Azərbaycan kinosu dünya ekranlarında

Yola salmağa hazırlaşdığımız bu il Azərbaycan kinematoqrafiyasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və milli mənəvi dəyərlərin dünyada tanıdılması istiqamətində uğurlu olub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, son bir neçə ildə ölkəmizdə istehsal edilmiş 13 film bu il dünyanın 20 ölkəsində keçirilmiş 38 beynəlxalq kino festivalında 51 dəfə iştirak edərək 20 mükafat qazanıb.

Nazirliyin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsal etdiyi, rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi beynəlxalq festivallarda uğurla nümayiş olunub. Məşhur rus yazıçısı Anton Çexovun “Albalı bağı” pyesinin motivləri əsasında çəkilən film bu il Çexiyada “Karlovı Varı”, Qazaxıstanda “Avrasiya”, Hollandiyada “Film by the Sea”, ABŞ–da 26-cı “Heartland”, Almaniyada Kottbus, Hindistanda 22-ci “Kerala”, Belarusda “Listopad”, Estoniyada 21-ci “Qaranlıq gecələr”, Türkiyədə Malatya, 5-ci Antakya, Misirdə 39-cu Qahirə beynəlxalq film festivallarında, Avstraliya–Asiya və Sakit okean hövzəsi ölkələri Kino Akademiyası mükafatının müsabiqəsində uğur qazanıb. Ekran işi “Young Cinema Award”, “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı kişi roluna görə”, “Ən yaxşı qadın roluna görə”, “Münsiflər heyətinin xüsusi mükafatı”, “Ən yaxşı aktyor” və FIPRESCI (Beynəlxalq Kino Mətbuatı Federasiyası) tərəfindən “Xüsusi vurğulama” mükafatlarına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınan “Qırmızı bağ” filmi də beynəlxalq festivallarda uğur qazanıb. Mirbala Səlimlinin ssenari müəllifi olduğu bu ekran işi Banqladeşdə 15-ci Dəkkə, Türkiyədə Trabzon, Alanya, Bolqarıstanda 9-cu Sofiya MENAR, Avstriyada “LET’S CEE”, Çində 4-cü İpək Yolu beynəlxalq festivallarında, Rusiyada 30-cu “NİKA” Rusiya milli kinematoqrafiya mükafatı müsabiqəsində nümayiş olunub və “Ən yaxşı bədii film”, “Ən yaxşı qadın roluna görə”, “Ən yaxşı kişi roluna görə”, “Münsiflər heyətinin xüsusi mükafatı”nı qazanıb.

Rejissor İlqar Safatın “İçəri şəhər” bədii filmi də laureatlar sırasında olub. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarda təqdim edilən ekran işi ABŞ-da 50-ci “Worldfest Houston”, “SEE Fest”, İspaniyada Madrid, Çində 4-cü İpək Yolu, Hindistanda Pune, Yashwant, Benqaluru, Kozhikode, Kottayam, Nilambur, Türkiyədə Alanya Beynəlxalq film festivalında uğur qazanıb. Film “Ən yaxşı dramatik filmi” nominasiyasında “Qızıl Remi”, “Ən yaxşı qadın rolu” və “Ən yaxşı ikinci plan kişi rolu” mükafatlarına layiq görülüb.

Bir sıra ölkələrdə keçirilən beynəlxalq festivallarda “Çölçü”, “Dərs”, “Üçüncü günün adamı”, “Qara bağ”, “Həddən artıq uyğunluq”, “Hədiyyə”, “Kədərim”, “Yuxarıda və aşağıda” və “Dmitrov küçəsi 86” filmləri də mükafatlar qazanıb.

20:01