müstəqilliyin inkişafı yönündə dövlət-xalq birliyinə nail olmuşuq. Bu əzəməti duymamaq milli tariximizin dəyərlərini görməzlikdən gəlmək deməkdir. 1830-cu ildən başlayaraq Qafqazda və Azərbaycana məxsus tarixi torpaqlarımızda ermənilərin dalğavari şəkldə məskunlaşdırılması siyasətinin qarşısında xalqımız susmağa və ya taleyi ilə barışmağa məcbur edilirdi. Keçmiş Sovetlər Birliyi dönəmində də bu proses davam etdirilib. 1991-ci ildə müstəqilliyimizə qovuşduqdan sonra Azərbaycan dövlət olaraq işğal siyasətinə qarşı milli həmrəyliyini indiyə kimi davam etməkdədir. Ona görə də bədnam “Dağlıq Qarabağ” rejimi və bədxah qonşumuz Ermənistan heç bir uğura imza ata bilmir. Milli həmrəyliyimizin təməl prinsiplərindən biri də budur. İndi faktiki olaraq, dünyanın dörd bucağında yaranan diaspor təşkilatlarımızın mövcudluğu və onların gördükləri işlər milli həmrəyliyimizin gündəlik fəaliyyətinin böyük bir parçasıdır. İldə bir dəfə, yəni dekabr ayının 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi sadəcə bir gün ərzində bir araya gəlməyimiz kimi başa düşülməməlidir. Həmin günü həm də həmrəyliyimizin hesabatı kimi dəyərləndirmək gərəkdir. Yəni il boyu hansı işlər görüldü, nə kimi uğurlar əldə edə bildik deyə, hesabat veririk. İllər ötdükcə milli həmrəyliyimizin uğurlu şəkildə cilalalnması və inkişafına köklənməliyik.

– Siz həm də diaspor tariximizi peşəkar mütəxəssis kimi bilənlərdən birisiniz.

– Azərbaycan diasporu tarixi bir neçə mərhələyə bölünür. Bu tarixi prosesləri bilmədən bu günümüz və sabahımız üçün möhtəşəm uğurlara imza atmaqda çətinliklərlə üzləşə bilərik. XIX əsrin ortalarından xaricdə təhsil almağa gedən soydaşlarımız daha çox maarifçilik istiqamətində fəaliyyət göstəriblər. Həsən Bəy Zərdabi, Nəcəf Bəy Vəzirov, Əbdürrəhim Bəy Haqverdiyev, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Əhməd Cəfəroğlu, İsgəndər Bəy Rəfibəyli, Yusif Çəmənzəminli, Fətəli Xan Xoyski və digərləri qürbətdə təhsil almaqla yanaşı, tələbə cəmiyyətlərini yaradaraq gəncliyin sabah Azərbaycanımıza nə kimi uğurlar gətirəcəyi barəsində düşünüblər. Ona görə də geri dönən kimi möhtəşəm maarifçilik hərəkatının önündə gediblər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 il bundan öncə yaradılmasının sirri də bundadır. Sovetlər Birliyinin işğalından sonra Azərbaycanın tarixində ikinci mühacirət dönəmi başladı. Bu ərəfədə Almaniya başda olmaqla Fransa, Polşa, Avstriya, Türkiyə, İngiltərə və digər ölkələrdə Azərbaycan mühacirətinin təmsilçiləri qəzet və jurnallar təsis etməklə həmrəyliyimizi nümayiş etdirmişlər. Azərbaycanın taleyi haqqında fikirlərini bölüşmüşlər. “Yеni Qafqasya”, “Azəri Türk”, “Yaşıl yarpaq”, “Оdlu yurd”, “Bildiriş”, “İstiqlal”, “Mücahid”, “Azərbaycan”, “Prometey”, “Birləşik Qafqasya” və s. qəzet və jurnallarda Azərbaycan milli davası işıqlandırılmışdır. İkinci Dünya Müharibəsindən sonra, milli diaspor tariximiz  zəif durumda olmuşdur. Bunun səbəblərindən biri də, köhnə nəsillə yanaşı, gəncliyin bu prosesdə olmamasıdır. 1980-ci illərdən etibarən milli diasporumuz adına böyük bir canlanma müşahidə olunmağa başladı. Tale elə gətirdi ki, bu proseslərdə ilk günlərdən etibarən yaxından iştirak etdim. Almaniyanın Köln şəhərində  1989-cu ilin yanvar ayında azərbaycanlıların ilk toplantısını təşkil etdik. Avropada çoxluq təşkil edən və əslən Güney Azərbaycanlı soydaşlarımız ilk dəfə idi ki, diaspor siyasətində ayaq açmaqla yanaşı, vahid Azərbaycan mədəni birliyinin ideyasını müdafiə etməyə başladılar. “Ana dili”, “Savalan”, “Ərk”, “Azər”, “Qaynarca” (Almaniya), “Xudafərin” (Polşa), “Araz”, “Azərbaycan” (İsveç), “Odlar Ölkəsi”, “Aydınlıq” (İngiltərə), “Odlu vətən” (Belçika), “Dədə Qorqud” (İspaniya) qəzet və jurnallar milli diaspor siyasətimizin aparıcı tribunasına çevrildi. “Qanlı 20 Yanvar” hadisəsindən sonra demək olar ki, xaricdəki soydaşlarımızın arasında milli təşkilatlanma və diaspor işləri də sürət götürdü. Bu KİV-lər Azərbaycanla bağlı  həqiqətləri soydaşlarımız arasında təbliğ edir, digər yandan yerli xalqların ölkəmizə münasibətini formalaşdırırdı. Təbii olaraq bu işlərdən o zamanlar biz qürur duyurduq. Sonrakı mərhələdə milli təşkilatlanma ideyası da gücləndi. Bu məqsədlə diaspor təşkilatlarımızın sayı sürətlə artmağa başladı.

