Azərbaycan Mədəniyyət Mərkəzində dərnək və kursların təqdimatı keçirilib

 

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların təqdimatı keçirilib. Təqdimat mərasimində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, elm, mədəniyyət, incəsənət xadimləri, Daşkənddəki internat və orta məktəblərin müəllim və şagirdləri, jurnalistlər iştirak ediblər.
 

Mədəniyyət mərkəzinin direktoru Samir Abbasov məlumat verib ki, mərkəzdə son illər rəqs, rəsm, əl işləri, fortepiano, Azərbaycan dili və kompüter kursları yaradılıb, “Azərbaycan qızları” uşaq rəqs ansamblı fəaliyyət göstərir. Əsas məqsəd Azərbaycan mədəniyyətini və dilini təbliğ etmək, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, habelə yeni-yeni istedadları üzə çıxarmaq və onların fəaliyyətinə stimul verməkdir.

S.Abbasov, həmçinin Azərbaycanda və Özbəkistanda uşaq və yeniyetmələrə göstərilən qayğı, yeni uşaq və internat evlərinin, sağlamlıq və reabilitasiya mərkəzlərinin tikildiyi barədə də danışıb. Daşkənd şəhər İnternat məktəbləri üzrə Əlaqələndirmə Şurasının sədri Oybek Babacanov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib, burada uşaq və yeniyetmələrin öz bacarıqlarını inkişaf etdirmək üçün bütün şəraitin olduğunu qeyd edib.

Sonra kurslarda iştirak edən uşaq və yeniyetmələr Azərbaycana aid şeirlər söyləyiblər. Mərkəzin nəzdindəki kompyuter kursu şagirdlərinin Azərbaycanın tarixi, mədəniyyəti, turizm ehtiyatları, habelə Qarabağın şəhərləri və abidələri barədə hazırladıqları slayd-şou nümayiş olunub. Fortepiano dərnəyinin şagirdləri isə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər. Kurs və dərnəklərdə xüsusi fəallıq göstərən uşaqlara Mədəniyyət Mərkəzinin xüsusi sertifikatları verilib və yeni tədris ili üçün qəbul elan edilib.

Təqdimat mərasiminin sonunda iştirakçılara IDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli film təqdim olunub. Tədbir çərçivəsində Daşkənddə fəaliyyət göstərən internat məktəblərin şagirdləri Azərbaycan milli mətbəxinə qonaq edilib.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

10:10