Azərbaycan gözləyir: Neftə aprel təhlükəsi

 

İlham Şaban: “OPEC sutkalıq 300 min barel neft hasilatını bazardan yığışdıra bilsə, həmin 50 dollarlıq qiymət qalacaq”

Natiq Cəfərli: “Artım Amerikada gedən proseslərlə bağlıdır”

Dünya bazarlarında neftin qiyməti son günlər artan xətt üzrə gedir. Martın 29-da London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrindən sonra London birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,29 faiz artaraq bir barelə görə 51,48 dollar olub. Nyu-York birjasında WTI neftinin bir bareli 0,39 faiz bahalaşaraq 48,56 dollara satılıb. Bəzi beynəlxalq reytinq agentliklərinin neftin qiymətinin 35-45 dollara qədər azalması barədə verdiyi proqnozlar özünü doğrultmadı.Amma neftin qiymətinin artması, ekspertləri ümidləndirmir.Onlar qarşıdakı aylarda neftin qiymətinin azalacağı istiqamətində proqnozlar verir.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, neftin qiymətində olan artım və azalma OPEC üzvü ölkələrin bəyanatlarından doğan və birjalara təsir edən amillərlə bağlıdır: “Bazarda hər hansı ciddi dəyişiklik baş vermir. Ötən il mart ayının 30-da OPEK üzvü ölkələr - hansılar ki, yeni kvotaların tətbiq edilməsilə bağlı razılığa gəlmişdilər, nəticədə neftin qiyməti 55 dollarlıq bir dəhlizə çatmışdı. Bundan sonrakı dövrdə neftin qiyməti 55-60 dollar arasında cərəyan edirdi.Razılaşma mərasimi və yanvar ayından tətbiq edilən kvotalardan artıq 3 aya yaxın vaxt keçir.Bundan sonra neftin qiyməti 50-55 dollara düşdü.Real olaraq növbəti mərhələdə OPEC ölkələri enerji nazirlərinin, eləcə də hökumət başçılarının bəyanatları bəs edib ki, bazarda canlanma yaransın. OPEC-in növbəti görüş may ayına planlaşdırılır. Artıq üzv ölkələrin səlahiyyətliləri çıxışlarında qeyd edirlər ki, daha radikal addımlar atmaq istəyirlər.Onlar bazardakı vəziyyətdən öz narahatçılıqlarını bildirir, neftin qiymətinin 50 dollardan aşığı düşməsilə barışmadıqlarını dilə gətirirlər.Bu, yaxşı haldır.Çünki bazar iştirakçılarının öz maraqlarını qoruyub saxlaması üçün neftin qiymətinin stabil olaraq 50 dollardan yuxarı olmasında addımların atılması bazar üçün pozitiv siqnaldır.Belə olan halda neftin qiyməti artır.Baxmayaraq ki, bunun bazarda alqı-satqıya elə bir əhəmiyyəti yoxdur.Nə qədər pozitiv siqnal olacaqsa, ona adekvat qiymət də olacaq.Ancaq proqnozlaşdırıram ki, aprel ayında neftin qiymətləri azalmağa doğru gedəcək”.

Ekspert onu da qeyd edib ki, OPEC toplantısından sonra üç ay zaman keçib. İlham Şaban xatırladıb ki, həmin dövrlərdə dekabr, yanvar və fevral aylarında neftin qiyməti 55 dolardan yuxarı olub: “Noyabr ayında neftin qiyməti 44 dollar olub. Hər 1 dollar OPEC ölkələrinə 100 milyonlarla əlavə mənfəət gətirir.Bu göstəricini adi hesab etmək lazım deyil.Ölkələr bundan bir ayın içərisində milyardlarla gəlir götürür.İraq kimi bir ölkə bir ayın içərisində 7-8 milyard pul qazandı.Bunu bir ilə vuranda 100 milyarda yaxın pul edir.Hələ ki, bazarda böyük bir təlatüm yoxdur.İlin əvvəlində Amerika 8.94 milyon barel neft hasil etmişdi.Hazırda isə 9.1 milyon barel neft hasil edib.Yəni, böyük bir sıçrayış yoxdur.Bu, onun hesabına olur ki, neftin qiymətləri artır və şist neft hasilatını artırır.İlin axırında qədər neftin qiyməti stabil olaraq 50 dollar ətrafında olsa, Amerika 9.14 milyon barelə qədər neft hasilatını artıracaq.Deməli, əgər OPEC sutkalıq 300 min barel neft hasilatını bazardan yığışdıra bilsə, həmin 50 dollarlıq qiymət qalacaq.Bu, çox normal bir haldır.Bunu bacarmaq lazımdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında, neftin qiyməti haqqında fikir yürüdərkən günlük yox, həftəlik, aylıq trendlərə fikir verməyin daha məqsədəuyğun olduğunu bildirib: “Çünki gündəlik müəyyən dəyişikliklər olur, amma həftəlik və aylıq baxanda dəyişiklik tendensiyanın hansı yöndə olduğunu daha aydın görmək mümkündür. Son bir ayda neftin qiymətində təqribən 12-14 faiz arasında azalmalar müşahidə olunur. Bir ay öncə brent markalı neft 57-58 dollara yaxın qalxmışdı. İndi 51 dollar civarındadır.Son bir-iki gündə neftin qiymətində cüzi də olsa, artım qeydə alınıb.Bunun əsas səbəbi Amerikada gedən proseslərlə bağlıdır.Çünki prezident Donald Trampın iki qanun layihəsi konqresdən keçmədi.Bu da dünya yatırımçılarına belə bir mesaj oldu ki, Tramp vergi güzəştləri və iqtisadi artımla bağlı verdiyi vədləri yerinə yetirməkdə çətinliklərlə üzləşəcək.Bu da dünyada dolları təqribən 2 faizə yaxın ucuzlaşdırdı.Dolların indeksi 101 punktdan 99 punkta qədər endi.Dolların dünyada ucuzlaşması, neftin qiymətinin artmasına səbəb oldu”.

Ekspert həmçinin martın 29-da Bakı vaxtı ilə 18:30-da maraqlı bir statistika açıqlanacağını da qeyd edib: “Bu, Amerikada neftin həftəlik hasilat və ehtiyat həcmlərilə bağlı statistikadır. Böyük ehtimalla hər iki həcmdə böyük artımlar gözlənilir. Çox güman ki, günün sonunda neftin qiymətində növbəti enməni müşahidə edəcəyik.OPEC-in hasilatın azaldılması ilə bağlı verdiyi qərar bazarlarda bu effekti yaratmır.Əsas hədəf Amerikada gedən proseslərdir.Amerika OPEC-in qərarından öncə 8 milyon barel neft hasil edirdi.Bu gün 9 milyondan artıq neft hasil edir.Həftəlik artım təqribən 30-40 min barel oldu.Bu da onu deməyə əsas verir ki, Amerika baxımından gözləntilər özünü doğruldur.Növbəti mərhələlərdə də Amerikanın bu siyasəti davam etdirəcəyi gözlənilir”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

06:20