– Sadaladığınız bu tarixi prosesin nəticəsi necə oldu?

– 2001-ci ildə ilk dəfə olaraq dövlət başçısı, prezident Heydər Əliyevin təşəbbüsü ilə tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultaya dünyanın dörd bucağında yaşayan soydaşlarımız, diaspor təşkilatları və ziyalılarımız qatılmışdılar. Bu qurultayda Heydər Əliyevin dahiyanə və uzaqgörən bir ideyası milli doktrinamıza çevrildi: “Fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu ideyanın əsil mənası etnik milliyyətçilikdən vətəndaş milliyyətçiliyinə keçid deməkdir. Yəni milli, dini, sosial və ictimai kimliyindən asılı olmayaraq, hər bir insan bu ölkənin bərabərhüquqlu vətəndaşıdır. Bu ideyanın fəlsəfi, ictimai və elmi mənada anlamı ölkəni özünə vətən sayan və dövlətimizə kimliyindən asılı olmayaraq sədaqətli olan hər kəs azərbaycanlıdır, bununla qürur duymalıdır. Faktiki olaraq, Heydər Əliyevin bu ideyası Avropanın 300 il ərzində keçdiyi vətəndaş cəmiyyəti yolunu bir cümlənin içində özünü ehtiva etmişdir. Onu da əlavə edim ki, Qurultayda möhtəşəm Azərbaycan ruhunun gələcəyini gördüm. Dövlət Diaspor Komitəsi məhz bundan sonra yaradıldı.

– Bu Komitənin yaranmasından düz 17 il keçir. Sizin fikrinizcə nələrə nail olduq.

