“Azərbaycan hökuməti Beynəlxalq Banka görə maliyyə yükünü öz üzərinə götürüb”

 

Mərkəzi Bank 2016-cı ilin maliyyə hesabatını açıqladı. Hesabatdan aydın olur ki, 2016-cı ildə Beynəlxalq Bankın toksik aktivlərinə görə, Mərkəzi Bankın hökumətə verdiyi borcun həcmi ("Aqrarkredit"ə köçürmələr) 7.5 milyard manat olub. 2015-də isə 2.5 milyard manat ayırmışdı. Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.

“Beynəlxalq Bank boyda korrupisya layihəsinə görə, Azərbaycan dövləti 10 milyard manat daxili borca girib”
 

“Hələlik 2 il ərzində Beynəlxalq Bank boyda korrupisya layihəsinə görə, Azərbaycan dövləti 10 milyard manat təkcə daxili borca girib. Neft Fondunun qaytarılması böyük sual altına düşən 1 milyard dollar depozitini də nəzərə alanda Azərbaycan hökuməti az qala bir illik büdcə həcmində Beynəlxalq Banka görə maliyyə yükünü öz üzərinə götürüb. Mərkəz Bank bu vəsaiti 0.15 faizlə 30 illiyə hökumətə təqdim edib”-deyə iqtisadçı qeyd edib.
 

“2016-cı ildə əvvəlki illə müqayisədə Mərkəzi Bankın faiz xərcləri 1700 dəfə artaraq 257.8 milyon manata yüksəlib”

R.Ağayev 2016-cı ildə əvvəlki illə müqayisədə Mərkəzi Bankın faiz xərclərinin 1700 dəfə artaraq 257.8 milyon manata yüksəldiyini də nəzərə çatdırıb: “Faiz xərclərinin belə kəskin artımının səbəbi çox güman ki, kommersiya banklarından cəlb edilən depozitlərə görə ödənişlərdir. Belə ki, 2015-ci ildə banklardan depozit cəlb edilmədiyi halda, 2016-cı ildə 6 milyard manat yaxın kommersiya bankı depozitləri Mərkəzi Bankda yerləşdirilib.

Kredit böhranından dolayı banklar itirdikləri gəlirlərinin bir hissəsini Mərkəzi Bankda yerləşdirdikləri depozitlər hesabına kompensasiya edirlər. Əvəzində isə iqtisadiyyat parasız qalır”.

Şamo
Hurriyyet.org

 

10:12