– Böyük ümidlərlə baxdığımız Komitə təəssüflər olsun ki, yetərincə ciddi uğurlara imza ata bilmədi. Bunun səbəbi keçmiş rəhbərliyi diaspor məsələlərində bir sıra səhvlərə yol verdi. Çünki, dövlət işlərindən daha çox “şəxsi sədaqət” prinsiplərinə üstünlük verilirdi. Cənab prezident İlham Əliyev dəfələrlə ictimaiyyət qarşısında məmur özbaşınalığını  sərt şəkildə tənqid etdikdən sonra, Diaspor Komitəsində köklü kadr dəyişiklikləri və bir sıra islahatlar aparıldı. Bu, keçmiş steoritiplərə bağlı olan “məmur oliqarxiya” idearəetmə sistemindən menecer-texnokrat sisteminə keçid deməkdir. İnkişaf etmiş bütün ölkələrdə bu üsuldan istifadə olunur. İndi ölkəmizin belə bir idarəetmə sisteminə keçməsi yaxın gələcəkdə daha böyük uğurların təməl prinsipi deməkdir. Şəxsən Komitənin keçmiş rəhbərliyinin yarıtmaz işini bir sıra toplantılarda, müsahibələrimdə və müraciətlərimdə tənqidi fikirlərimi çəkinmədən söyləmişəəm. Bu məsələlər sadəcə öz şəxsi fikrim deyil, həm də ictimaiyyətin qarşılaşdığı problemləri qabartmağımla bağlı idi. Çünki, bir ziyalı və alim kimi, cəmiyyət sədri olaraq gündəlik fəaliyyətimdə neqativ halları görür və dilə gətirməyi özümə borc bilirdim. Ötən 17 illik tarixdə soydaşlarımız arasında mənəvi birlik təəssüflər olsun ki, maddi dəyər maraqları çərçivəsinə endirilmişdi.

– Komitənin indiki rəhbərliyinin işində Sizi razı salan nələridir?

– Diaspor Komitəsinin yeni rəhbəri Fuad Muradov və onun komandası gənc olmasına baxmayaraq, vətəndaş cəmiyyəti məsələsində böyük təcrübəyə malikdir. Ötən müddət ərzində rəhbərlik soydaşlarımızla münasibətlərin qurulması, köhnədən miras qalmış bir sıra problemlərin həlli istiqamətində uğurlar əldə edib. Buna örnək kimi Ukraynada fəaliyyət göstərən iki böyük diaspor təşkilatımızın barışması və bir araya gəlməsidir. Eyni zamanda Almaniya və İsveçdə koordinasiya heyətinin yenilənməsi buna örnəkdir. Xaricdə yaşayan soydaşlarımızla görüşlərin təşkili müstəsna əhəmiyyət daşıyır. Avropadakı bir sıra diaspor təşkilatlarının nümayəndələri mənə deyirlər ki, Komitə sədri Fuad Muradov və ya rəhbərlikdə təmsil olunanlar ilk dəfədir ki, səfər zamanı istənilən vətəndaşla açıq və səmimi görüşlər keçirir, onların irəli sürdükləri məsələləri dinləyir və qeydlər aparırlar. Bu da diaspor siyasətimizdə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Əslində dünyanın inkişaf etmiş ölkələrində diaspor Xarici İşlər nazirliyinin tərkibində və ya himayəsində ayrıca satruktur kimi fəaliyyət göstərir. Ona görə ki, diaspor məsələsi bir qədər sərbəst və azad olmağı tələb edir. Hər bir ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyətinə mənəvi və digər dəstəyin verilməsi vətəndaş cəmiyyəti ilə bağlı  fəaliyyətlərə görə dəyərləndirilir.

– Bəs Sizin fikrinizcə diaspor məsələlərində nə etmək lazımdır?

– İstənilən diaspor təşkilatı sərbəst olmalıdır. Çünki, diaspor könüllüklük əsasında fəaliyyət göstərən qurum sayılır. Keçmişin neqativ hallarından biri də o idi ki, xaricdə hansısa bir ailə diaspor adına təşkilat yaradır və möhürünü də evində qoyur, sonra da Azərbaycan Diasporla İş üzrə Komitəsindən maliyyə dəstəyi alaraq, öz yaşam tərzlərini təmin edirdilər. Bu qaranlıq məqamları aradan qaldırmaq üçün, diaspora verilən dəstək şəffaf olmalıdır. Bundan əlavə, uzun illərin təcrübəsinə malik olan bir mütəxəssis kimi onu da qeyd etmək istəyirəm ki, diaspor məsələləri üzrə mütləq bu işin konsepsiyası olmalıdır. Bunun elmi bazası kimi ayrıca “Diaspor İnstitutu” yaradılmalıdır. Diaspor Komitəsinin himayəsində olmaqla ayrıca bir cəmiyyət qurulmalıdır. Misal üçün bunun  rəmzi şəkildə “Azərbaycan Diaspor Təşkilatları Birliyi” adını qoymaq olar. Qərbdə bu tip strukturlara çox önəm verilir. Mənim yaxından tanıdığım Almaniyada “Diaspor Komitəsi” anlayışı yoxdur. Çünki, Qərbdə bu tip komitələrə isti yanaşmırlar. Postsovet məkanında Diaspor Komitəsi, ya da Millətlərlə İş nazirliyi kimi strukturlar mövcuddur. Qərbdə başqa ölkələrdə yaşayan alman, fransız, ingilis, alman, italyan və sair icmalarda milli dilin, mədəniyyətin və sairlərin qorunub saxlanılması istiqamətində ğörülən işlərə dövlət dəstəyi vardır.

–Bayaq “Diaspor İnstitutu” ideyasına toxundunuz. Bu məsələni bir qədər geniş şəkildə açıqlaya bilərsinizmi?

– Mənim təklifim ondan ibarətdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində ayrıca “Diaspor İnstitutu” yaradılsa bu daha yaxşı olar. Dünyanın başqa xalqlarından fərqli olaraq, Azərbaycanın tarixi-coğrafi dəyərləri elmi şəkildə araşdırılmaqla yanaşı, həm də bu prosesin inkişaf yolları ortaya qoyulmalıdır. Çünki, azərbaycanlılar bir millət olaraq, İran, Türkiyə, Əfqanıstan, Özbəkistan, Rusiya, Türkmənistan, Ukrayna və digər ölkələrdə sayca öz tarixi vətənlərində olduğundan daha çoxdurlar. Biz demirik ki, onlar Azərbaycan Respublikasına köçüb gəlsinlər. Onlar yaşadıqları dövlətlərdə sosial zümrə kimi təsir imkanlarımızı ortaya qoya bilərlər. Buna əyani bir misal xatırlatmaq istəyirəm. Gürcüstan parlamentində ermənilər bir neçə dəfə qondarma “erməni soyqırımı”nın tanınması məsələsini qaldırıblar. Ancaq, Gürcüstan vətəndaşı kimi ölkə parlamentində təmsil olunan soydaşlarımız dərhal bunun qarşısını ala biliblər. Rusiyada 2.8 milyona yaxın soydaşımız yaşayır. Rusiya Dövlət Dumasında, Federasiya Şurasında, milli respublikalar və quberniyalarda xalqımızı təmsil edən deputatlarımızın sayını barmaqla göstərmək olar. Ukraynada 450 min nəfər azərbaycanlı yaşayır və onların yerli və ölkə parlamentində bir nəfər də olsun təmsilçisi yoxdur. İsveçdə son dönəmdə parlament və bələdiyyə seçkilərində ilk dəfə olaraq soydaşlarımızın deputat seçilərək qələbə qazanması bizləri sevindirdi. Diaspor siyasətimizdə əsas məsələrdən biri də bu olmalıdır. Ona görə deyirəm ki, “Diaspor İnstitutu” yaradılmalıdır və təcrübəli mütəxəssisləri cəlb etməklə milli problemlərimizin elmi konsepsiyaları hazırlansın.

– Son olaraq xalqımıza və diaspor təşkilatlarımıza nə demək istərdiniz?  

– Qarşıdan Dünya Azərbaycanlılarının Milli Həmrəyliyi Günü gəlir. Unutmayaq ki, bu möhtəşəm bayram ancaq bizim xalqımıza məxsusdur. Həmin gün bütün umu-küsüləri bir yana qoymaqla gerçəkdən həmrəy olaq, bir olaq. Bizim bir dövlət və millət olaraq birliyimiz diriliyimiz deməkdir. Elmi və ictimai təcrübəmə istinad edib bu deyə bilərəm ki, yeni diaspor siyasətində Diaspor Komitəsinin ətrafında birləşərək. Azərbaycan naminə daha geniş mənada bütün ölkələrdə hər bir soydaşımız gördüyü işlərlə Vətənimizə xidmət etsin. Bir də xaricdə yaşayan və elmi potensialı olan soydaşlarımızı bir araya gətirək. Bakıda və ya Avropanın şəhərlərindən birində milli diasporumuzun forumunun keçirilməsi vacibdir.   
 

Xudaferin.eu

15:27